Amerika azərbaycanlıları Riçard Morninqstarın ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizədliyinə dəstək bildirir. ABŞ azərbaycanlıların şəbəkəsi USAN Morninqstarın namizədliyinin dəstəklənməsi məqsədilə məktub kampaniyası keçirir.
USAN Amerikadakı Azərbaycan diaspor üzvlərini onların yaşadıqları ştatları təmsil edən senatorlara məktub göndərməyə çağırır. Məktubda Azərbaycanda ABŞ səfiri postuna təyinatın tez bir zamanda edilməsinin əhəmiyyəti vurğulanır. Burada Riçard Morninqstarın region üzrə ekspert olduğu və ABŞ Dövlət Departamentində yüksək vəzifələr tutduğu qeyd edilir. Senatorlara ünvanlanan məktubda deyilir ki, Amerikada yaşayan azərbaycanlılar strateji tərəfdaş olan iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verir və hesab edir ki, bu münasibətlərin çiçəklənməsi və dərinləşməsi fəal və regionu yaxşı tanıyan bir səfir olmadan mümkün deyil.
Məktubda senatorlar Metyu Brayzanın səfir vəzifəsinə təyinatı ilə bağlı yaranmış vəziyyətin təkrar olmasına yol verməməyə çağırılır. ABŞ prezidenti Barak Obama Dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini aprel ayında irəli sürmüşdür.
Səfir Morninqstar prezident Klinton administrasiyası dövrü Birləşmiş Ştatların Avrasiya regionunda energetika məsələləri üzrə xüsusi nümayəndəsi olmuşdur. O bu vəzifədə prezident Obamanın Konqres tətildə olduğu vaxt ona konstitusiya ilə verilmiş xüsusi səlahiyyətdən istifadə edərək səfir təyin etdiyi Metyu Brayzanı əvəz edəcək.
Metyu Brayza ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsini bir il müddətinə yerinə yetirdikdən sonra Konqresdə namizədliyinin təsdiqlənməməsi səbəbi ilə 2012-ci ildə yanvar ayında səlahiyyətlərini başa vurub geri qayıtmışdır. Onun namizədliyi Senatın Xarici Əlaqələr Komitəsinin üzvləri olan senatorlar Barbara Bokser və Robert Menendes tərəfindən blok edilmişdir.