Kanadanın paytaxtı Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdləri bu yaxınlarda parlamentdə keçirilən beynəlxalq tədbirə qatılıblar.
“Qarabağ” məktəbinin təsisçilərindən biri, Azərbaycan dilini məktəbdə tədris edən Vüsalə Əhmədova Amerikanın Səsinə azərbaycanlı uşaqların Kanada parlamentində böyük uğurla çıxış etdiyini bildirib.
Vüsalə Əhmədova:”Qarabağ Azərbaycan dili məktəbi 2011-ci ilin senatyabrından fəaliyyət göstərməyə başlayıb. Məktəb Ottava şəhərində yaşayan qadınlar, Nigar Əliyeva və mən Vüsalə Əhmədova tərəfindən yaradılıb. Bizim məktəbimiz Ottavadakı fransız katolik məktəbinin şurasının tərkibindədir. Onlar bizə dəstək verir. Yeddi şagirdlə başlamışdıq, hal-hazırda məktəbdə 13 şagird var. Məktəbdə Azərbaycan mədəniyyəti, dili və tarixini uşaqlara öyrədirik. Bundan başqa, Azərbaycan dilində mahnılar, Azərbaycan rəqsləri, milli-adət və ənənələrimizi öyrətməyə çalışırıq. Bizim uşaqlar hər il olduğu kimi, bu il də Novruz bayramını, Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü, Respublika gününü təntənəli şəkildə qeyd edir. Həm də bizi parlamentə dəvət etdilər ki, beynəlxalq məktəblərin çıxışını istədilər. Orada bir neçə beynəlxalq məktəb çıxış etmişdi, Çin, ərəb məktəbi. Bizi də dəvət etdilər ki, uşaqlarımız orada çıxış etsin və mahnılarımızı oxumaqla, çıxış etməklə Ottavaya gələn turistlər, partlamentdəki işçilər və ümumiyyətlə Ottava ictimaiyyətində Azərbaycan haqda təsəvvür yaransın. Uşaqlar çox böyük həvəslə, qürurla çıxış etdilər. Onu da qeyd edim ki, ən gözəl geyim, ən gözəl çıxış olaraq Azərbaycan məktəbi qarşılandı. Hamı bizi təbrik etməyə gəldi ki, çox gözəl çıxış etmisiniz. Çox adam heç Azərbaycanın harada olduğunu, Azərbaycan kəlməsinin nə olduğunu bilmirdi. Uşaqlar vətənimizi çox gözəl, qürurla təmsil etdilər.”
Vüsalə Əhmədova məktəbin fəaliyyəti haqda da danışarkən Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi və köməyini xüsusi qeyd edib.
Vüsalə Əhmədova:”Dərslər hər həftənin şənbə günü 12:30-la 3 arasında aparılır. Məktəbin müəllimi hələ ki mənəm. Cəmi 10 uşaq olduğu üçün bir müəllim və bir köməkçi müəllim var, Elnarə Əhmədova. Mən olmayanda, bəzən də bayramlarda o məni əvəz edir. Rəqslərdə də Nigar Əliyeva kömək edir. Məktəbdə biz hazırda ikinci sinif dərslərini keçirik. Sağ olsun Azərbaycanın Ottavadakı səfirliyi bizə dəstək verir. Milli kostyumlar, dərsliklər, milli aksessuarların təmin olunmasında bir nömrəli dəstəkçimizdir. Azərbaycanda dərs nə səviyyədə keçilirsə, biz də çalışırıq o səviyyədə keçək. Dərs həftədə bir dəfədir. Tam 100 faiz hər işi görə bilməsək də, 50 faizini, əlimizdən gələni öyrətməyə çalışırıq. Yaş qrupu 4 yaşla 16 yaş arasındadır, dərslər də pulsuz olaraq keçirilir.
“Qarabağ” Azərbaycan dili məktəbinin həmtəsisçisi Vüsalə Əhmədova deyir ki, məktəbin açılması Azərbaycan icma üzvlərini bir-birinə daha da yaxınlaşdırıb.
Vüsalə Əhmədova:”Bizim burada icmamız var. Burada yaşayan azərbaycanlıların hamısı yaxşı vəzifələrdə işləyir. Dentist, menecer kimi çalışan azərbaycanlılar var. Onların yaşayış səviyyəsi yaxşıdır. Bayramları birlikdə keçririk. Azərbaycan icma üzvlərinin sayı başqa şəhərlərdə olduğu kimi çox deyil, amma burada da yaşayan azərbaycanlılar var. Məktəbin açılması ilə bir-birimizi daha çox görürük. Əlaqələrimiz daha sıxlaşıb. Biz çalışırıq məktəbi daha çox reklam edək ki, daha çox azərbaycanlı ətrafımızda birləşsin və məktəbimizin şagirldlərinin sayı çoxalmış olsun.”