Amerika mədəniyyəti, pop musiqi, caz, Hollivud filmləri illər uzunu xarici ölkələrlə əlaqə yaradılmasında əsas vasitə kimi çıxış edib. İndi isə amerikalıların dünya mədəniyyəti ilə daha yaxından tanışlığı üçün ictimai və mədəni diplomatiya müstəsna rola malikdir. ABŞ-da yaşayan diaspor üzvləri və qeyri-hökumət təşkilatları bu missiyanın həyata keçirilməsinə böyük töhfə verə bilərlər. ABŞ-ın Qarabağ Fondunun “Diplomatiya diqqət mərkəzində, Azərbaycan mədəniyyətini diqqət mərkəzinə necə gətirməliyik?” mövzusunda keçirdiyi konfransda bu yanaşma tərzi və onun verə biləcək nəticələr müzakirə olunub.
Fondun icraedici direktoru Dayana Kohen Altman Amerikada Azərbaycanın tanıdılması səyləri və görülən işlərdən danışıb. O mədəni diplomatiyanın əsas yollarından biri kimi mübadilənin, insanlar arasında təmasların əhəmiyyətini qeyd edib. Dayana Kohen ABŞ-da Azərbaycanın mədəniyyətinin tanıdılması üçün muğam sənətindən tutmuş, mətbəx ənənələrinə qədər ölkənin zəngin mədəniyyətinin amerikalılara müxtəlif vasitələrlə təqdim edildiyini bildirib. “Azərbaycan muğamı haqda “ağlayan kişi” videosunu qeyd etmək istəyirəm. Həyatında heç vaxt muğam musiqisini dinləməyən bu amerikalı Azərbaycan musiqisindən riqqətə gəlib, göz yaşlarını saxlaya bilməmişdi. Buna görə biz videoya bu adı vermişik”-deyə o toplaşanlara bildirib.
Dayana Kohen Altman Qarabağ Fondunun sponsorluğu ilə nəşr edilmiş “Qarabağ mətbəxi” kitabının Azərbaycan mətbəx ənənələrini amerikallara tanıtmaq üçün gözəl bir imkan yaratdığını qeyd edib.
Qarabağ Fondunun həmsədri, ABŞ Azərbaycanlıları şəbəkəsinin həmtəsisçisi Adil Bağırov ABŞ hökumətinin Amerikadakı diaspor üzvlərinin beynəlxalq münasibətlərin dərinləşməsində oynadığı rola verdiyi əhəmiyyətdən danışıb. O, diaspor üzvlərinin təkcə iqtisadi deyil, siyasi münasibətlərdə, eləcə də demokratiya və şəffaflığın artırılması işinə göstərə biləcəyi təsirləri qeyd edib. Adil Bağırov Amerikada Azərbaycan diasporunun sayca artdığını, azərbaycanlıların Amerikanın ictimai-siyasi həyatında getdikcə daha fəal iştirak etməyə başladığını bildirib.
Smitsonian institutunu folklor proqramlarının direktoru Ceyms Döyç Azərbaycanın Smitsonian festivallarında iştirakı haqda məlumat verib. Doktor Döyç festivalın əsas missiyalarından birinin maarifləndirmə olduğunu və amerikalıların ilk dəfə Azərbaycan mədəniyyəti ilə muğam vasitəsilə tanış olduğunu qeyd edib.
Azərbaycanı festivalda ilk dəfə 2002-ci ildə dünya şöhrətli violençelist Yo Yo Manın “İpək Yolu” ansamblının üzvü olan Alim Qasımov təmsil edib.
2012-ci ildə isə Smitsonian festivalında açılmış Azərbaycan yeməkləri pavilyonu amerikalılara Azərbaycan mətbəxi ilə tanışlıq imkanı verdi. Azərbaycan yeməkləri Smitsonian festivalının ən populyar yemək pavilyonu olmuşdu.
Qarabağ Fondunun təşkil etdiyi müzakirələrdə çıxış edən doktor Əli Safyurt və Türkiyənin amerikalı dostları cəmiyyətinin icraçı direktoru Elizabet Şelton amerikalıların ölkədə yaşayan müxtəlif xalqların mədəniyyəti haqda maarifləndirilməsinin əhəmiyyətindən danışıblar.
Doktor Elizabet Şelton ABŞ-ın dünya ölkələri ilə əlaqələrində hökumətlərarası münasibətlərin həcminin daha artıq olduğunu bildirərək, insanlar arasında münasibətlərdə mədəni diplomatiyanın oynadığı rolun və göstərə biləcəyi təsirin böyük əhəmiyyətini qeyd edib.
Qarabağ Fondunun qərargahında təşkil edilən müzakirələr Vaşinqtonda üçüncü Qlobal Diaspor konfransı çərçivəsində keçirilib.