Üzeyir Hacıbəyovun “Arşın Mal Alan” operettası ilk dəfə olaraq ABŞ-ın Kaliforniya ştatında səhnəyə qoyulacaq. Bu haqda məlumatı Azərbaycanın Los Ancelesdəki baş konsulluğu açıqlayıb.
Məlumatda deyilir ki, müsəlman dünyasında ilk operetta olan “Arşın Mal Alan” 100 ildir dünyanın 60-dan çox ölkəsində bir sıra dillərdə tamaşaya qoyulub.
Bu il isə tamaşanın səhnəyə qoyulmasının 100 illiyi münasibətilə “Arşın Mal Alan” Los Anceles şəhərinin Doroti Şandler (Dorothy Chandler) musiqi mərkəzində səhnəyə qoyulacaq. Tamaşada əsas partiyaları ABŞ-ın opera müğənniləri Azərbaycanda dilində ifa edəcək, dialoqlar isə ingilis dilində aparılacaq.
Tamaşada Gülçöhrə partiyasını ABŞ-ın tanınmış opera müğənnisi Eş Lindsi ifa edəcək. Teatr tənqidçiləri onun səsinə olduqca yüksək qiymət verərək “pianissimo ustası” adlandırırlar.
Operettanın quruluşçu-rejissoru isə Amerikada tanınmış bəstəkar Maykl Şnakdır (Michael Schnak). O, Eş Lindsinin Gülçöhrə partiyasını ifa etdiyi tamaşanı 2006-cı ildə Vyanada səhnələşdirmişdi.
Bu, “Arşın Mal Alan” musiqili komediyasının ABŞ-da belə yüksək səviyyədə ingilis dilində ilk səhnə debütü olacaq.