Uşaqlıqda hindtoyuğunu sevmirdim. Düzü başa düşmürdüm ki, əgər quşdursa nə üçün uçmur, üstəlik də bütün günü deyinir, təkəbbürlü-təkəbbürlü həyətdə gəzir. Hər dəfə kəndə bibimgilə gedəndə ətrafında cücələrlə gəzən toyuqlara baxırdım və fikriləşirdim ki, uça bilməməsi bir tərəfə, heç balalarını başəna da yığmaq istəmir.
Bunu deməyə səbəb də tapırdım. Hər il hindtoyuğu cücə çıxaranda mənim əziz bibim bütün işlərdən ayrılıb onlara qulluq edirdi. Mən bibimlə söhbət etmək, onunla bağda-bostanda olmaq arzusunda olduğum zaman o, gecə-gündüz hindtoyuğunun cücələrini bəsləyirdi.
Toyuqların gözəl sarı cücələləri anaları ilə birlikdə həyətdə-bacada gəzəndə, hindtoyuğunun boynu uzun çirkin cücələri onlar üçün düzəldilmiş böyük bir qutuda güclü işıq şüaları altında sevgi və diqqəti bibimim o qayğıkeş əllərindən alırdı. Ana hindtoyuğu isə yenə də hamını burunlaya-burunlaya həyətdə gəzişirdi.
Bütün bunlardan özümə bir nəticə çıxarmışdım:”Mən bu təkəbbürlü, acıqlı quşu yemək şərəfindən məhrum etməliyəm”. Beləliklə də uşaqlıqda heç vaxt hindtoyuğu yemirdim.
Mən o zaman bilmirdim ki, bir vaxt bu sevmədiyim quş mənim həyatımda başqa bir məna daşıyacaq, şükranlıq hissini təkcə yaşadığım deyil, ifadə etdiyim gündə hindtoyuğu mənim evimin ən şərəfli qonağı, süfrəmin yaraşığı olacaq.
Hər il Amerikada milyonlarla insan kimi mən də Şükranlıq gününü bütün atributları ilə qeyd edirəm; süfrədə hindtoyuğu, quşüzümü sousu, qabaq püresi, meyvə və tərəvəzlə. Hindtoyuğu Şükranlıq gününün simvoludur. 400 il əvvəl yerli hindlilər Avropadan gəlmələri bəlkə də hindtoyuğu deyil, çox güman ki, qaz, ya da ördək ətinə qonaq ediblər. Amma bu önəmli deyil.
Şükranlıq günü ailə üzvləri, əziz və yaxın insanlar bir yerə toplaşır, birlikdə şam edir. Mənim də dostlarım və mənə özünü yaxın bilən insanlar bu gün bizim evə toplaşır. Bu anlar bizi bir-birimizə daha da yaxınlaşdırır, süfrə arxasında əslində, yeməyi deyil, şükran olduğumuz anları bölüşürük.
Mən hesab edirəm ki, şükran olmağı bacaran insanlar xoşbəxtdir. İlin bu bir gününü isə yaxın insanlarla şükran olmağın mutluluğunu birlikdə yaşaya bilirsən. Və bir zamanlar sevmədiyim o hindtoyuğu bu anların indi həm şahidi, həm də səbəbkarıdır.