Şükranlıq günü yazısına çoxlu suallar və şərhlər vermisiniz və ən başlıcası da bəyənmisiniz. Çox sağ olun. Təşəkkür etmək üçün mənə daha bir gözəl imkan verdiniz!
Şükranlıq gününün nə bayramı olduğunu soruşanlar üçün.
Hər il Amerikada noyabr ayının sonuncu cümə axşamı Şükranlıq günü qeyd edilir. Tarixə görə, 1621-ci ildə İngiltərədən köçmüş və Amerikada hazırda Massaçusets ştatının ərazisində birinci çətin ilə tab gətirə bilmiş təxminən 50 adam yerli hindlilərlə məhsul yığımını bayram edib. Gəlmələr və yerlilər birlikdə yemək yeyib, çörək kəsiblər və şükran ediblər.
Zaman keçdikcə Şükranlıq günü amerikalılar üçün daha geniş məna kəsb etməyə başlayıb. Şükranlıq gününün əsas rəmzi olan məhsul və dostluğu qeyd etməklə yanaşı, amerikalılar azadlıqlar, dəyərlər və imkanları da bu gün xüsusi qeyd edir.
ABŞ-ın ilk prezidenti olmuş Corc Vaşinqton 1789-cu ildə Şükranlıq gününü milli bayram elan etmişdir. 1863-cü ildən etibarən Şükranlıq günü ABŞ-da ölkə miqyasında qeyd edilir.
Şükranlıq günü bayram süfrəsini hindtoyuğu, şirin kartof, qabaq, qarğıdalı çörəyi və quşüzümü sousu bəzəyir.
Hindtoyuğu ingilis dilində niyə “turkey” adlanır? Həqiqətən də çox maraqlıdır.
Avropalılar yeni qitəyə, Amerikaya gələndə burada gördükləri quşu səhvən onlara məlum “quineafowl“(firəng toyuğu) adlı quşa oxşatmışlar. Firəngtoyuğu Türkiyədən Şərqi Avropaya gətirildiyi üçün türk toyuğu da adlandırılır. Avropalılar Amerikadakı quşa ingilis dilində “turkey fowl” deyil, qısadılmış şəkildə “turkey” deməyə başlamışlar.