ABŞ-da fəaliyyət göstərən Türk və Azərbaycan diaspor qrupları 20 Yanvar kampaniyası çərçivəsində Amerika qanunvericilərinə mətktublar göndərir.
ABŞ-da yaşayan azərbaycanlılıarın şəbəkəsi USAN-ın 20 Yanvar hadisələrinin 22-ci ildöünümü münasibətilə diaspor üzvlərinə ünvanladığı müraciətdə1990-cı ilin yanvar ayının 20-də 26 min nəfərlik sovet ordusunun Azərbaycana yeridildiyi, sovet silahlı hissələrinin günahsız Azərbaycan vətəndaşlarına hücum etdiyi, qanlı hadisələrdə 170 adamın həlak olduğu, 321 nəfərin itkin düşdüyü və 700-dən çox adamın yaralandığı qeyd edilir.
Amerika-Azərbaycan Şurası Pax Turcica və Amerika-Azərbaycan Cəmiyyəti tərəfindən aparılan məktub kampaniyası çərçivəsində isə Azərbaycanda 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinin anılması məqsədilə Türk və Azərbaycan icma üzvləri amerikalı qanunvericilər və media nümayəndələrinə məktub göndərməyə çağırılır.
Müraciət məktublarında beynəlxalq Human Rights Watch təşkilatının hadisələrlə bağlı hesabatında yazdıqları qeyd edilir. Burada deyilir:”Sovet ordusunun yanvarın 19-dan 20-ə keçən gecə törətdikləri zorakılıqlar azərbaycanlıların göstərdiyi müqavimətlə o dərəcədə qeyri-proporsional idi ki, bunu kollektiv cəzalandırma adlandırmaq olar.”
Azərbaycan və Türk Diaspor təşkilatlarının məktublarında deyilir ki, 22 il keçdikdən sonra “Qara Yanvar” adı ilə tanınan faciəli hadisələrin əhəmiyyəti bu gün də eyni olaraq qalır. Burada qeyd edilir ki, hər il milyonlarla azərbaycanlı öz həyatını müstəqillik naminə qurban vermiş həmvətənlərinin xatirəsini anmaq üçün Bakıda Şəhidlər Xiyabanını ziyarət edir.
Amerikadakı Azərbaycan və Türk diaspor təşkilatları ABŞ-da yaşayan icma üzvlərini 20 yanvar hadisələrinin qurbanlarının xatirəsini bir dəqiqə sükutla anmaq üçün təmsil olunduqları ştatlardan seçilmiş konqresmenlər və senatorlara məktub göndərməyə çağırır.