Posted March 21st, 2011 at 12:09 pm (UTC-5)
Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi martın 20-də Novruz bayramı münasibətilə böyük bayram şənliyi keçirib. Amerika azərbaycanlılarının ən çox sevdiyi və böyük məhəbbətlə qeyd etdiyi Novruz şənliyinə bu il 250-dən artıq adam toplaşmışdı. Ənənəvi Novruz şənliyinə paytaxt Vaşinqton, Merilend, Virciniya və Delaver ştatları ilə yanaşı, ABŞ-ın başqa ştatlarında yaşayan həmvətənlərimiz də qatılmışdı. Qonaqlar üçün xüsusi konsert proqramı hazırlanmış, milli nemətlərlə bəzədilmiş bayram süfrəsi açılmışdır. Məşhur kaman ustası İmamyar Həsənovun çalğısı, ABŞ-ın“İpək Yolu” ansamblının ifa etdiyi Azərbaycan rəqsləri şənliyə xüsusi əhval-ruhiyyə gətirdi. Novruz ənənələrinə uyğun olaraq Bahar qız qonaqları təbrik edib, onlarla rəqs etdi. Balacalar isə Azərbaycan dilində öyrəndikləri şerləri əzbər söylədi. Qonaqlar arasında rəqs müsabiqəsi keçirildi və qaliblərə hədiyyələr verildi. Novruz şənliyinin təşkilində çox fəal iştirak edən gənclər isə bayram tonqalı qalamış və tonqalın üzərindən tullanmışdır. Gənclər Novruz şənliyinə toplaşanları tonqal ətrafında yallı rəqsinə dəvət etmişdir.