Fevral ayının son həftəsi Amerika Birləşmiş Ştatlarında yaşayan həmvətənlərimiz Xocalı faciəsinin 19-cu ildönümünü qeyd edirdi. Bu münasibətlə paytaxt Vaşinqton və Los-Anceles şəhərlərində türk jurnalisti Cem Oğuzun “Qaçqın:Anar Usubovun həyat tarixi” adlı sənədli filminin premyerası keçirildi.
Sənədli film1992-ci il fevralın 26-da Xocalıda faciəli hadisələr baş verən zaman 8 yaşı olan Anar Usubovun taleyindən bəhs edir. Anar ailəsi və Xocalının başqa sakinləri ilə birlikdə Xocalıdan çıxa bilib. Lakin 19 il keçəndən sonra nə onun özü, nə də ailəsi o hadisələri unuda bilmir.
Xocalı, Ağdam, Naftalan, Bakı…….Xocalı qaçqını Anar Usubovun sonu olmayan yolundakı dayanacaqlar….. Bu yolun sonu haradadır? Bir gün o və onun ailə üzvləri doğma torpağa qayıda biləcəkmi? Bu suallara hələlik nə Anar özü, nə də filmin yaradıcısı Cem Oğuz cavab verə bilmir. Lakin Cem Oğuz ümid edir ki, bu uzun yolun sonunda bir işıq olacaq.
Cem Oğuz deyir ki, bu filmlə Xocalı faciəsi haqda dünya ölkələrində insanları məlumatlandırmaq istəyib.
“Qaçqın” Azərbaycan və ingilis dillərində çəkilib. Cem Oğuz sənədli filmi beynəlxalq müsabiqələrə təqdim etməyi planlaşdırır.
Filmdən bir hissəni bu linkdə izləyə bilərsiniz