ABŞ Dövlət katibi Hillari Klinton martın 20-də Novruz bayramı münasibətilə təbrik mesajı göndərib. “Mən də prezident Obamaya qoşularaq Novruz bayramını qeyd edən amerikalılar, əfqanlar, kürdlər, azərbaycanlılar, iranlılar və Mərkəzi Asiya xalqlarına ən xoş arzularımı çatdırıram”-deyə təbrikdə deyilir.
Bu il Novruz bayramının qeyd edildiyi zaman Yaxın Şərqdə baş verən hadisələrə işarə edən xanım Klinton bildirib ki, ABŞ regionda insan hüquqları və insan ləyaqətinin dinc ifadə edildiyi nümayişlərə yüksək qiymət verir. “Biz bütün dünyada Novruzun gətirdiyi imkanları qarşılayan və onun dəyərlərini müdafiə edən insanlara qoşuluruq. Bu ilin sizin üçün yeni ümidlərlə və universal hüquqlarımız olan insan hüquqları və fundamental azadlıqlara dair yeni təəhhüdlərlə dolu olmasını arzulayıram”-deyə xanım Klinton bildirib.
Bu, artıq ikinci ildir ki, ABŞ Dövlət katibi Novruz münasibətilə təbrik mesajında bu bayramın azərbaycanlılar tərəfindən qeyd edildiyini vurğulayır. ABŞ-da yaşayan azərbaycanlılar Birləşmiş Ştatlar prezidentinin illik Novruz mesajında Azərbaycanın da qeyd edilməsinə nail olmaq üçün dörd ildir kampaniya aparır.
Prezident Barak Obamanın martın 20-də Novruz münasibətilə açıqladığı video mesajında bu il də Azərbaycan qeyd edilməyib.