Nyu-York şəhərinin Bruklin dairəsinin prezidenti Marti Markovitsin imzaladığı bəyannamədə bu dairədə yaşayan azərbaycanlıların Azərbaycan tarixini qoruyub saxlayaraq, Azərbaycan irsi və mədəniyyətinə maraq yaradıb, bunların öyrənilməsi və qiymətləndirilməsi istiqamətində gördüyü işlərə yüksək qiymət verilir. Dairə prezidenti bruklinlilər adından azərbaycanlıları təbrik edərək, mayın 28-i dairədə Azərbaycan Demokratik Respublikasının yaradılmasının 93-cü ildönümünün bayram edildiyini bəyan etmişdir.
Nyu-York şəhərinin Kvins inzibati dairəsinin prezidenti Helen Marşal da mayın 28-nin Azərbaycanın Respublika günü elan edilməsi haqda bəyannamə imzalayıb. Sənəddə deyilir ki, Amerika vətənpərvərləri İnqilabi müharibədə istiqlaliyyət uğrunda mübarizə apardığı kimi, Azərbaycan xalqı da 1918-ci ildə öz azadlıq arzularını 23 ay gerçəkləşdirməyə nail olmuşdur.
Bəyannamələr Amerikada Azərbaycan Cəmiyyətinin (ASA) adına göndərilmişdir.
Mayın 28-i Azərbaycan Demokratik Respublikasının 93-cü ildönümü münasibətilə Nyu-Yorkun Manhetten hissəsində yerli vaxtla səhər saat 10-da Azərbaycan bayrağının ucaldılması mərasimi keçiriləcək.