Kanadanın Vankuver şəhərinin azərbaycanlı icmasının üzvləri mayın 28-də Azərbaycan Demokratik Respublikasının 93-cü ildönümünü qeyd ediblər.
Bu il Vankuver şəhərinin meri Qreqor Robertson mayın 28-ni şəhərdə Azərbaycanın Milli Günü elan etmişdir. Merin imzaladığı bəyannamədə Azərbaycan Demokratik Respublikasının dünya tarixində ilk dünyəvi müsəlman parlamentar respublika olduğu, hər il dünya azərbaycanlılarının may ayının 28-də Azərbaycanın Milli Gününü qeyd etdiyi bildirilir.
Tədbirə toplaşan azərbaycanlılar Vankuver şəhərinin meri Qreqor Robertsona mayın 28-ni Azərbaycanın Milli Günü elan etdiyinə görə təşəkkürlərini bildiriblər. Azərbaycan icmasının üzvlərinin sözlərinə görə, bəyannamə Vankuver şəhərinin merinin Kanadanın hüdudlarından kənarda azadlıq və demokratiyaya dəstəyini nümayiş etdirir.
Tədbir iştirakçıları Azərbaycan Demokratik Respublikasının əsasında qurulduğu fundamental ideyalar və prinsiplərə sadiq qaldıqlarını da bildiriblər. Tədbirdə”Azərbaycan Demokratik Respublikası! Biz sənin dəyərlərinə sadiq qalırıq” məzmunlu plakatlar qoyulub.