Bəyanatda bildirilir ki, ABŞ, Fransa və Rusiyanı təmsil edən həmsədrlər iyunun 6-dan 9-a qədər Bakı, Dağlıq Qarabağ və Yerevana səfər edib və səfir Andjey Kasprşiklə birlikdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və Qarabağın de-fakto rəsmiləri ilə görüşlər keçiriblər. Həmsədrlər Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdan gələn görüşünə hazırlıqlar məqsədilə mayın 26-da Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatında deyildiyi kimi, əhatəli sülh sazişinin əldə olunması çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Baza Prinsiplərinin yekunlaşdırılması və təsdiqi istiqamətində addımları müzakirə ediblər.
Sənəddə həmsədrlərin iyunun 7-də Ağdam regionunda cəbhə xəttini keçdiyi bildirilir və deyilir ki, vasitəçilərin əvvəlki 16 ildə dəfələrlə bunu etdiyi kimi, son 10 ayda üç dəfə xətti keçməsi tərəflərin 1994-ü ildə əldə olunmuş atəşkəsə əməl olunması işində əməkdaşlığa nail ola bilməsini nümayiş etdirir. Bunu nəzərə alaraq, həmsədrlər tərəfləri bu mühüm dövrdə danışıqlar prosesinə zərbə vura biləcək təxribat xarakterli hərəkətlərə və ya bəyanatlara yol verməməyə çağırır.