Oktyabrın 2-də Vaşinqtonda 9-cu Türk Festivalı keçirildi. ABŞ paytaxtında artıq ənənəvi tədbirə çevrilmiş Türk festivalı bu il də minlərlə insanı cəlb etdi.
Türk festivalının proqramnda bu il mühüm hadisə ABŞ paytaxtı Vaşinqton və Türkiyə paytaxtı Ankaranın qardaşlaşmış şəhərlər elan edilməsi oldu. Festivalın yüksək səviyyəli qonaqları olan Ankara şəhərinin meri Melih Gökçek və paytaxt Vaşinqtonun meri Vinsent Qrey Vaşinqton və Ankaranın qardaşlaşmış şəhərlər olması haqda rəsmi sənədin bazar ertəsi imzalanacağını elan etdilər.
Türk Festivalı “Vaşinqton City” qəzetinin oxucuları tərəfindən paytaxtda keçirilən ən yaxşı milli festival adlandırılıb. Bir gün sürən festivalın geniş proqramı çərçivəsində Türkiyə, Qafqaz və Mərkəzi Asiyanın ölkələri haqda məlumat stendləri nümayiş etdirilir.
Artıq bir neçə ildir Türk Festivalında Azərbaycanın da sərgisi yerləşdirilir. Azərbaycan bu il iki stendlə təmsil olunmuşdu. Bunlardan biri ABŞ azərbaycanlılarının şəbəkəsi olan USAN, digəri isə ABŞ-ın Qarabağ Fondunun stendləri idi. Azərbaycanın stend-sərgilərində nümayiş etdirilən tətbiqi-sənət nümunələri və kitablar amerikalılar tərəfindən böyük maraqla qarşılandı.
Festivalın proqramı çərçivəsində böyük konsert proqramı zamanı türk və Azərbaycan rəqsləri ifa edildi. Məşhur müğənni Ferhat Göçerin ifasında şarkılarsa festivala xüsusi əhval-ruhiyyə gətirdi.
Ənənəvi Türk Festivalının əsas məqsədi amerikalıları Türkiyənin və türkdilli xalqların mədəniyyəti, musiqisi, xalq rəqsləri və mətbəx ənənələri ilə tanış etməkdən ibarətdir. Bu məqsədlə festivalın qonaqlarına “Böyük Bazar”da alış-veriş etmək və yerli türk restoranlarından gətirilmiş ləzzətli təamları dadmaq, habelə türk qəhvəsi içmək təklif edildi.