Azərbaycan Demokratik Respublikasının yaradılmasının 94-cü ildönümü ərəfəsində Birləşmiş Ştatların bir sıra ştatları və şəhərlərində mayın 28-i Azərbaycanın Milli Günü kimi tanınıb.
ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyəti nəticəsində artıq Meyn ştatında Portland, Florida ştatında Mayami şəhərində 28 may Azərbaycanın milli günü elan edilib, Rod Aylend ştatının qubernatoru isə azərbaycanlıları Respublika günü münasibətilə təbrik edib. Qubernator Linkoln Şafenin açıqladığı rəsmi sərəncamda Azərbaycan icmasının Rod Aylenddə xalqlar arasında anlaşmanın dərinləşməsi və dostluğun gücləndirilməsi işinə verdiyi töhfələr qeyd edilir.
Amerika Azərbaycan cəmiyyəti, Pax Turcica-nın yaydığı bəyanatda Rod Aylend ştatının qubernatorunun bəyanatını verilməsində ştatda yaşayan azərbaycanlı icma fəallarının işi xüsusi vurğulanıb.
ABŞ azərbaycanlılarının şəbəkəsi USAN-nın açıqladığı pres-relizdə isə ABŞ-ın Florida ştatında Mayami şəhəri və Mayami Deyd dairəsində 28 mayın Azərbaycanın Milli günü elan edildiyi bildirilir. Açıqlamada Mayami şəhərinin meri Tomas Reqalado və Mayami Deyd dairəsinin meri Karlos Gimenezin 28 mayın Azərbaycan Demokratik Respublikasının 94-cü ildönümü kimi tanınması ilə bağlı sərəncam verdiyi deyilir.
Florida ştatında yaşayan Azərbaycan icması və USAN fəallarının fəaliyyəti nəticəsində ştatda artıq ikinci ildir Azərbaycanın Respublika gününün tanınmasına dair rəsmi sənəd qəbul edilir. Hər iki qətnamədə ADR müsəlman dünyasında ilk dünyəvi demokratik respublika kimi qeyd edilir, Azərbaycanın ərazi bütövlüyünə dəstək bildirilir, Qarabağ və Naxçıvanın ADR-in tərkibində olduğu göstərilir.
Mayami Deyd dairəsində qəbul edilmiş qətnamədə keçən həftə Meyn ştatında verilmiş sərəncamda olduğu kimi diqqət çəkən daha bir məqam Azərbaycanın ərazi bütövlüyü və suvereniyinin tanınması ilə yanaşı, ölkənin hüdudlarının şimalda Qafqaz dağlarından cənubda Araz çayına qədər, şərqdə Kərkidən qərbdə Qarabağ, Zəngəzur və Nxaçıvana qədər uzandığı kimi faktların göstəriləməsidir. Eyni zamanda, sənəddə Birləşmiş Ştatların 1920-ci ildə bir sıra dövlətlərlə yanaşı ADR-i tanıması və ABŞ prezidenti Vudro Vilsonun 1919-cu ildə mayın 28-də Azərbaycan nümayəndə heyətinin üzvlərilə görüşü kimi faktlar da qeyd olunmuşdur.
Keçən həftə ABŞ-ın Kaliforniya ştatının Oranc dairəsində də 2012-ci il mayın 28-i Azərbaycan Milli Günü elan edilmişdir. Azərbaycanın Respublika günü ərəfəsində ABŞ-ın bir sıra ştatlarının yerli mətbuat orqanlarında da məqalələr dərc edilmişdir.
One response to “ABŞ-ın bir sıra ştat və şəhərlərində 28 May Azərbaycanın Milli Günü elan edilib”
AZERBAYCANIN HEM MÜSTEQILLIK GÜNÜ VE HEM DE OLASI AZAD DEMOKRATIK MILLI BAYRAMI MÜNASIBETILE SIZLERE TESHEKKÜR EDIR, MEN DE OZ VE AILEM ADINDAN AMERIKA XALQINI SALAMLAYIR, COX SAG OLUN DEYIREM. ESHQ OLSUN 50 MILYONLUQ AZERBAYCAN XALQINA !
http://www.birliyimiz.wordpress.com
http://www.haqqin.wordpress.com