Bədir Məmmədli, ABŞ-da Azərbaycan icma lideri, ABŞ azərbaycanlıların şəbəkəsi USAN təşkilatının üzvü
Dilşad Əliyarlı: Bədir bəy, təmsil etdiyiniz ABŞ azərbaycanlılarının şəbəkəsi olan USAN təşkilatı icma üzvlərinin siyasi həyatda fəal iştirakını dəstəkləyir. Seçkidən əvvəl göndərdiyiniz press-relizlərdə siz icma üzvlərini seçkidə fəal iştirak etməyə çağırırdınız. BU mənada seçkini necə qiymətləndirirsiniz? Azərbaycanlılar seçkidə fəallıq göstərdilərmi?
Bədir Məmmədli: Bir nüfuzlu icma təşkilatı kimi USAN, ya da ABŞ azərbaycanlıları şəbəkəsi proseslərdən kənarda qala bilməzdi. Bu təşkilatın əsas məqsədlərindən, əsas hədəflərindən biri Amerikadakı azərbaycanlıları maarifləndirmək, partiya mənsubiyyətindən asılı olmayaraq, onları maarifləndirmək, onlara bu seçkilərdə iştirak etməyin vacibliyini başa salmaq və onlara bir sıra sadə prosedurlar, məsələn vətəndaşlığı necə almaq, seçkilərdə qeydiyyatdan keçməyin yollarını öyrətməkdir. Eyni zamanda, USAN lobbi təşkilatı deyil, icma təşkilatıdır. Onun məqsədi azərbaycanlılara seçkilərdə namizədlərin mövqelərini onlara başa salmaqdan ibarətdir. Biz mətbuatda verilən bütün məlumatları, mübahisələri və debatları yaxından izləyə bilmirik. Məhz bu baxımdan USAN-ın məqsədi informasiya cəhətindən azərbaycanlılara yardım olmaq, onlara seçkilərdə iştirak edən namizədlərin platformalarını, çıxışlarını, qarşılarına hansı məqsədlər qoyduğunu onlara çatdırmaq idi. Eyni zamanda, USAN-ı narahat edən bir sıra məsələlər var idi. Nəzərə alsaq ki, bu seçkilərdə Azərbaycana qarşı qəzərli mövqe tutan namizədlər də iştirak edirdi. Sözsüz ki, biz azərbaycanlılara deyə bilməzdik kimə səs verib-verməsinlər, amma biz sadəcə onlara həqiqəti çatdırmaq istəyirdik və başa salırdıq ki, bu namizəd seçilsə, o, Azərbaycanla ABŞ arasında münasibətlərə hansı əngəllər törədə bilər.
Amerikada yaşayan Azərbaycan mənşəli amerikalılar bütün başqa amerikalılar kimi seçkilərdə yaxından iştirak edirdilər. Onlar bu prosesdən kənarda qala bilməzdilər. Azərbaycanlılar bu seçkilərdə fəallıq göstərirdilər, yəni bir-birimizə seçkilərdə iştirak edən namizədlərlə bağlı məlumatlar verirdik, kimə daha çox üstünlük verilməsi barədə bir-birimizi məlumatlandırırdıq. Nəticələrə gəlincə, prezident Obamanın yenidən seçilməsi mənim üçün şəxsən gözlənilməz olmadı. Düzdür, səslər arasında bir o qədər də fərq olmadı, lakin bu nəticəni mən şəxsən gözləyirdim. Buna əsas səbəb əhalinin ümidləri idi və sadə amerikalılar ümid edirdilər ki, Obama tərəfindən başlanan bu start növbəti dörd ildə davam edəcək. Bu baxımdan onlar Obamanın bu vəzifədə qalmasına üstünlük verirdilər və ümid edirdilər ki, Obama bu prosesi, tutduğu işi sonunadək başa çatdıracaq.
Tərlan Əhmədov, (Meyn ştatı, Portlend şəhəri), Meyn ştatında Azəbraycan icmasının lideri
Dilşad Əliyarlı: Tərlan bəy, yaşadığınız Meyn ştatında azəbaycanlıların sayı çox olmasa da, Azərbaycan icması olduqca fəaldır. Ştat qanunvericiləri Azərbaycanla bağlı bir sıra bəyannəmələr qəbul ediblər. Azərbaycanlılar seçkidə necə iştirak etdi və seçkinin nəticələrindən razı qaldımı?
Tərlan Əhmədov: Bir neçə ildir Meyndə iş aparırıq və bunun nəticəsində icma fəallaşıb. Xüsusilə də prezident seçkiləri ərəfəsində fəallıq göstərmişdik. Bizim Meyndə yerli ştat səviyyəsində Konqresdə dostlarımız var. Biz onların seçkiqabağı kampaniyasında onlara dəstək olmuşuq. Bir neçə həftə bundan əvvəl seçkidə iştirak edən bir xanım namizəd bizə zəng edib seçki afişalarının yerləşdirilməsində kömək istədi. Biz iki maşınla, burada həm azərbaycanlı tələbələr, həm də ailəmizlə birlikdə ona kömək etdik. O, azəri türklərinə minnətdarlığını bildirdi və bizə hər zaman dəstək olacağını dedi. Seçkilərdə həmin namizəd səslərin 72 faizini qazanıb. Biz də onu icma adından təbrik etməyə getdik və ona gül təqdim etdik və bildirdik ki, ona dəstək olacayıq. Bu prezident seçkilərində biz Obamaya səs vermək qərarına gəldik və biz hamımız ona dəstək olduq, Demokratlar partiyasına.
Dilşad Əliyarlı:Tərlan bəy, Meyn ştatında nə qədər azərbaycanlı yaşayır? Onların əsas problemləri nədən ibarətdir?
Tərlan Əhmədov: Meyndə azərbaycanlıların sayı o qədər çox deyil. Azərbaycan Respublikasından təxminən burada 30 nəfər var. Bir neçə tələbəmiz var. Burada həmçinin cənubi azərbaycanlı soydaşlarımız da var. Onlarla da sıx əlaqələrimiz var və onlarla bir icma kimi fəaliyyət göstəririk. Problemlər hər yerdə var. Bizim problemlərimiz əsasən ondan ibarətdir ki, daha fəal olaq, dövlət adamları ilə görüşək. Bilirsiniz, hər icmada bir neçə fəal olur və əsas işlər onların üzərinə düşür. Biz istərdik ki, icmanın işində hamı iştirak etsin. Bir problemimiz də ondan ibarətdir ki, uşaqlarımız Azərbaycan dilini öyrənsinlər, Azərbaycan mədəniyyətini qavrasınlar. İstəyərdik Azərbaycan dərsləri keçirilsin, rəqs dərsləri olsun.
Töhfə Eminova, Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət assosiasiyasının rəhbəri
Dilşad Əliyarlı:Töhfə xanım sizin yaşadığınız Florida ştatı, eləcə də yaşadığınız Mayami Deyd dairəsi seçkinin ən gərgin keçdiyi yerlərdən biri idi. Azərbaycanlılar burada seçkidə necə iştirak edirdi?
Töhfə Əminova: Florida ştatında yaşayan azərbaycanlılar seçkidə çox fəal iştirak etdilər, həm seçici kimi, həm də könüllü kimi. Seçki məntəqələrinə gedib fəal iştirak etdilər. Prezident seçkiləri ilə eyni gündə Konqresə və Senata da seçkilər keçirilirdi. Yerli oqranların başçıları, konqresmenlər və komissiya üzvləri yenidən seçildi və dominant rolu demokratlar əldə etdilər. Seçkilər Azərbaycan icması üçün ümidverici oldu, çünki siz bilirsiniz ki, artıq Azərbaycan Florida ştatında həm tanınır, həm sevilir, həm də dəstəklənir. Çünki bu 2012-ci ildə bizim ən böyük nailiyyətimiz Azərbaycanın müstəqillik gününə aid olan təsdiqnamə idi. Həm Mayami Deyd, Hallandeyl və başqa dairələr daxil olmaqla, altı təsdiqnamə alınmışdır. Bütün merlər, yerli orqanların rəhbərləri yenidən seçildiklərinə görə əlbəttə ki, həm bizim burada rolumuz olub, Florida ştatında yaşayan azərbaycanlıların, həm də onlar bizə dəstək olduqlarına görə biz də onları dəstəklədik. Noyabrın 17-18-i Florida ştatında 11-ci Türk festivalı keçiriləcək və Azərbaycana da yer ayrılıb. Çox sevindirici haldır ki, Azərbaycanın müstəqilliyi günü münasibətilə təsdiqnaməni vermiş merlər və komissiya üzvləri festivala dəvət olunublar və onlar canla-başla bu festivalda iştirak edəcəklər. Ümid bəsləyirik ki, Obama administrasiyası Azərbacyanla bütün sahələrdə sıx əməkdaşlıq edəcək və həmişə Azərbaycanı dəstəkləyəcək.