Kaliforniya ştatının San-Diyeqo şəhərində İraq və Əfqanıstan müharibəsində iştirak edən Amerika, azərbaycanlı və gürcü müharibə veteranlarının anım mərasimi keçirilib. San-Diyeqo Diplomatik Şurasının təşəbbüsü ilə keçirilmiş mərasimin təşkilində Azərbaycan Amerika Şurası da iştirak edib.
Mərasimdə San-Diyeqo şəhərinin sakini olmuş əslən azərbaycanlı ABŞ ordusunun kapralı, Murad Rəhimovun xatirəsi anılıb. Murad Rəhimov 2005-ci ildə yanvarın 26-da İraqda həlak olmuşdur. Azərbaycan Amerika Şurasının baş direktoru Cavid Hüseynov toplaşanlara Murad Rəhimov haqda xatirələrlə bölüşüb. O habelə Azərbaycan və Gürcüstanın ABŞ-ın başçılığı ilə İraq və Əfqanıstanda koalisiya qüvvələrinin tərkibində beynəlxalq təhlükəsizliyə verdikləri töhfələri qeyd etmişdir. Cavid Hüseynov Azərbaycan və Gürcüstanın ABŞ-la münasibətlərinin tarixinin 1919-cu ilə gedib çıxdığını toxunaraq, Qafqazın bu iki ölkəsinin Amerika Birləşmiş Ştatları ilə strateji müttəfiqlik əlaqələrinin əhəmiyyətini vurğulamışdır.
Mərasim zamanı gürcü və Amerika veteranları Əfqanıstan müharibəsi ilə bağlı xatirələrindən danışıblar. Hazırda ABŞ-da yaralanandan sonra reabilitasiya keçən gürcü Temuri Dadiani və Roma Kortava müalicə bitdikdən sonra vətənə dönəcəklər.
Mərasim zamanı San-Diyeqo Diplomatik Şurasının üzvləri müharibə qəhrəmanları və onların ailələrinə fəxri fərmanlar və gül-çiçək təqdim edib.