ABŞ-da fəaliyyət göstərən Azərbaycanlı Amerikalılar Demokratiya uğrunda (AZAD) təşkilatı Ramil Səfərovun ekstradisiyası ətrafında yaranmış vəziyyətlə bağlı Dövlət katibi Hillari Klintona açıq məktub göndərib. Təşkilatın sədri Elmar Şaxtaxtinskinin adından yazılmış məktubda ABŞ Dövlət Departamentinin Azərbaycan prezidentinin Ramil Səfərovun əfvi ilə bağlı dərin narahatlığını ifadə etdiyi bəyanatına münasibət bildirilib.
Məktubda deyilir ki, Dövlət Departamentinin Azərbaycanda insan hüquqları və demokratiyanın vəziyyəti ilə bağlı narahatlıqlar deyil, indiyə qədər ən ciddi bəyanatını rəsmi Bakının Ramil Səfərovun əfvi ilə əlaqədar açıqlaması erməni lobbisinin ABŞ xarici siyasətinə göstərdiyi təsirlə izah etməyə əsas verir.
Burada həmçinin başqa ölkədə məhkum olmuş xarici vətəndaşların ekstradisiyasının qeyri-adi bir praktika olmadığı deyilir və Türk hava yolları şirkətinin kassası qarşısında terror aktına görə Fransada məhkum olmuş Varujan Qarabediyanın Ermənistana ekstradiyası edilməsi və orada ölkə prezidenti tərəfindən qarşılandıqdan sonra polkovnik rütbəsi alması qeyd edilir.
Məktubda deyilir ki, ABŞ rəhbərliyinin Azərbaycan hökumətinə ən kəskin tənqidini demokratiya və insan haqları sahəsində vəziyyətlə bağlı deyil, Ramil Səfərovun məsələsilə əlaqədar ünvanlaması Dövlət Departamentinin Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan üçün həssas məsələlərə görə belə görünür daha çox narahatlıq keçirdiyini göstərir.
Məktub müəllifi ABŞ administrasiyasının Azərbaycanda seçki pozuntuları, dinc nümayişçilərə qarşı zorakı hücumlar, ölkədə həbslər, işgəncə halları, jurnalistlərin döyülməsi və öldürülməsi kimi məsələlərlə bağlı kəskin münasibət göstərməsini arzu edərək yazıb ki, ciddi reaksiya və təzyiq göstərilməsinə ehtiyacı olan məsələ Ermənistan-Azərbaycan münaqişəsi deyil, demokratiya və insan hüquqları məsələləridir. “Hazırda uzağı görməyən xarici siyasət kursu etnik erməni lobbisini müvəqqəti olaraq qane sala bilər, lakin bu, tamamilə yəqin ABŞ-ın Azərbaycanda və regionda maraqlarına xidmət etmir, ölkədə demokratik inkişafa zərər vurur, ABŞ-ın Azərbaycan xalqının gözündə nüfuzunu salır və Qarabağ probleminin həllini gələcəkdə daha da mürəkkəbləşdirir”-deyə məktub müəllifi fikrini tamamlayır.