ABŞ paytaxtı Vaşinqton və Türkiyənin paytaxtı Ankara bu il qardaşlaşmış şəhərlər olmağa hazırlaşır. İki şəhərin qardaşlaşacağı oktyabrın 2-də Vaşinqtonda ənənəvi Türk Festivalı zamanı elan ediləcək və qardaş şəhərlər haqda anlaşma imzalanacaq.
Bu münasibətlə bu il 9-cu Türk Festivalında Ankaradan xalq musiqisiçiləri və gənc musiqiçilər qrupu, habelə məşhur müğənni Ferhat Göçer iştirak edəcək.
Vaşinqtonda hər il keçirilən Türk Festivalının əsas məqsədi amerikalıları Türkiyənin və türkdilli xalqların mədəniyyəti, musiqisi, xalq rəqsləri və mətbəx ənənələri ilə tanış etməkdən ibarətdir.
Bir gün sürən festivalın geniş proqramı çərçivəsində Türkiyə və Mərkəzi Asiyanın başqa ölkələri haqda məlumat stendləri nümayiş etdirilir. ABŞ-da Azərbaycan diaspor təşkilatları Vaşinqtonun ən böyük mədəni tədbirlərindən biri olan Türk Festivalında fəal iştirak edir. Artıq bir neçə ildir Türk Festivalında Azərbaycanın da sərgisi yerləşdirilir.