ABŞ azərbaycanlıları Birləşmiş Ştatların Azərbaycandakı səfiri Metyu Brayzanın öz vəzifəsinə yenidən təsdiq edilməsi üçün məktub kampaniyası keçirir. ABŞ-da azərbaycanlıların şəbəkəsi olan USAN, Amerika-Azərbaycan Şurası, Pax Turcica təşkilatları erməni lobbisinin səfir Brayzanın təsdiq edilməsinə mane olmaq üçün kampaniya apardığını bildirərək, azərbaycanlıları lobbinin fəaliyyətlərinin qarşısını almaq məqsədilə Amerika qanunvericilərinə məktub gönrdərməyə çağırıb.
Diaspor üzvlərinə müraciət məktublarında bildirilir ki, erməni lobbisi səfir Brayzanın 2012-ci ildə yanvar ayında ABŞ-a qaytarılmasına çalışır. “Bu, təkcə artıq bir ildir Azərbaycanda səfirin işinin dayanması demək deyil, həm də erməni lobbisinin ABŞ-ın Azərbaycandakı səfirinin müəyyən edilməsi məsələsinə veto qoymaq hüququ olmasını nümayiş etdirmək istəyindən irəli gəlir”-deyə məktubda qeyd edilir.
Müraciətdə deyilir ki, erməni lobbisinin səyləri nəticəsində ABŞ-ın Ermənistandakı səfiri öz vəzifəsinə yenidən təyin olunmayıb. “İndi bu səylər ABŞ-ın Azərbaycandakı səfirinin təyin edilməsi məsələsinə yönəldilib”-deyə məktublarda qeyd edilir.
ABŞ prezidenti Barak Obama Metyu Brayzanın Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsində qalması ilə bağlı müraciəti Senata göndərib. Cənab Brayzanın namizədliyi ilə bağlı səsvermə Senatın Xarici Əlaqələr komitəsində keçirilməlidir.
Xatırladırıq ki, ABŞ prezidenti Barak Obama Konqres tətildə olduğu zaman ona dövlət başçısı kimi verilmiş xüsusi səlahiyyətlərdən istifadə edərək, 2010-cu ildə dekabrın 29-da Metyu Brayzanı ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin etmişdi. Prezidentin sərəncamı bir il müddətinə qüvvədə qalır. Cənab Brayzanın nominasiyası Senatın Xarici Əlaqələr Komitəsinin üzvü, Kaliforniya senatoru Barbara Bokser tərəfindən saxlandığı üçün komitə onu vəzifəyə təsdiq edə bilməmişdi. Xarici Əlaqələr Komitəsinin nüfuzlu respublikaçı üzvü, senator Riçard Luqar cənab Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə layiqli namizəd olduğunu bildirmişdi.
Prezident Obama Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə nominasiyasını 2010-cu ildə mayın 25-də irəli sürmüşdü.
Amerikada Erməni Milli Komitəsi yaydığı press-relizdə cənab Brayzanın nominasiyasına etiraz edərək, onu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində mövqeyinin Azərbaycanın xeyrinə olmaqda, habelə ermənilərin iddia etdiyi soyqırım məsələsinə qeyri-obyektiv münasibət göstərməkdə ittiham etmişdir. Metyu Brayza Konrqesə keçirilən dinləmələr zamanı bu iddiaların əsassız olduğunu bildirmişdi.
ABŞ-ın bir sıra siyasətçiləri Mtyu Brayzanın nominasiyasına dəstək bildirərək, onun regionu yaxşı tanıyan çox az peşəkar diplomatlardan biri olduğunu qeyd ediblər.