Sentyabrın 30-da Vaşinqtonda ənənəvi Türk festivalı keçirilib. 10-cu yubiley festivalını ABŞ paytaxtının, Virciniya və Merilend ştatlarının minlərlə sakini ziyarət edib.
Artıq bir neçə ildir ki, Türk festivalında Azərbaycan da stendlər və sərgilərlə təmsil olunur. Bu il də ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu Türk festivalında Azərbaycana həsr edilmiş sərgi ilə iştirak edib. Sərgini ziyarət edənlər Azərbaycanın mədəniyyəti və tarixinə dair kitablar və sənət nümunələri ilə tanış olublar.
Festivalın konsert proqramında isə ABŞ-da təhsil alan azərbaycanlı tələbələr İkram Cəlil və Şahin Ələkbərovun ifasında Azərbaycanın milli rəqsi təqdim edilib.
ABŞ-da fəaəliyyət göstərən diaspor təşkilatları Türk festivalının təşkilində və keçirilməsində artıq bir neçə ildir sponsor kimi iştirak edib. ABŞ azərbaycanlıların şəbəkəsi USAN və digər diaspor qrupları festivallara dəstək və yardım göstərib.
Türk festivalına dəstək bildirən böyük və kiçik biznes şirkətləri həm də burada reklam yerləşdirmək imkanı əldə edir. ABŞ-da yaşayan azərbaycanlılar da bu imkandan istifadə edərək, 10-cu Türk festivalında öz stendlərini nümayiş etdirib.
Amerikada yaşayan azərbaycanlı hüquqşünas İsmayıl Şaxtaxtinskinin hüquq-məsləhət şirkəti həm Türk festivalının sponsoru olub, həm də festivalda stendlə çıxış edib. Virciniya ştatında yaşayan azərbaycanlı daşınmaz əmlak agenti Ələsgər Fərhadovun da biznes stendi yerləşdirilmişdi.
Oktyabr ayında ABŞ-ın Texas ştatında keçiriləcək Türk festivalında da Azərbaycan geniş təmsil olunacaq. Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası şəhərdə ilk İpək Yolu festivalına sponsorluq edir. Festival Amerika və Avrasiyalıların Türkvaz Fondunun təşəbbüsü və dəstəyi ilə keçirilir.