Amerika qanunvericiləri ABŞ-da Azərbaycan diaspor üzvlərinin Urmiyə gölünün quruması ilə əlaqədar kampaniya çərçivəsində göndəridiyi məktublara cavab verməyə başlayıb.
Amerikada yaşayan azərbaycanlılar Konrqes üzvlərinə göndərdikləri məktublarda diqqəti Urmiyə gölündə yaranmış ekoloji fəlakətə yönəldərək, gölün xilas edilməsi üçün İran hökumətinə təzyiq göstərməyə çağırır.
Florida ştatından demokrat senator Bil Nelson Urmiyə gölündə yaranımış ekoloji vəziyyətlə məlumatlandırıldığına və təmsil etdiyi ştat və ölkə üçün önəmli məsələlərin onun diqqətinə çatdırıldığına görə diaspor üzvlərinə təşəkkürünü bildirub. Senator məktubunda Urmiyə gölü ilə əlaqədar narahatlıqları nəzərə alaraq, münasib şərait olduqda məsələni Senat qarşısında müzakirəyə çıxaracağını qeyd edib.
Daha bir cavab məktubu isə Texas ştatından respublikaçı senator Con Kornindən gəlib. Senator Kornin də İran hökumətinin yürütdüyü siyasət nəticəsində Urmiyə gölündə yaranmış vəziyyətlə bağlı məlumatlandırıldığına görə ABŞ-dakı Azərbaycan diaspor üzvlərindən razılığını bildirib. Texas senatoru məktublarda qeyd edilmiş məqamlar və təklifləri nəzərə alacağını bildirib.
Xatırladırıq ki, ABŞ-da Azərbaycan diaspor üzvlərinin Konqres üzvlərinə göndərdikləri məktublarda deyilir ki, artıq illərdir on minlərlə Azərbaycan türkü, xüsusilə də İranın Qərbi Azərbaycan vilayətinin paytaxtı olan Urmiyə sakinləri İran hökumətinin göldə yaranmış ekoloji böhrana gətirib çıxarmış siyasətinə etiraz olaraq aksiyalar keçirir. Burada deyilir ki, lakin bu təzyiqlər nəticə verməyib və indi məsələyə beynəlxalq diqqətin göstərilməsi vacibdir.
ABŞ azərbaycanlılarının şəbəkəsi USAN Amerika hökuməti və Konqresi öz nüfuzundan və mövqeyindən istifadə edərək, BMT və onun agentilklərinə, habelə ətraf mühitin qorunması ilə məşğul olan qeyri-hökumət təşkilatlarına müraciət edərək, Urmiyə gölünün qorunması üçün öz üzərinə götürdüyü öhdəliklərə əməl etməsinə nail olmaq məqsədilə İran hökumətinə təzyiq göstərməyə çağırıb.