Mayın 28-də Nyu-York şəhərində Azərbaycan Demokratik Respublikasının 93-cü ildönümü və ənənəvi Türk yürüşü keçirilib. Amerika Azərbaycan Cəmiyyəti dünya azərbyacanlılıarı ilə tədbirlərdən çəkilmiş video görüntüləri bölüşür.
Amerika Azərbaycan Cəmiyyəti Nyu-Yorkda 28 May gününü qeyd edir (VİDEO)
Nyu-Yorkda ənənəvi Türk yürüşündə Azərbaycanın sərgisi böyük maraqla qarşılanıb
Mayın 28-də Nyu-York şəhərində 29-cu Türk yürüşü keçirilib. Ənənəvi tədbir Amerikadakı türk assosiasiyaları federasiyası tərəfindən təşkil edilib. Hər il keçirilən nümayiş nyu-yorkluların böyük marağına səbəb olur. Türk nümayişi Amerikada yaşayan türk xalqlarının ən böyük tədbiri hesab edilir.
Bu il Amerika Azərbaycan Cəmiyyətinin hazırladığı Azərbaycana həsr edilmiş səyyar sərgi Azərbaycan bayraqları və Azərbaycanın Eurovision müsabiqəsində qələbəsini əks etdirən plakatlarla bəzədilmişdi. Sərgi Eurovision müsabiqəsində Eldar və Nigarın ifasında “Running Scared” mahnısının sədaları altında Nyu-Yorkun küçələri ilə hərəkət etdirilərək nümayiş etdirilib. Həm sərgi, həm də mahnı izləyicilər tərəfindən maraqla qarşılanıb.
Nyu-Yorkda Azərbaycanın Respublika Günü münasibəti ilə Azərbaycan və ABŞ bayraqları ucaldılıb
Mayın 28-də Nyu-York şəhərinin Uol Strit küçəsində yerləşən Boulinq Qrin (Bowling Green) bağında Azərbaycanın Respublika Günü münasibəti ilə Azərbaycan və ABŞ bayraqlarının ucaldılması mərasimi keçirilib.
Mərasim ABŞ-da 1957-ci ildən fəaliyyət göstərən Amerika Azərbaycan Cəmiyyəti (ASA) tərəfindən təşkil edilmişdir.
Tədbirdə Amerika Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azəri, Türkiyənin ABŞ-dakı səfiri Namik Tan, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin müşaviri Yusif Məmmədəliyev, ASA-nın İctimai Əlaqələr üzrə Direktoru və Azərbaycan Amerika Şurasının (AAC) Nyu-Yorkdakı nümayəndəsi Emin Həsənov çıxış edərək, Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının türk və müsəlman dünyası üçün əhəmiyyətini vurğulamışlar.
Mərasimdə habelə Türkiyənin Nyu-Yorkdakı Baş Konsulu Mehmet Samsar, Türk-Amerika Dərnəkləri Assambleyasının Prezidenti Günay Ovunc, azərbaycanlı, türk və yəhudi icmalarının nümayəndələri iştirak ediblər.
Mərasim Azərbaycan və ABŞ himnlərinin sədaları altında Azərbaycan və ABŞ bayraqlarının ucaldılması ilə başa çatıb.
Kanadanın Toronto şəhərində mayın 28-i Azərbaycan bayrağı ucaldılacaq
Torontoda fəaliyyət göstərən Kanadadakı azərbaycanlı tələbələrin şəbəkəsi mayın 28-də Azərbaycanın Respublika gününü qeyd etmək məqsədilə şəhər bələdiyyəsinin qarşısında Azərbaycan bayrağının ucaldılması mərasiminin təşkil ediləcəyini bildirir.
Kanadadakı azərbaycanlı gənclərin şəbəkəsi ölkədə təhsil alan tələbələr və universitet məzunlarını bitirmiş azərbaycanlı gəncləri birləşdirir. Qrupun əsas məqsədi gənclər arasında ümumi məsələlər ətrafında fikir mübadiləsi aparmaq və informasiyanın bölüşməsinə nail olmaqdır. Kanadada Azərbaycan diaspora üzvləri də qrupun fəaliyyətlərində iştirak edirlər.
Nyu-Yorkun Bruklin və Kvins inzibati dairələrində 28 May Azərbaycanın Respublika Günü elan edilib
Nyu-York şəhərinin Bruklin dairəsinin prezidenti Marti Markovitsin imzaladığı bəyannamədə bu dairədə yaşayan azərbaycanlıların Azərbaycan tarixini qoruyub saxlayaraq, Azərbaycan irsi və mədəniyyətinə maraq yaradıb, bunların öyrənilməsi və qiymətləndirilməsi istiqamətində gördüyü işlərə yüksək qiymət verilir. Dairə prezidenti bruklinlilər adından azərbaycanlıları təbrik edərək, mayın 28-i dairədə Azərbaycan Demokratik Respublikasının yaradılmasının 93-cü ildönümünün bayram edildiyini bəyan etmişdir.
Nyu-York şəhərinin Kvins inzibati dairəsinin prezidenti Helen Marşal da mayın 28-nin Azərbaycanın Respublika günü elan edilməsi haqda bəyannamə imzalayıb. Sənəddə deyilir ki, Amerika vətənpərvərləri İnqilabi müharibədə istiqlaliyyət uğrunda mübarizə apardığı kimi, Azərbaycan xalqı da 1918-ci ildə öz azadlıq arzularını 23 ay gerçəkləşdirməyə nail olmuşdur.
Bəyannamələr Amerikada Azərbaycan Cəmiyyətinin (ASA) adına göndərilmişdir.
Mayın 28-i Azərbaycan Demokratik Respublikasının 93-cü ildönümü münasibətilə Nyu-Yorkun Manhetten hissəsində yerli vaxtla səhər saat 10-da Azərbaycan bayrağının ucaldılması mərasimi keçiriləcək.
Eldarla hava limanında görüş
Eurovision-2011-nin final günü Bakıda idim və qələbə sevincini mənə vətəndə yaşamaq nəsib oldu. Tele-ekrandan Eldar və Nigarın gözəl simalarına baxıb onlara bizə bu sevinci bəxş etdiklərinə görə təşəkkür edirdim. Amma bilmirdim ki, ürəyimdəki sözləri onlara şəxsən ifadə etmək də mənə nəsib olacaq. Düzünə qalsa, nə vaxtsa onlarla görüşəcəyimi düşünürdüm. Amma müsabiqədən bir neçə gün sonra Avropanın ən məşğul hava limanlarından birində Eurovision-2011-in qalibini görəcəyimi ağlıma gətirmirdim. Londonun Heatrow hava limanında Eldarı görəndə də təəccübdən çox, böyük sevinc hissi keçirdim.
Diqqətimi ən çox çəkən Eldarın təvazökar görünüşü və olduqca mehriban davranışı oldu. Təbii ki, milyonlarla azərbaycanlı üçün o, doğma insandır. Amma görünür, biz də ona elə doğmayıq. Onun gülərüz çöhrəsinə baxıb mən də gülümsəyib özümü təqdim etdim.
Təbii ki, müsahibədən söhbət gedə bilməzdi, amma professional vərdişə görə davamlı olaraq ona suallar verirdim. O, söhbətdən çəkinmir, cavab verirdi. Ulduz xəstəliyindən onda əsər-əlamət yoxdur. Çox sadədir, insanlarla təmasa asan gedir. Bakını çox sevir. Azərbaycanın ev sahibliyi edəcəyi Eurovision-2012 müsabiqəsinin ən gözəl bir şəkildə keçməsini istəyir.
Qısa söhbətimiz zamanı əsasən gələcək planlardan danışdıq. Eldar Almaniyaya qayıdırdı. Nigarla bərabər Almaniyada tele-şoularda iştirak etməli, müsahibələr verməlidir. İndi müxtəlif yerlərdən maraqlı təkliflər gəlir. Özünün yaradıcılıq planları genişdir. Lakin hələlik konkret layihə üzərində işləmir. Konsertlər vermək, kino sahəsində işləmək ona çox maraqlı görünür. Əsas etibarilə radio və televiziya proqramlarına dəvət olunur. Yaradıcılığı davam etdirmək, böyük səhnə və ekrana çıxmaq haqda düşünür. Ən böyük arzusu isə Hollywood-a gəlmək və filmdə çəkilməkdir. “Filmdə çəkilmək təklifi gəlsə, onu böyük məmmuniyyətlə qəbul edərəm” deyir.
Eldar və Nigar sizə qələbə yolunda daha böyük uğurlar!
ABŞ-ın bir sıra şəhərlərinin merləri 28 Mayı Azərbaycanın Milli Günü elan edir
Birləşmiş Ştatların bir sıra şəhərlərinin merləri 28 May gününü Azərbaycanın Milli Günü elan etməyə davam edir.
ABŞ-da və Kanadada fəaliyyət göstərən diaspora təşkilatlarının fəaliyyəti nəticəsində artıq paytaxt Vaşinqton, İndiana ştatının Bluminqton, Meyn ştatının Portland, Şimali Dakota ştatının Farqo şəhərləri, habelə Kanadanın Vankuver şəhərinin merlərinin qərarı ilə mayın 28-i Azərbaycanın Milli Günü elan edilib.
Bu sənədlərdə 1918-ci may ayının 28-də türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika olan Azərbaycan Respublikasının yaradılması və respublikanın Birləşmiş Ştatlar da daxil olmaqla, bir sıra demokratik ölkələr tərəfindən tanınması, 1991-ci il oktyabrın 18-də Azərbaycan parlamentinin qərarı ilə Sovet İttifaqından müstəqil Azərbaycan dövlətinin yaradılması, Naxçıvan və Qarabağın da tərkibində olduğu Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin 1992-ci ildən ABŞ tərəfindən tanınıb dəstəkləndiyi, Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının fəal üzvü olduğu, Azərbaycan əsgərlərinin Kosovo, Əfqanıstan və İraqda ABŞ-la çiyin-çiyinə sülhməramlı əməliyyatlarda iştirakı qeyd edilir.
Azərbaycanın Respublika günü ilə bağlı ABŞ-ın bir sıra ştatlarının yerli mətbuat orqanlarında da məqalələr dərc edilmişdir.
Şirin İbadi İranda yaşayan xalqların ana dilində təhsil almaq hüququndan danışdı
Vaşinqtonda Karneqi Sülh İnkişaf fondunda tanınmış iranlı hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Şirin İbadinin yeni kitabının prezentasiyası keçirilib. “Qızıl Qəfəs:Üç qardaş, üç seçim, bir tale” adlı kitabda xanım İbadi İranda avtoritar rejimdən qurtulmaq uğrunda uzun və qeyri-müvəffəq mübarizəni bioqrafik perspektivdən təsvir edir. Kitabın prezentasiya mərasimində danışan Şirin İbadi İranda bu gün demokratiya və insan haqlarının durumunu şərh etdi və kitabın yazılmasının səbəblərini göstərdi.
Kitabda müəllif yaxın rəfiqəsi Pərinin (kitabda şəxsi və yer adları dəyildirilib) ailəsinin timsalında İranda gedən prosesləri göstərməyə çalışıb. Pərinin üç qardaşı İranda son 30 ildə gedən siyasi proseslərin müəyyən mənada simvolidur. Qardaşlardan biri monarxist-şahçı, biri kommunist-tudəçi, o biri isə islamçı-hezbullahçıdır.
Xanım İbadi deyir ki, o, bir ailənin timsalında əks etdirdiyi tarixi hadisələrin canlı şahidi olub və baş verən ədalətsizlikləri göstərməyə çalışıb. Lakin o deyir ki, bu hadisələr İranda bu gün də davam edir.
Kitabın baş qəhrəmanının Pəri olması təsadüfi deyil. Şirin İbadi İran qadınlarının bu gün ictimai-siyasi hadisələrdə oynadığı rolu izah etdi.
“Pəri qadın hərəkatının simvoludur. İranda qadın hərəkatı Yaxın Şərqdə ən güclü hərəkatdır. Bunun səbəbi qadınların inkişafı ilə bağlıdır. İran universitetlərində təhsil alan tələbələrin 65 faizini qadınlar təşkil edir. Lakin qadınlar ayrı-seçkiliyə məruz qalır”- Şirin İbadi bildirdi.
Hüquq-müdafiəçisi kitabda təsvir etdiyi hadisələrin baş verdiyi dövr və bu gün İranda mövcud vəziyyətə qiymət verərək, insanların fundamental azadlıqlarının təmin edilməsini istədiyini bildirdi. O dedi ki, insanların bir hissəsi əsaslı dəyişikliklər tələb edərək, konstitusiyanın və hakimiyyətin dəyişməsini istəyir. Başqaları isə onun sözlərinə görə hesab edir ki, konstutisiya qalmalıdır və orada təsbit olunmuş maddələr əməldə yerinə yetirməlidir.
“Məsələn, müxtəlif etnik qrupların öz ana dilində təhsil almaq hüququnun verilməsi kimi. Əslində, bu maddə konstitusiyada var, lakin ona heç vaxt əməl olunmayıb”- xanım İbadi fikrini tamamladı.
Şirin İbadi İran hökumətinin xalqın azadlıq tələblərinə repressiyalarla cavab verdiyini vurğuladı. O bildirdi ki, insanlar azadlıq və demokratiya tələb edir, hökumət isə repressiyaları davam etdirir. Lakin hüquq-müdafiəçisi dedi ki, tarix repressiyalar keçirən hökumətlərin süquta uğradığını göstərir.
Şirin İbadinin Vaşinqtonda kitabının prezentasiyası keçirilir
Tanınmış iranlı hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Şirin İbadinin Vaşinqtonda yeni kitabının prezentasiyası keçirilir. “Qızıl Qəfəs:Üç qardaş, üç seçim, bir tale” adlı kitabda İranda avtoritar rejimdən qurtulmaq uğrunda uzun və qeyri-müvəffəq mübarizə bioqrafik perspektivdən əks etdirilir. Xanım İbadi Vaşinqtonda Karneqi Sülh İnkişaf fondunda İranda demokratiya və insan haqlarının bugünkü durumu və bunlar qarşısında duran maneələrdən danışacaq.
Amerika türkləri prezident Obamanı aprelin 24-də soyqırım sözünü işlətməməyə çağırır
Amerika türklərinin şəbəkəsi prezident Obamaya və Ağ Evə məktub göndərərək, ABŞ prezidentini aprelin 24-ü açıqlayacağı bəyanatında soyqırım sözünü işlətməməyə çağırır.
Məktublar ABŞ Konqresinin üzvlərinə də göndərilib. Məktubda Amerikada yaşayan türk icmasının üzvləri aprelin 24-nün erməni soyqırımı günü adlandırılmasına etiraz bildirilir. Burada deyilir ki, baş vermiş digər faciəli hadisələrdən fərqli olaraq, ermənilərin iddia etdiyi soyqırım ətrafında qızğın mübahisə yaranmış, bu iddialar ABŞ-ın federal məhkəmələri tərəfindən rədd edilmiş və BMT-nin məhkəmələri tərəfindən heç zaman qəbul edilməmişdir. Məktubda göstərilir ki, Osmanlı arxivlərinə əsasən, 1910-1922-ci illər arasında erməni hərbçiləri 523 000 türkü qətlə yetirib.
ABŞ prezidentləri hər il aprelin 24-də Osmanlı imperatoruluğu dövrü ermənilərin qətllərini qınyan qətnamə ilə çıxış edir. Lakin prezidentlər adətən qətlləri soyqırım kimi qiymətləndirməkdən çəkinir. Amerikadakı erməni icması illərdir ABŞ prezidentləri və Konqres üzvlərini qətlləri soyqırım kimi tanımağa çağırır. Türkiyə isə xəbərdarlıq edib ki, hadisələrin rəsmi olaraq soyqırım kimi tanınması ABŞ-la ikitərəfli münasibətlərə böyük zərər vura bilər.