TÜRKSOY Vaşinqtonda konsert təşkil etdi

Posted March 29th, 2011 at 1:38 pm (UTC-5)
Leave a comment

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY Birləşmiş Ştatlarda Novruz şənlikləri çərçivəsində Vaşinqtonda böyük konsert təşkil edib. Şəhərin tarixi Linkoln teatrında təşkil edilmiş konsertdə türk xalqlarını təmsil edən 140-dan çox incəsənət ustası iştirak edib. Novruz konsertində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyə ilə yanaşı Ukrayna və Rusiya Federasiyasının bir sıra bölgələrini təmsil edən sənət ustaları çıxış edib.

Vaşinqtondakı konsertə ABŞ Azərbaycanlılarının şəbəkəsi USAN və Qarabağ Fondu da sponsorluq edib.

TÜRKSOY-un təşkil etdiyi konsert proqramlarının əsas məqsədi Avrasiyadakı türk xalqlarının ümumi mədəni birliyinin dəstəklənməsi və gücləndirilməsindən ibarətdir.

Vaşinqtondan öncə türk xalqlarının incəsənət ustaları Nyu Yorkda BMT-nin Baş Assambleyası və Nyu Yorkun mərkəzi meydanında konsert proqramı ilə çıxış ediblər.

Vaşinqtonda “Azərbaycan Ritmləri” konserti

Posted March 25th, 2011 at 4:06 pm (UTC-5)
Leave a comment

ABŞ paytaxtında Azərbaycan musiqiçilərinin iştirakı ilə “Azərbaycan Ritmləri” konserti keçirilib. Yüzdən çox insan Vaşinqtonun tarixi Linkoln teatrında konsertə toplaşıb. Konsert iki hissədə keçib. Birinci hissədə Natiq Ritm qrupunun ifasında zərb alətlərində musiqi kompozisiyaları ifa edilib. İkinci hissədə isə Rast qrupunun ifasında Azərbaycan xalq mahnılarının caz improvizasiyaları səsləndirilib. Tamaşaçılar azərbaycanlı musiqiçiləri böyük rəğbətlə qarşılayıblar.

ABŞ-ın Qarabağ Fondu tərəfindən təşkil edilən konsert proqramına Azercell korporasiyası sponsorluq edib. Konsert proqramı Qarabağ Fondunun təşəbbüsü ilə Azərbaycan irsi həftəsi çərçivəsində keçirilib. Konsertdən öncə Qarabağ Fondunun Merilend ştatı, Montqomeri dairəsi, Aleksandriya şəhər bələdiyyəsi və Arlinqton dairəsindən, habelə Vaşinqton şəhər bələdiyyəsinin başçısı Kvame Braun və ABŞ-ın Təhsil naziri Arne Dunkandan aldığı təbriklər oxunub. Azərbaycan Milli Məclisinin deputatları Asim Mollazadə, Rasim Musabəyov və Ceyhun Osman, ABŞ Konrqesinin əməkdaşları, bələdiyyə və dairə rəsmiləri də konsertdə iştirak ediblər.

ABŞ-da Novruz şənliyi haqda Amerikanın səsinin video-reportajı

Posted March 25th, 2011 at 1:59 pm (UTC-5)
Leave a comment

Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin keçirdiyi Novruz şənliyi haqda Amerikanın səsinin video-reportajına baxın.
Video:Emil Quliyev

ABŞ konqresmeni Jim Moran Amerikadakı azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

Posted March 24th, 2011 at 10:22 am (UTC-5)
Leave a comment


Virciniya ştatından konqresmen Cim Moran ABŞ-dakı azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib. Konqresmen Cim Moran ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi USAN-ın Novruz bayramının türk xalqlarının bayramı kimi tanınması kampaniyasına cavab olaraq təşkilatın direktoru Adil Bağırova məktub göndərib. Məktubda Virciniya konqresmeni bu mühüm bayram günündə azərbaycanlılara öz təbriklərini və xoş arzularını çatdırıb. Konqresmenin məktubunda deyilir ki, Birləşmiş Ştatların türk ölkələrindəki diplomatik missiyaları bu ölkələrin xalqlarına öz təbriklərini çatdırıblar. “Bunu məqsədəuyğun hesab edirəm və ümid edirəm ki, bu, Birləşmiş Ştatların Qafqaz və Mərkəsi Asiya ölkələri ilə əlaqələrinin daha da yaxınlaşmasına xidmət edəcək.” –deyə məktubda bildirilir.

Xatırlatmaq istəyirik ki, USAN artıq dördüncü ildir ABŞ prezidentinin illik Novruz müraciətinə İranla yanaşı, Qafqaz və Mərkəzi Asiya ölkələri, o cümlədən Azərbaycanın da daxil edilməsinə nail olmaq üçün məktub kampaniyası aparır.

ABŞ Konqresində Azərbaycanla bağlı iki seminar keçiriləcək

Posted March 23rd, 2011 at 3:32 pm (UTC-5)
Leave a comment



ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi USAN martın 25-də Birləşmiş Ştatlar Konqresində Azərbaycana dair iki seminarın keçiriləcəyi barədə məlumat yayıb. Seminarlardan biri ABŞ və Azərbaycan arasında münasibətlərin bugünkü durumuna həsr edilib. Bu mövzuda çıxış etmək üçün Azərbaycan Milli Məclisinin üzvləri Asim Mollazadə, Rasim Musabəyov və Ceyhun Osmanlı tədbirə dəvət olunublar.

Konqresdə keçiriləcək ikinci seminarda Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı məsələsi müzakirə edilcək. USAN-ın təsisçiləri və fəalları Ermənistanın təbliğatı və ABŞ-da erməni lobbisinin fəaliyyətlərinin qarşısını almaq üçün göstərilən səylər və işləri müzakirə edəcək. Tədbirdə USAN-nın həmtəsisçisi və icraçı direktoru Adil Bağırov, USAN-nın Direktorlar Şurasının üzvü Bədir Məmmədli və Qafqaz universitetinin professoru Rövşən İbrahimov məruzə ilə çıxış edəcəklər.

ABŞ-da yaşayan Cavid Məmmədli Pensilvaniya ştatında gənclər arasında güləş üzrə yarışda 3-cü yerə çıxıb

Posted March 22nd, 2011 at 1:10 pm (UTC-5)
Leave a comment

                                                                                                                                                                       

Bu yaxınlarda ABŞ-ın Pensilvaniya ştatının Skranton şəhərində məktəblilər arasında güləş üzrə keçirilmiş yarışlarda 9-cu sinif şagirdi Cavid Məmmədli üçüncü yerə çıxaraq bürünc medal qazanıb.

Cavid Məmmədli artıq bir ildir ABŞ-da yaşayır. Güləş idmanı ilə yarım ildən artıqdır məşğul olur.

Gələcək planlarından danışan yeniyetmə deyir:”Mən öz üzərimdə daha da çox işləyəcəm ki, gələn yarışlarda  üçüncü yox, birinci yeri qazanım.”

Aşağıdakı linkdə Amerikanın səsinin əməkdaşı Bəxtiyar Zamanovun Cavid Məmmədli ilə müsahibəsini dinləyə bilərsiniz.

ABŞ-ın “İpək Yolu” ansamblı Novruz şənliyində Azərbaycan rəqslərini ifa etdi

Posted March 22nd, 2011 at 11:04 am (UTC-5)
Leave a comment

                                                                                                                                                                  

Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin martın 20-də Novruz bayramı münasibətilə təşkil etdiyi şənlikdə ABŞ-ın “İpək Yolu” ansamblı Azərbaycan rəqslərini ifa etdi.

“İpək Yolu” rəqs ansamblı 1995-ci ildə yaradılıb. Ansamblın bədii rəhbəri Lorel Viktorya Qreydir. Ansambl UNESCO-nun sponsorluğu ilə Özbəkistanda keçirilən Şərq Təranələri festivalında çıxış etmək hüququ qazanmış ilk Amerika rəqs qrupudur.

“İpək Yolu” ansamblının zəngin repertuarına Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin xalq rəqsləri daxildir. Rəqs ansamblının bütün üzvləri amerikalılardır.

Aşağıdakı videoda “İpək Yolu” rəqs qrupunun solistinin Novruz şənliyində ifa etdiyi Azərbaycan rəqsinə baxa bilərsiniz.

Amerika azərbaycanlılarının Novruz şənliyi

Posted March 21st, 2011 at 12:09 pm (UTC-5)
Leave a comment

Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi martın 20-də Novruz bayramı münasibətilə böyük bayram şənliyi keçirib. Amerika azərbaycanlılarının ən çox sevdiyi və böyük məhəbbətlə qeyd etdiyi Novruz şənliyinə bu il 250-dən artıq adam toplaşmışdı. Ənənəvi Novruz şənliyinə paytaxt Vaşinqton, Merilend, Virciniya və Delaver ştatları ilə yanaşı, ABŞ-ın başqa ştatlarında yaşayan həmvətənlərimiz də qatılmışdı. Qonaqlar üçün xüsusi konsert proqramı hazırlanmış, milli nemətlərlə bəzədilmiş bayram süfrəsi açılmışdır. Məşhur kaman ustası İmamyar Həsənovun çalğısı, ABŞ-ın“İpək Yolu” ansamblının ifa etdiyi Azərbaycan rəqsləri şənliyə xüsusi əhval-ruhiyyə gətirdi. Novruz ənənələrinə uyğun olaraq Bahar qız qonaqları təbrik edib, onlarla rəqs etdi. Balacalar isə Azərbaycan dilində öyrəndikləri şerləri əzbər söylədi. Qonaqlar arasında rəqs müsabiqəsi keçirildi və qaliblərə hədiyyələr verildi. Novruz şənliyinin təşkilində çox fəal iştirak edən gənclər isə bayram tonqalı qalamış və tonqalın üzərindən tullanmışdır. Gənclər Novruz şənliyinə toplaşanları tonqal ətrafında yallı rəqsinə dəvət etmişdir.

Türk Amerika Milli Liderlik konfransı ABŞ-da türk icmalarını bir araya gətirdi

Posted March 18th, 2011 at 3:25 pm (UTC-5)
Leave a comment

Vaşinqtonda Türk Amerika Milli Liderlik konfransı işinə başlayıb. Amerikada türk təşkilatlarının liderləri iki gün sürəcək konfransda türk əsilli amerikalıların siyasi biliklərinin artırılması və ABŞ-ın ictimai-siyasi həyatında daha fəal iştirakına nail olmaq yollarını müzakirə edir. ABŞ- da fəaliyyət göstərən iki ən böyük türk təşkilatının sponsorluq etdiyi konfransa ABŞ azərbaycanlılarının şəbəkəsi USAN və Azərbaycan-Amerika Şurası da dəvət edilib.

Konfrans iştirakçıları bu gün Amerikadakı türk xalqlarının təmsil olunduğu təşkilatların fəaliyyətinin gücləndirilməsi və bu qruplar arasında fəaliyyətlərin əlaqələndirilməsi məsələsini geniş müzakirə edib. Amerika-Azərbaycan Şurasının baş direktoru Cavid Hüseynov və ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi olan USAN təşkilatının həmtəsisçisi və icraçı direktoru Adil Bağırov Azərbaycan diasporunun fəaliyyətinin istiqamətləri haqda danışdılar.

Amerikada Pax Turcica institutunun həmtəsisçisi Cavid Hüseynov prezentasiyasında ABŞ-da türk əsilli amerikalıların birliyi konsepsiyasına geniş yer verdi. O bildirdi ki, Pax Turcica institutu işini əsas üç istiqamətdə aparır. Bu da icma üzvlərinin təşkilatlandırılması və onların maarifləndirilməsi, habelə mədəniyyətlərarası dialoqun qurulmasından ibarətdir. Cavid Hüseynov dedi ki, əvvəllərlə müqayisədə bu gün türk təşkilatları arasında fəaliyyətlərin daha çox əlaqələndirildiyini müşahidə etmək olar. O, ABŞ-da yaşayan türk xalqlarının nümayəndələrindən ibarət diasporun gənc üzvləri ilə işləməyin vacibliyini vurğuladı.

ABŞ-da yaşayan azərbaycanlıların USAN şəbəkəsinin icraçı direktoru Adil Bağırov Azərbaycan icmasının fəaliyyətlərindən danışdı. O bildirdi ki, USAN Birləşmiş Ştatlarda Azərbaycan və azərbaycanlıların maraqlarını təmsil edən başlıca təşkilat kimi tanınıb. Adil Bağırov son zamanlar ABŞ-da yaşayan azərbaycanlılar arasında fəallığın artmasının müşahidə olunduğunu bildirdi. O qeyd etdi ki, diaspor nümayəndələrinin fəaliyyətləri nəticəsində ABŞ Konqresi və ayrı-ayrı ştatlarda Azərbaycanla bağlı bir sıra mühüm sənədlər qəbul və təsdiq edilib. Adil Bağırov bu sənədlər arasında dünya ölkələrində ilk dəfə olaraq Nevada ştatının qubernatorunun martın 31-nin kütləvi şəkildə qətlə yetirilmiş azərbaycanlıların anım günü kimi tanıyan sərəncamını və Texas ştatının parlamentində ilk dəfə olaraq Azərbaycan diaspora üzvləri haqda qəbul edilən qətnaməni göstərdi. Bunların böyük uğur olduğunu deyən Adil Bağırov görüləsi işlərin hələ çox olduğunu da qeyd etdi.

Türk Amerika Milli Liderlik konfransının sonuncu günü ABŞ-dakı türk təşkilatlarının gənclərlə işinə həsr edilib. Tədbir çərçivəsində keçiriləcək iclaslarda gəncləri maraqlandıran məsələlər və onlarla iş prinsipləri, habelə tələbə təşkilatları və dərnəklərinin işi müzakirə ediləcək.

Türk Amerika Liderlik konfransının açılış günü Türkiyənin Avropa İttifaqı məsələləri üzrə xüsusi nümayəndəsi Egemen Bağış və Amerika ictimaiyyətinin üzvləri iştirak edib. Tədbir çərçivəsində türk təşkilatlarının nümayəndələri təmsil olunduqları ştatların Konqresdəki nümayəndələri ilə görüşüb.

Nyu Yorkda türk moda dizaynerinin kolleksiyası nümayiş etdirilib

Posted March 17th, 2011 at 2:35 pm (UTC-5)
Leave a comment

Türkiyənin moda dizayneri Mehmet Köymenin Nyu Yorkda Metropoliten pavilyonunda “Sultanın kolleksiyası” adlı geyim kolleksiyası nümayiş etdirilib. Moda şousu Türkiyənin Nyu Yorkdakı Baş Konsulluğu və Amerika Türk Qadınlar Birliyinin dəstəyi ilə həyata keçirilib. Tədbirdə Türkiyənin Nyu Yorkdakı Baş konsulu Mehmet Samsar, Nyu York və Nyu Cersidə yaşayan türk icmasının üzvləri, amerikalı qonaqlar iştirak ediblər.

“Sultanın kolleksiyası” Türkiyə qadınlarına həsr edilib. Dizayner deyib ki, kolleksiya uğur qazansa, gələn il də bu mövziya üz tutacaq. Mehmet Köymen əlavə edib ki, gələn il kolleksiyanın bütünlüklə türk modelləri tərəfindən nümayiş etdirilməsinə çalışacaq.

Tədbirdən və kolleksiyanın satışından əldə ediləcək gəlir Amerikada türk uşaqların təhsil aldığı Atatürk məktəbinə veriləcək. Mehmet Köymen kolleksiyasını prestijli Manhettendə göstərə bilməsindən böyük qürur duyduğunu bildirib.

Mehmet Köymenin “Şəhrizad” geyim kolleksiyasına aşağıdakı videoda baxın.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>