Neft Daşları haqda sənədli film Vaşinqtonda beynəlxaq kino-festivalda nümayiş etdirilir

Posted March 15th, 2011 at 3:39 pm (UTC-5)
1 comment

ABŞ paytaxtında martın 15-27-i ətraf mühit problemlərinə həsr olunmuş beynəlxalq kino-festival keçirilir. Kino-festivalda göstərilən filmlər arasında 2009-cu ildə rejissor Mark Volfensberqer tərəfindən yaradılmış “Neft Daşları-Su üzərində şəhər” adlı sənədli film də nümayiş etdiriləcək.  İsveçrə-Azərbaycan istehsalı olan sənədli film 1949-cu ildə sovet dövrü inşa edilmiş Neft Daşlarının keçmişi və bu gününə həsr edilib. Neft Daşlarının 60 illik tarixində ilk dəfə olaraq  xarici çəkiliş qrupuna dəmir platformalar üzərində şəhəri bütünlüklə çəkmək imkanı verilib. Sovet dövründən qalmış ağ-qara arxiv kadrları ilə bərabər müasir video görüntülərlə çəkiliş qrupu  “Neft Atlantidası” –nın əsl tarixini yaratmağa çalışıb. “Neft Daşları” sənədli filmi Vaşinqtondakı İsveçrə səfirliyi və Karneqi Elm İnstitutunda nümayiş etdiriləcək.

Filmdən hissəni aşağıdakı linkdə izləyə bilərsiniz

http://www.thin-line.net/thinline/Documentaries.html

Amerikada uşaqlar üçün Novruz şənliyi

Posted March 15th, 2011 at 11:46 am (UTC-5)
Leave a comment

Amerikada azərbaycanlı qadınların təşkilatı AWA martın 13-də uşaqlar üçün Novruz şənliyi keçirib. Tədbirdə paytaxt Vaşinqton, Virciniya və Merilend ştatlarında yaşayan uşaqlar və onların valideynləri iştirak edib. Şənliyin təşkilatçıları uşaqlara Novruz bayramı haqqında məlumat verib. Balacalar üçün bayram süfrəsi açılıb və xonçalar düzəldilib. Uşaqlar Azərbaycan dilində şerlər söyləyiblər.  Novruz adətlərini uşaqlara öyrətmək məqsədilə uşaqlara yumurta boyamaq öyrədilib. Milli geyimdə olan qızların rəqsləri şənlikdə xüsusi əhval-ruhiyyə yaradıb. AWA bildirib ki, tədbirin əsas məqsədi uzaq Amerikada uşaqlara Novruz adətlərini öyrətməkdən ibarətdir. Novruz şənliyi Virciniya ştatının Aleksandriya şəhərində keçirilib.

“Sahə” filmində çəkilmiş Timur Oduşev Hollivudun ən yaxşı gənc aktyoru mükafatını alıb

Posted March 14th, 2011 at 4:18 pm (UTC-5)
Leave a comment

Gənc azərbaycanlı aktyor Timur Oduşev “Sahə” filmində ifa etdiyi rola görə Hollivudun gənc aktyorlarına verilən ən yüksək mükafata (Hollywood Young Artists Award) layiq görülüb. Timur Oduşev Hollivudun 32-ci gənc aktyor mükafatlarının təqdimatı mərasimində xarici kino-filmdə baş rolun ən yaxşı ifaçısı kimi mükafat alıb. Tədbir martın 13-də Kaliforniyada Los Anceles şəhərində keçirilib “Sahə” filminin quruluşçu-rejissoru İlqar Safat Amerikanın səsinə xəbəri təsdiqləyib. “Bu, bizim üçün böyük sevincdir. Əslində, sevincimizdən az qala şokda idik”  -deyə o bildirib.

“Sahə”filmi Azərbacyanın (“Nərimanfilm”) və Gürcüstanın (“Georgiafilm”) birgə layihəsidir. Film bütünlüklə Azərbaycanda çəkilib.

Filmin quruluşçu-rejissoru İlqar Safat və aktyor Timur Oduşevin Amerikanın səsinə verdiyi eksklüziv müsahibəni Amerikanın səsinin veb səhifəsində oxuya və dinləyə bilərsiniz.

“Sahə” filmi haqda məlumat almaq üçün bu linkə baxa bilərsiniz.

http://www.theprecinct.az/

Hollivudun gənc aktyorları mükafatları haqda məlumat aşağıdakı linkdədir.

http://www.youngartistawards.org/

ABŞ-da ilk dəfə olaraq Azərbaycan diaspor nümayəndələri haqda qətnamə qəbul edilib

Posted March 13th, 2011 at 11:47 am (UTC-5)
Leave a comment

Texas ştatının qanunverici orqanında ilk dəfə olaraq Azərbaycan diaspor üzvləri haqda qətnamə qəbul edilib.

ABŞ-da yaşayan azərbaycanlılıarın şəbəkəsi USAN xəbər verir ki, hər il aparılan intensiv kampaniya nəticəsində Texas qanunvericisi Skot Hokberq tarixi addım ataraq, dünya ölkələrində ilk dəfə Amerikada yaşayan azərbaycanlılar haqda ştat Konqresinin Nümayəndələr Palatasına qətnamə təqdim etmiş və onun təsdiqinə nail olmuşdur.

Cənab Hokberq Texas ştatında və xüsusilə də onun doğma şəhəri olan Hyuston şəhərində yaşayan bütün azərbaycanlılara və onların təmsil olunduqları Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasına dəstəyini bildirib.

HR 220 nömrəli qətnamə 2011-ci il fevral ayının 25-də qəbul edilib. Sənəddə deyilir ki, Hyustonda yaşayan azərbaycanlıların sayı artır və onlar şəhərin iqtisadiyyatına töhfələr verir, Texas ştatının enerji sənayesinin gücləndirilməsinə öz bilikləri və səyləri ilə bölüşürərək kömək edir, habelə ştatın və şəhərin siyasi həyatında fəal iştirak edir.  Qətnamədə Amerika azərbaycanlılarının ştatın çoxmillətli icmasına mühüm töhfələr verdiyi qeyd edilir.

Skot Hokberq  Texasın Nümayəndələr Palatasında 1993-cü ildən Hyuston şəhərini təmsil edir. O, Nümayəndələr Palatasında İctimai Təhsil komitəsinin həmsədridir. 2007-ci ildə cənab Hokberq Texas ştatının 10 ən yaxşı qanunvericisi siyahısında göstərilmişdir.

Texas ştatının qanunverici orqanında qəbul edilmiş qətnamə ilə aşağıdakı linkdə tanış ola bilərsiniz.

http://www.legis.state.tx.us/tlodocs/82R/billtext/pdf/HR00220F.pdf#navpanes=0

Türk Amerika Milli Liderlik konfransı (Vaşinqton, mart 17-19)

Posted March 10th, 2011 at 7:40 pm (UTC-5)
Leave a comment

Martın 17-19-u Vaşinqtonda Türk Amerika Milli Liderlik konfransı keçiriləcək. ABŞ- da fəaliyyət göstərən iki ən böyük türk təşkilatının sponsorluq etdiyi konfransa ABŞ azərbaycanlılarının şəbəkəsi USAN da dəvət edilib. Konfransda əsas diqqət Amerikadakı türk icmalarının fəaliyyətinin ABŞ və Türkiyə arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət edəcək bir şəkildə qurulması məsələsinə yönələcək. İki gün keçiriləcək iclaslarda ABŞ-dakı türk təşkilatlarının problemləri və onların fəaliyyətinin istiqamətləri müzakirə ediləcək. Tədbirdə Türkiyənin Avropa İttifaqı məsələləri üzrə xüsusi nümayəndəsi Egemen Bağış, ABŞ Konqresində Türkiyə üzrə işçi qrupunun həmsədri Virciniya Foks, aparıcı elmi-tədqiqat institutlarının ekspertləri, türk və Azərbaycan təşkilatlarının icraçı direktorları məruzələr edəcək.  Tədbir çərçivəsində türk təşkilatlarının nümayəndələri təmsil olunduqları ştatların Konqresdəki nümayəndələri ilə görüşəcək.

Konfransla bağlı ətraflı məlumatı aşağıdakı linkdə tapmaq olar:

http://www.ataa.org/

Azərbaycanlı Amerika Qadınlar Assosiasiyasının prezidenti Gülbəniz Arifqızı (Beniz Spencer)

Posted March 10th, 2011 at 5:21 pm (UTC-5)
1 comment

 

Gülbəniz Arifqızı (Beniz Spenser) Kaliforniya ştatında fəaəliyyət göstərən Azərbaycanlı Amerika Qadınlar Assosiasiyasının prezidenti və təsisçələrindən biridir.

ABŞ-a gəlməzdən əvvəl o, Azərbaycanda “Ordu”, “Ədalət”, “Azərbacyan İşıqları” və “Hünər” mətbu orqanlarında müxbir kimi çalışıb. Bu illər ərzində o, Beyləqan, Cəbrayıl, Qubadlı rayonları və Xocalıda faciədən bir həftə əvvəl münaqişə yerlərindən məlumatlar verib.

Gülbəniz Arifqızı 1997-ci ildən ABŞ-ın Kaliforniya ştatında yaşayır. 2006-cı ildə onun “Müharibə yolları ürəyimdən keçir” adlı kitabı işıq üzü görüb. Kitab Qarabağ haqqında ən yaxşı kitablar arasında göstərilib və  Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl Qələm” mükafatını alıb.

Azərbaycanlı Amerika Qadınlar Assosiasiyası 2006-cı ildə yaradılıb. Təşkilatın məqsədi ABŞ-da yaşayan azərbaycanlı qadınları maraqlandıran məsələləri gündəmə gətirməklə yanaşı, Amerikada Azərbaycan haqda biliklərin artırılması, Azərbaycan mədəni irsinin qorunması, bununla yanaşı həm ABŞ, həm də Azərbaycanda qadınları dəstəkləyən xeyriyyə aksiyalarının keçirilməsindən ibarətdir. AAWA həmçinin mədəniyyətlərarası anlaşmanı artırmaq üçün ABŞ-da fəaliyyət göstərən qadın təşkilatları ilə əlaqə yaratmaq və bu əlaqələri möhkəmləndirmək məqsədi güdür. Təşkilatın təsisçiləri Beniz Spenser (Gülbəniz Akifqızı), Natella İsazadə və Fəridə Buyurundur. Təşkilat Kaliforniya ştatının Korona şəhərində fəaliyyət göstərir.

Azərbaycanlı Amerika Qadınlar Assosiasiyasının veb səhifəsi ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://aawausa.org/

ABŞ-dakı Azərbaycan diaspor təşkilatları Nizami Gəncəvinin 870 illiyini Amerikada qeyd etməyi planlaşdırır

Posted March 9th, 2011 at 7:52 pm (UTC-5)
Leave a comment

2011-ci il Azərbaycanın dahi şairi Nizami Gəncəvinin anadan olmasının 870 illiyidir. ABŞ-dakı Azərbaycan təşkilatları Nizami Gəncəvinin 870 illiyini Amerikada qeyd etməyi planlaşdırır. Bu haqda bizə Kaliforniyada fəaliyyət göstərən Azərbaycan-Amerika Şurasının direktoru Cavid Hüseynov məlumat verib.

Onun bildirdiyinə görə Nizami Gəncəvinin 870 illiyi münasibətilə Amerika Azərbaycan Cəmiyyəti, Azərbaycan-Amerika Şurası və Pax Turcica İnstitutu Vaşinqton, Nyu York, Los Anceles, San Fransisko, Toronto, Hyuston və Şimali Ameikanın başqa şəhərlərində elmi-mədəni konfranslar keçirməyi planlaşdırır. İl boyu keçiriləcək tədbirlərə Nizami Gəncəvinin həyatı və yaradıcılığı, Azərbaycanın mədəni irsi mövzusunda məruzələr etmək üçün ekspertlərin dəvət olunması nəzərdə tutulub.

Amerika Azərbaycan Cəmiyyəti 1995-ci ildən Nizami Gəncəvi haqda internetdə ən populyar veb səhifələrdən birini yaradıb. Səhifədə Oksford universitetinin professori, Nizamişünas alim Culi Meysaminin tədqiqatları yerləşdirilib.

Səhifənin ünvanını aşağıdakı linkdə tapa bilərsiniz:  http://nizami.azeris.com

Amerika Azərbaycan Cəmiyyəti Amerikada yaşayan azərbaycanlıların ilk təşkilatı kimi 1957-ci ildə yaradılıb. Azərbaycan-Amerika Şurası ABŞ-da 2006-cı ildən fəaliyyət göstərir.

Namik Tan:”Ermənistanla münasibətlərin yaxşılaşdırılması Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır”

Posted March 8th, 2011 at 10:21 pm (UTC-5)
Leave a comment

Türkiyənin ABŞ-dakı səfiri Namiq Tan Vaşinqtonda Con Hopkins universitetinin Beynəlxalq Araşdırmalar mərkəzində Türkiyənin xarici siyasət kursuna dair məruzə edib. Cənab Tan Türkiyənin Avropa İttifaqına üzvlüyü, Türkiyə-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli kimi bir sıra geniş məsələləri şərh edib. Səfir Tan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Minsk qrupunun səylərini dəstəklədiyini bildirib.

“Burada ciddi vəziyyətlə qarşılaşmışıq. Bununla Azərbaycan torpaqlarının işğalını nəzərdə tuturam. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bu, qəbuledilməzdir. Problemin əsas hissəsi bununla bağlıdır. Biz Minsk qrupunun səylərini dəstəkləyirik. Qrupa daxil olan üzv ölkələr məsələ ilə ciddi məşğul olur. Keçən həftə bizim xarici işlər nazirinin yardımçısı Vaşinqtonda idi və o da məsələni müzakirə edib və fikir mübadiləsi aparıb. Münaqişə regionda ümumilikdə vəziyyətə təsir edir, region ölkələrinin bölgədə tərəqqi yolunda səylərinə mane olur. Münaqişənin tez zamanda həllini tapmalı olduğuna inanıram.”

Türkiyə səfiri Ermənistanla münasibətlərə də toxunaraq deyib ki, iki ölkə arasında problemlərin həlli Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından sonra daha asan ola bilər.

“Bu məsələlər bir-bir ilə bağlıdır. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli yolu tapıldıqdan sonra bizim də Ermənistanla problemlərin həlli istiqamətində səylərimizi gücləndirməyimiz daha asan ola bilər.”-deyə o bildirib.

Merilend ştatının Montqomeri əyalətində 2011-ci il mart ayı Azərbaycan İrsi ayı elan edilib

Posted March 8th, 2011 at 8:06 pm (UTC-5)
Leave a comment

ABŞ-ın Merilend ştatının Montqomeri əyalətində 2011-ci il mart ayı Azərbaycan İrsi ayı elan edilib.  Əyalətin icra hakimiyyətinin başçısı Ayze Leggett bununla bağlı sərəncam imzalayıb. Sənəddə Azərbaycanın şərqdə ilk müstəqil müsəlman respublikası və müsəlman şərqində qadınlara səsvermə hüququnun verildiyi ilk ölkə olduğu qeyd edilir. Burada deyilir ki, Qafqaz regionunda mədəniyyətin beşiyi olan Azərbaycan şairə Xurşud banu Natəvan və bəstəkar Üzeyir Hacıbəyov kimi sənətkarlar yetişdirib. Sənəddə həmçinin Azərbaycanın ABŞ-ın strateji müttəfiqi olduğu bildirilir. Sərəncamda azərbaycanlıların ABŞ cəmiyyətinə verdiyi töhfələr göstərilir, Kaliforniyanın Berkli universitetinin doktoru Lütfü Zadənin adı qeyd edilir.

Sərəncamla aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://karabakhfoundation.org/assets/305/Montgomery_County_Azerbaijani_Heritage_Month_Proclamation.pdf

2011-ci ilin mart ayının Azərbaycan İrsi ayı kimi tanınması təşəbbüsü ilə Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu çıxış edib və Montqomeri icra hakimiyyətinə bununla bağlı müraciət edib. Yaxın günlərdə əyalətin mərkəzi olan Rokvil şəhərində icra başçısı Ayze Leggetin iştirakı ilə mart ayının Azərbaycan İrsi ayı elan edilməsi ilə bağlı mərasim keçiriləcək.

Merilend ştatının Montqomeri əyaləti paytaxt Vaşinqtonun ətrafında yerləşir.

Tanış olun, Amerikada yaşayan azərbaycanlı qadınların təşkilatı AWA

Posted March 8th, 2011 at 5:12 pm (UTC-5)
Leave a comment

Amerikada Azərbaycan qadınlar assosiasiyası AWA paytaxt Vaşinqton, Virciniya və Merilend ştatlarında yaşayan azərbaycalı qadınlar tərəfindən yaradılıb. AWA-nın məqsədi Amerikada yaşayan Azərbaycan qadınlarını bir araya gətirmək, Amerika və Azərbaycan mədəniyyətlərini bir-birinə tanıtmaq, Azərbaycanda qadın və uşaqların xeyrinə aksiyalar keçirməkdən ibarətdir.

Təşkilatın təsisçiləri Turan Qəribova, Rəna Məmmədli, Səidə Məmmədova, Leyla Məmmədova, Lalə Rəhimova, Sevda Kərimovadır.

Assosiasiyanın veb səhifəsinə aşağıdakı linkdə baxa bilərsiniz:

http://www.azwomenofamerica.org/

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>