“Mən ən əvvəl qadınam”
Jaklin Kennedi Onasis, ABŞ-ın birinci xanımı
Bu gün 100 ildir ki, dünya qadınları 8 Mart gününü qeyd edir. 100 il uzun bir yoldur. Bu yolda qadınlar təhsil almaq, səs vermək hüququ almağa nail olub, siyasətə qoşulmaq , bizneslə məşğul olmaq imkanı əldə edib. Bu qadınlar alqışlara layiqdir.
Beynəlxalq Qadınlar günü münasibətilə sizi təbrik edirəm, əziz qadınlar!
Sizə ABŞ-ın ilk qadın dövlət katibi olmuş Madlen Olbraytla görüşüm haqda yazını təqdim edirəm.
Mən hər zaman ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın eleqant üslubu və tutduğu yüksək vəzifəyə baxmayaraq, qadın kimi görünmək istəyini gizlətməməsinə pərəstiş etmişəm. Amerikanın ilk qadın dövlət katibi olmuş Madlen Olbrayt ABŞ-n xarici siyasətində özünün bacarıqlı diplomatik qabiliyyətlərilə yanaşı, həm də taxdığı sancaqlar və onlardan diplomatik təmas vasitəsi kimi istifadə etdiyinə görə tanınır. Əslən Çexiyadan olan Madlen Olbrayt bijuteriya sənayesinə dəstək vermək üçün müxtəlif bəzək əşyaları, o cümlədən, sancaqlar taxırdı. Sonradan o, bəzək əşyalarından təkcə ziynət əşyası kimi deyil, həm də diplomatik danışıqlarda dünya liderlərinə mesaj göndərmək üçün istifadə etmişdi. Ruslar hətta ABŞ dövlət katibinə “Madam Broşkina” təxəllüsü vermişdi. Madlen Olbraytın 200-dən çox müxtəlif broşkadan ibarət zəngin kolleksiyası onun klassik geyinməyi bacaran və eleqant bir xanım olduğunu bir daha sübut edir. 2009-cu ildə xanım Olbryatın “Sancaqlarımdan oxuyun” adlı kitabı işıq üzü gördü. Kitabda ABŞ-ın keçmiş dövlət katibi sancaq kolleksiyası və broşkalarından bəhs edir.
Mən kitabın prezentasiyasında iştirak edib Madlen Olbraytla görüşdüm. Xanım Olbraytla görüşün sonunda o mənim də kitabımı imzaladı və onunla ayaqüstü söhbət edə bildik. Mənim Azərbaycandan olduğumu bildikdə, o, Bakıya səfərini xatırladı, xoş təəssüratları olduğunu dedi. Mən də ona üzərindəAzərbaycan və Amerika bayraqlarının olduğu bir sancaq bağışladım. Xanım Olbrayt böyük məmmuniyyətlə kiçik suveniri qəbul etdi. İndi Madlen Olbraytın kolleksiyasında üzərində Azərbaycan bayrağı olan yeni sancaq var.
Madlen Olbraytın kitabının prezentasiyası ilə bağlı məqaləni bu linkdə tapa bilərsiniz.