ABŞ Dövlət Departamenti Kazan görüşünün nəticələri haqda:”Ümidlər boşa çıxdı”

Posted June 27th, 2011 at 3:01 pm (UTC-5)
Leave a comment

ABŞ Dövlət Departamenti Amerikanın səsinin Birləşmiş Ştatların Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında iyunun 23-də Kazan şəhərində görüşünün nəticələrinə reaksiyası ilə bağlı sualını cavablandırıb.

Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland ABŞ-ın münasibətini bildirərək deyib: ”Ermənistan və Azərbaycan prezidentləri Kazanda görüş zamanı Baza prinsipləri üzrə razılığa gələ bilməyib. Bununla belə, Rusiya prezidenti Dmitri Medvedevlə birgə verdikləri bəyanatda onlar bir sıra məsələlər üzrə daha yaxşı anlaşmaya nail olduqlarını, Baza prinsipləri üzərində işi davam etdirməyə razı olduqlarını və gələcəkdə bir araya gələcəkləri barədə razılıq əldə ediblər. Mən yenə də deyərdim ki, ümidlər boşa çıxdı”.

Kazan görüşündən öncə ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyana zəng edib. Prezident Obama mayın 26-da ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması istiqamətində həlledici addımın atılmasının vacibliyi vurğulanan birgə bəyanatını xatırladıb və tərərfləri Baza prinsiplərinə dair razılıq əldə etməyə çağırıb. Rusiya prezidenti Dmitri Medvedevin iştirakı ilə keçən Kazan görüşündə tərəflər razılıq əldə edə bilməmiş və açıqladıqları birgə bəyanatda baza prinsiplərinin razılaşdırılması üçün şərait yarada biləcək bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın yarandığını qeyd etmişlər.

Vəfa Quluzadə:”İndiyə qədər yalnız iki dəfə uğura yaxın olmuşuq”

Posted June 25th, 2011 at 2:51 pm (UTC-5)
Leave a comment

Xəzər Araşdırmalar Mərkəzinin prezidenti, keçmiş müşavir, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda müzakirəçi olmuş tanınmış politoloq Vəfa Quluzadə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşünün nəticələrini şərh edir.

New York Times Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşü haqda yazır

Posted June 25th, 2011 at 2:39 pm (UTC-5)
Leave a comment

New York Times qəzeti Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşü haqda məqalə dərc edib. “Azərbaycan və Ermənistan münaqişəyə son qoymaq üçün razılığa gələ bilmədi” adlı məqalədə deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Baza prinsipləri üzrə razılığa gələ bilməyən prezidentlər görüşdən sonra birgə bəyanatda bir sıra məsələlər ətrafında qarşılıqlı anlaşmaya nail olduqlarını bildiriblər. Qəzet danışıqlara cəlb olunub adının açıqlanmadığı bir diplomata istinadən yazır ki, tərəflər vasitəçilərin ümid etdiyindən daha az inkişafa nail ola bilib. New York Times bildirir ki, Baza prinsipləri üzrə razılıq sülh sazişi üzərində işə başlamağa imkan verə bilərdi.

ABŞ azərbaycanlıları Azərbaycanda qaçqınlar problemi və Dağlıq Qarabağ məsələsi barədə məktub kampaniyası keçirir

Posted June 20th, 2011 at 4:07 pm (UTC-5)
Leave a comment

Amerikada yaşayan azərbaycanlı icmasının üzvləri  ABŞ prezidenti Barak Obama və Konqres üzvlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çağırışı ilə məktub göndərib.

ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi USAN bu ayın əvvəllərində ABŞ liderləri və qanuvericilərin diqqətini Azərbaycanda qaçqınların problemi və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacibliyinə yönəltmək üçün  məktub kampaniyasına  başlayıb.  Bu, artıq dördüncü ildir ki, Amerika azərbaycanlıları belə bir məqsədlə məktub kampaniyası keçirir. Məktubda icma üzvləri Obama administrasiyası və ABŞ Konqresini Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, Azərbaycanın ərazi bütövlüyünün bərpası və bütün qaçqınların öz evlərinə qayıtmasına yardım etməyə çağırır.

Atalar günündə atam haqda düşüncələrim

Posted June 19th, 2011 at 4:24 pm (UTC-5)
1 comment


Amerikada Atalar günü rəsmi bayram deyil. Amma adı simvolik görünsə də, həyatımızda böyük rol oynayan İnsan üçün ilin bir gününü ayırmaq məncə, çox düzgündür. Atalar günündə artıq çoxdan təkcə ona valideyn deyil, bir vətəndaş kimi baxdığım insanı düşünürəm. Bəzən mən də başqaları kimi atama Süleyman müəllim deyə müraciət etmək istəyirəm. Atam mənim üçün böyük valideyn və dost olmaqla yanaşı, həm də həmişə müəllim və vətəndaş olub. “Tom Soyerin macəraları”nı bizə oxuyanda, hər bazar günü bizi gəzintiyə aparanda, Şuşanın dağlarında hər gülün-çiçəyin, bulağın adını bizə öyrədəndə, Sovet İttifaqının “bir vaxt gələcək, mövcud olmayacağı”nı deyəndə, İranda azərbaycanlılıarın dil və mədəni hüquqlarının pozulduğunu başa salanda qarşımızda hər zaman tarixçi-vətəndaş dayanırdı.

1979-cu ilin iyul ayı idi. Süleyman müəllimin bir keyfiyyətini də burada qeyd etməliyəm ki, klass sürücüdür. Həmin il o bizi maşınla Bakıdan Berlinə aparmışdı. Bir həftə ərzində Azərbaycandan Şimali Qafqaz, Ukrayna və Polşanı keçərək Almaniyaya gəlmişdik. Berlinin mərkəzi meydanlarından birinin lap yaxınlığında iki dünyanı bölən böyük bir sədd dururdu: Berlin divarı. Sovet turistləri onun qarşısında foto-şəkil çəkdirir, “Katyuşa” mahnısını oxuyurdular. Atamın divara və onun arxasından Bundestaqa baxdığına diqqət etdim. Gəzintini qurtarandan sonra o, maşında xəritəni çıxarıb növbəti marşrutu seçməyə başladı və bizə “oturun, gedək” dedi. Berlindən çıxdıq. Yağışlı, çiskinli bir gün idi. Bir azdan uzaqda sərhəd postu, sonra isə sovet əsgərlərinin kölgələri görünməyə başladı. Atam maşını saxladı. Bizi narahat edən “haraya gedirik” sualının cavabını indi artıq bilirdik. Həmin gün Süleyman müəllim bizə çox mühüm bir tarixi mühazirə oxudu. Almanların nəyə görə bölünmüş xalq olduğu haqda qısa ekskursdan sonra üzünü bizə tutub dedi:”Amma bu, həmişə belə olmayacaq. Sovet ordusu Almaniyada daimi qalmayacaq. Almanlar birləşəcək, Almaniya vahid dövlət olacaq. Mən bəlkə bunu görə bilmədim, amma siz görəcəksiniz.” Bu sözləri deyəndən sonra atam maşını geriyə sürdü.

Yay tətilindən böyük təəssüratlarla qayıtdıq. O tarixi mühazirə isə bir müddətə yaddan çıxdı. 1989-cu ildə almanlar Berlin divarını sökdü və Almaniya birləşdi. Həmin gün mən atamı təbrik etdim və onun Almaniyada bizə oxuduğu kiçik mühazirəni xatırlatdım. Amma xatırlatmağa ehtiyac yox idi. Çünki tarixçi yaddaşı da tarixçi uzaqgörənliyi qədər güclüdür.

“Azərbaycan və Birləşmiş Ştatlar:Qadınlara səsvermə hüququ verən öncül ölkələr”(VİDEO)

Posted June 16th, 2011 at 2:38 pm (UTC-5)
Leave a comment

Konqres kitabxanasında “Azərbaycan və Birləşmiş Ştatlar:Qadınlara səsvermə hüququ verən öncül ölkələr” mövzusunda məruzə oxunub. Mühazirə Vaşinqtondakı Süval-Belmont muzeyinin direktor müavini, muzeyin kolleksiyalar şöbəsinin müdiri Cennifer Krafçik tərəfindən təqdim edilib. Muzey ABŞ-da qadın hərəkatı tarixinə dair ən zəngin kolleksiyaya malikdir.

Rəssam Ağa Hüseynovun əsərləri Venesiyada incəsənət sərgisində nümayiş etdirilib

Posted June 16th, 2011 at 2:03 pm (UTC-5)
Leave a comment

İyunun 1-i İtaliyanın Venesiya şəhərində Palazzo Benzon sarayında 54-cü Beynəlxalq Təsviri İncəsənət Sərgisi açılıb. Bu il üçüncü dəfədir ki, Azərbaycanlı rəssamlar da sərgiyə qatılır. Sərgi “İlluminasiya” adı altında keçib.

Sərgidə Nyu-Yorkda yaşayan Azərbaycanlı rəssam Ağa Hüseynovun da işləri nümayiş etdirilib. Ağa Hüseynovun əsərlərində Bakı motivləri mərkəzi yer tutur. Azərbaycanlı rəssamın işləri dünyanın bir sıra ölkələrində sərgilərdə göstərilib.

Ağa Hüseynovun Amerikanın səsinə müsahibəsini burada dinləyin.

Ancelina Joli Türkiyə-Suriya sərhəddinə gedir

Posted June 15th, 2011 at 3:31 pm (UTC-5)
Leave a comment

Hollivud aktrisası, BMT-nin xoşməramlı səfiri Ancelina Joli Suriya qaçqınlarının vəziyyəti ilə tanış olmaq üçün Türkiyəyə səfər edəcək. Səfərin cümə günü başlayacağı bildirilir. Ancelina Jolinin Türkiyə-Suriya sərhəddində çadır şəhərciyinə baş çəkəcəyi gözlənilir.

Suriya silahlı qüvvələrinin ölkənin şimalında Cisr əl-Şuqur şəhərində yerləşməsindən sonra minlərlə insan zorakılıqlardan qorxaraq, qonşu Türkiyəyə pənah gətirmişdir.

Dünyanın böhranlı bölgələrinə səfərlər edən Ancelina Joli 2001-ci ildən BMT-nin Qaçqınlar agentliyinin xoşməramlı səfiridir.

Torontoda Azərbaycan-Türk icmasının üzvləri erməni gənclərin aksiyasına etiraz olaraq nümayiş keçirib

Posted June 14th, 2011 at 2:04 pm (UTC-5)
Leave a comment

Kanadanın Toronto şəhərində iyunun 10-dan 13-ə qədər 4 gün ərzində Azərbaycan və Türk icmasının üzvləri Erməni Gənclər Federasiyasının Türkiyə əleyhinə aksiyasına cavab olaraq etiraz nümayişləri keçirib.

Toronto Universitetinin Azərbaycanlı Tələbələr Asssoasiyasının prezidenti İskəndər Qədirzadənin AzeriDiaspora verdiyi məlumata əsasən, iyunun 10-da Torontodakı Erməni Gənclər Federasiyası Türkiyəni ermənilərin iddia etdiyi soyqırımı tanımağa çağıraraq, 72 saatlıq aclıq aksiyasına başlayıb. Aksiyanın ilk günü erməni gənclər əllərində “Erməni soyqırımı” plakatları ilə Türkiyə konsulluğu qarşısında toplaşıb.

Toronto Universitetinin Azərbaycanlı Tələbələr Asssoasiyası və Kanadada Türk Assosiasiyaları Federasiyası buna cavab olaraq icma üzvlərini əks-aksiyaya çağırıb. Aksiya iştirakçıları Ermənistanın Azərbaycan torpaqlarının işğalı və Xocalı faciəsinə dair broşürlər və informasiya bülletenləri hazırlayıb, nümayiş zamanı Azərbaycan və Türkiyənin bayraqlarını dalğalandırıblar.

Aksiyada Azərbaycan-Türk icmasının 100-dən çox üzvünün iştirak etdiyi bildirilir.

Washington Post qəzetində Azərbaycan haqda məqalə

Posted June 13th, 2011 at 12:23 pm (UTC-5)
Leave a comment

Washington Post qəzetində “Azərbaycan Şərqlə Qərb arasında” adlı məqalə dərc edilib. Məqalənin müəllifi Keti Lalli Azərbaycanın Eurovision müsabiqəsində qələbəsinin ölkənin imicinə və gələcəyinə təsirindən yazır.

Məqaləni “Görəsən fərqli düşünən insanların danışıq dili olan rokn-roll azərbaycanlıları azad edəcəkmi?” sualı ilə başlayan müəllif gələn il 43 ölkənin iştirakı ilə müsabiqəyə ev sahibliyi edəcək Azərbaycanın indikindən daha artıq tolerantlıq və açıqlıq göstərməli olacağını deyir. Məqalə müəllifi yazır ki, Eldar Qasımov və Nigar Camal müəyyən mənada xalqın azadlıq və demokratiya ilə bağlı ümidlərinin simvoluna çevrilib.

Washington Post-un məqaləsində deyilir ki, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza müxalifətçi jurnalistin azad edilməsini şərh edərək, bunu 2012-ci il Eurovision müsabiqəsi üçün gözəl başlanğıc adlandırmışdır. Müəllif Azərbaycanda yeni Fecebook nəsli və onu nəzarətdə saxlayanlar, Qərblə yaxınlaşmaq istəyənlər və ona şübhə ilə yanaşanlar arasında mübarizə getdiyini yazır. Məqalədə Eurovision müsabiqəsində qələbədən sonra Azərbaycanda böyük dəyişikliklərin başlana biləcəyinə inamın olduğu qeyd edilir. “Bəlkə söhbət sadəcə rokn-rolldan gedir, amma onlar onu sevir”-deyə Keti Lalli məqaləsinin sonunda yazır.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>