Faxtə Zamani:”Urmiyə və Təbrizdə çox sayda fəal həbs edilib, yüzlərlə həbs edilən var”

Posted August 31st, 2011 at 2:32 pm (UTC-5)
Leave a comment

Urmiya gölünün quruması ilə əlaqədar avqustun 27-də Urmiya və Təbriz şəhərlərində kütləvi etiraz aksiyalar zamanı polisə nümayişçilər arasında toqquşmaların baş verdiyi, çox sayda insanın həbs edildiyi haqda məlumatlar verilib. Aksiyalar zamanı çəkilmiş video götüntülər Youtube və Facebook səhifələrində yerləşdirilib. Beynəlxalq xəbər agentlikləri aksiyaları təhlükəsizlik qüvvələri və insanlar arasında toqquşmaları 2009-cu ildə mübahisəli prezident seçkilərindən sonrakı hadisələrə bənzədir.

Azərbaycanlı Siyasi Məhbusların Hüquqlarının Müdafiəsi komitəsinin təsisçisi və direktoru Faxtə Zamani AzerDiaspor bloqu üçün müsahibədə Urmiyədən gələn son məlumatları şəhr edərək, yüzlərlə insanın yaralandığını deyir.

Dilşad Əliyarlı : Faxtə xanım, avqustun 27-də Urmiyə və Təbriz şəhərlərində aksiyalar keçirilib, çox sayda adam həbs edilib. Sizdə hansı məlumatlar var, həbs edilənlər kimlərdir, nə qədər adam həbs edilib?

Faxtə Zamani: Bir neçə gündür orada vəziyyəti izləyirik. Görürük ki, Urmiyədə, Təbrizdə yüzlərlə adam həbs edilib. Heç bir dəlil olmadan tanınmış fəallar arasında tutulanlar var. Abbas Lisaninin iş yerinə gedib, orada fəalları tutublar. Qoşaçayda və ayrı şəhərlərdə də fəallar tutublar. Urmiyədə və Təbrizdə yaralananlar var. O yaralananları sonradan tutub aparıblar. Xəbərlərə görə, elə aksiya gedən avxt bir neçə nəfər çox pis yaralanıbmış və onlar arasında ölən ola bildiyi deyilir. Həbs edildikdən sonra işgəncə verildiyinə dair xəbərlər var. İnsanları vururlarmış. Tutulanlar arasında elələri var ki, başlarına dəyənək dəyib. Onlardan da ehtimal edilir ki, ölən ola bilər. Urmiyənin bəzi küçələrində aksiyanın səhəri günü cənazələr tapılıb. Bizə verilən xəbərlərə görə, Təbriz və Urmiyə arasında gedən maşınları axtarırlar. Yenə də aksiyalar planlaşdırılır. Şəhərlərdə də nəzarət var.

Sual: Faxtə xanım, insanlar sizə bu məlumatları necə çatdıra bilir? Sosial şəbəkələrdənmi istifadə edir, telefon vasitəsiləmi?

Cavab: Bizim Facebook-da səhifəmiz var. ADAPP-da işləyənlərin və mənim özümün şəxsi səhifəm var. Biz işə başlayanda telefonla əlaqə yaratmışdıq. İndi yenə telefonla davam edirik. Ondan başqa da beş il ərzində işlədiyimiz fəallarla internetdə müxtəlif vasitələrlə təmas qururuq. Bundan əlavə orada şəxslər var ki bizimlə illərdir işləyirlər. Onlar məlumatları tapılması, araşdırılması və bizə necə göndərilməsini bilirlər. Bir çox fərqli yollarla bizə məlumat çatdırırlar. Amma bilirsiniz ki, İrandan məlumat almaq çox çətindir. Son zamanlar da internetin sürətini azaltmışdılar ki, insanlar video göndərə bilməsin. Amma bununla belə, görürsünüz ki, Youtube-da çoxlu videolar gəlib.

Sual: Faxtə xanım sizin rəhbərlik etdiyiniz Azərbaycanlı Siyasi Məhbuslarının Hüquqlarının Müdafiəsi komitəsi hansı işlər görür və siz məlumatları hara çatdırırsınız?

Cavab: Biz 5 il ərzində media vasitəsiləri ilə əlaqədəyik və istəmişik ki, əsas etibarilə İranda mediası ilə işə üstünlük vermişik. Çünki təcrübə göstərir ki, İranın həm dövlət, həm də xaricdə İran müxalifətinin media vasitələri İranda azərbaycanlıların məsələlərinə diqqət vermir. Bu dəfə görürük ki, vəziyyət fəqrlidir. 2006-ci ildə heç bir məlumat vermədikləri ilə müqayisədə bu məsələni bu dəfə çatdırdılar. Bundan başqa, biz Amnesty International təşkilatı ilə işləyirik. BMT-nin baş qərargahında və Cenevrədə özüm işləmişəm, beynəlxalq azlıqların hüquqlarına dair təşkilat və insan hüquqları, azlıqlar və jurnalistlərin hüquqlarını müdafiə edən ayrı-ayrı, təşkilatlarla iş birliyi aparırıq.

Sual: Faxtə xanım, İran hökumətinin Urmiyə gölündə ekoloji vəziyyətlə bağlı etiraz aksiyasına belə şəkildə cavab verməsi nə ilə izah edilə bilər?

Cavab: İranın təkcə ekoloji məsələ yox, bütün başqa məsələlərdə siyasəti belədir. Konstitusiya ilə qeyri-fars millətlərinə verilən dil hüquqlarından başlayaraq, qadın hüquqları, hətta bir uşağın hüquqlarını müdafiə edənləri həbs edirlər. Vəkillər həbs edilir. Iranda hər hansı bir məsələ ilə bağlı etiraz keçirsən həbs edilirsən, işgəncə alırsan.

Sual: İran Milli Məclisində Urmiya gölündə vəziyyət müzakirəyə çıxarılıb. Azərbaycanlı namizədlər məsələ ilə bağlı hansı mövqe tuturlar?

Cavab: Burada bir neçə məsələ var. Biri odur ki, İranda millət vəkili dövlət tərəfindən seçilir, sonra xalqdan o seçilmişlər siyahısından bir nəfəri seçməsini istəyirlər. Ona görə də çox vaxt parlamentə xalqın sevdiyi namizəd seçilmir. Lakin onların arasında məsələyə diqqət verən insanlar ola bilər. Amma yenə də Azərbaycan məsələlərindən danışanda separatçılıq məsələsini göstərirlər və bu yolla o biri tərəfi sakitləşdirirlər. Təəssüf ki, Azərbaycan məntəqəsindən olan namizədlər məsələyə mənfi rəy veriblər. Onların siyahısı var. Çox adam onlara müraciət edib və etirazını bildirib.

SUAL: Faxtə xanım, İran cəmiyyətində məsələyə necə münasibət göstərir? İran müxalifəti məsələ ilə bağlı mövqeyini necə bildirib.

CAVAB: Dediyim kimi, 2006-cı ildə İranda Azərbaycan məntəqəsində aksiyalar olanda o zaman müxalifət çox sakit idi. Hətta dedilər ki, əgər Azərbaycan yalnız öz hüquqları məsələsini qaldırsa, biz İran dövləti ilə birlikdəyik. Bundan sonra Yaşıl hərəkat gəldi, çox sayda insan həyatını itirdi, işgəncələr oldu, aksiyalar keçirildi. Amma Azərbaycandan səs çıxmadı. O zaman fikrimcə, onlar düşündülər ki, hərəkatı davam etdirsələr Azərbaycan ona qatılmayacaq. Azərbaycan da qatılmasa da, İranda heç bir dəyişiklik ola bilməz. Çünki bütün inqilablar, bütün dəyişikliklər Azərbaycandan başlayıb və Azərbaycansız onlar bir iş görə bilməzlər. Ona görə indi vəziyyət fəqrlidir. Hamısı bəyanat verib, məsələni dəstəkləyib və ya da dəstəkləməsələr də, azından İran dövlətini azərbaycanlılarla necə rəftar etdiyinə görə məhkum ediblər.

Amerika azərbaycanlıları ABŞ hökumətini Urmiyə gölündə yaranmış vəziyyətə diqqət yetirməyə çağırır

Posted August 30th, 2011 at 10:45 am (UTC-5)
Leave a comment

Amerika azərbaycanlıları ABŞ hökuməti və Konqresi Urmiyə gölündə yaranmış vəziyyətə cəlb etmək üçün məktub kampaniyasına başlayıb.

ABŞ-da yaşayan azərbaycanlıların təşkilatları və qrupları Urmiyə gölündə yaranmış ekoloji vəziyyətə diqqət verilməsi üçün Amerika hökuməti və Konqres üzvlərinə məktublar göndərir.

ABŞ hökuməti və Konqres üzvlərinə ünvanlanmış müraciətdə Amerika azərbaycanlıları Urmiyə gölünün qorunması məqsədilə fəaliyyət göstərməsi üçün İran hökumətə təzyiq göstərilməsinə çağırır.

Məktubda deyilir ki, artıq illərdir on minlərlə Azərbaycan türkü, xüsusilə də İranın Qərbi Azərbaycan vilayətinin paytaxtı olan Urmiyə sakinləri İran hökumətinin göldə yaranmış ekoloji böhrana gətirib çıxarmış siyasətinə etiraz olaraq aksiyalar keçirir. Lakin Amerika azərbaycanlıları bu təzyiqlərin nəticə vermədiyini və məsələyə beynəlxalq diqqətin göstərilməsinin vacib olduğunu qeyd edir.

ABŞ azərbaycanlılarının şəbəkəsi USAN Amerika hökuməti və Konqresi öz nüfuzundan və mövqeyindən istifadə edərək, BMT və onun agentilklərinə, habelə ətraf mühitin qorunması ilə məşğul olan qeyri-hökumət təşkilatlarına müraciət edərək, Urmiyə gölünün qorunması üçün öz üzərinə götürdüyü öhdəliklərə əməl etməsinə nail olmaq məqsədilə İran hökumətinə təzyiq göstərməyə çağırır.

Konqresmen Sem Farr: Lənkəranın təmsil etdiyim Monterey şəhəri ilə qardaşlamasını alqışlayıram

Posted August 22nd, 2011 at 1:16 pm (UTC-5)
Leave a comment


Kaliforniya ştatını təmsil edən ABŞ konqresmeni Sem Farr Konqresin Nümayəndələr Palatasında çıxış edərək, Lənkəranın Monterey şəhəri ilə qardaşlaşmasını qanunvericilərin diqqətinə çatdırıb.

Konqresmen deyib ki, Lənkəran Montereylə qardaşlaşmış 6 başqa şəhərin cərgəsinə qatılır.

Lənkəran haqqında məlumat verən konqresmen Farr Xəzər dənizi sahilində yerləşən şəhərin Azərbaycanda çiçəklənməkdə olan turizm sənayesi üçün böyük potensialı olduğunu qeyd edib. Turizmin mərkəzlərindən biri olan Monterey onun sözlərinə görə, Lənkəranda turuzmin inkişaf etdirilməsi üçün öz təcrübəsi ilə bölüşə bilər.

Konresmen bu yeni münasibətlərin Lənkəran və Monterey şəhərləri, habeləAzərbaycan və ABŞ arasında xoş məram və dostluq əlaqələrinin inkişaf etdirilməsinə xidmət edəcəyinə ümid bəslədiyini bildirib.

Lənkəran Montereylə qardaşlaşmış yeddinci şəhərdir. Montereylə qardaşlaşmış digər şəhərlər Xorvatiyada Dubrovnik, Türkiyədə Quşadası, İtaliyada Trapani, İspaniyada Lerida, Tayvanda Taynan və Yaponiyada Nanodur.

Lənkəran və Monterey şəhərlərinin qardaşlaması haqda məlumatı burada izləyin.

Şahin Şıxəliyev:”Mən Amerikada nə qədər yaşasam da, bir rəssam kimi azərbaycanlı olaraq qalıram”

Posted August 18th, 2011 at 2:23 pm (UTC-5)
Leave a comment

(VİDEO VƏ FOTO-ŞƏKİLLƏR: EMİL QULİYEV)

Azərbaycanlı rəssam Şahin Şıxəliyev 10 ildən artıqdır Amerikada yaşayır. Onunla ilk tanışlığım 2000-də oldu. Şahin Şıxəliyevi Amerikanın səsinin studiyasına mədəniyyət proqramı üçün müsahibəyə dəvət etmişdim. Bu uzaq ölkədə Azərbaycandan gəlmiş gənc rəssamın nədən ilham alıb yaradıcılıqla necə məşğul olacağı sualı söhbət boyu fikrimi məşğul edirdi.

Amerikanın səsində o ilk görüşdən sonra Amerikanın böyük incəsənətində azərbaycanlı rəssamın özünə necə yer tapa biləcyi sualına Şahin Şıxəliyev özü cavab verdi. Rəsmləri və sərgiləri ilə, incəsənətsiz həyatını təsəvvür etməmək istəyi ilə.

Rəssamla bu yaxınlarda onunVaşinqtondakı evi və eyni zamanda emalatxanasında söhbət etdik.

Şahin Şıxəliyev Bakıda rəssam Tələt Şıxəliyevin ailəsində anadan olub, Bakıda Əzim Əzimzadə adına incəsənət məktəbini bitirib. Rəssam kimi yaradıcılığa atasının studiyasında başlaylb. Özü deyir ki, bildiyi hər şeyi demək olar ki, atasından öyrənib.

Şahin Şıxəliyev əvvəlcə Vaşinqton məktəblərinin birində rəsm müəllimi işləyib. Son bir neçə ildir Smitsonian İncəsənət Fondu tərəfindən (Smithsonian Foundation) sənətə dair mühazirələr oxumağa dəvət edilib. Amerikaya yaşamağa gələn bəzi başqa incəsənət adamları kimi Şahin Şıxəliyevin də bir vaxt incənətin kommersial tərəfinə üz tuta biləcəyini istisna etmirdim. Lakin Amerikaya gəldiyi bütün illər o, rəssam olaraq qala bilib.

“Mən başa düşdüm ki, burada tamamilə azadam, hətta istəsəm, rəssamlığı ata da bilərəm. Bu da mənim üçün bir sınaq oldu ki, mən bu işin nə qədər vacib olduğunu başa düşüm. Çünki başa düşdüm ki, burada ailənin, dostların dəstəyi yoxdur. Mən gördüm ki, bu, mənim həyatımda o qədər vacibdir ki, mən öz maddi rifahımı riskə qoymağa hazıram. Mən özüm haqda bəlkə də əvvəllər heç zaman bilmədiyim və bəlkə də heç zaman bilməyəcəyim şeyləri öyrəndim.”

Şahin Şıxəliyev deyir ki, böyük ölkədə yad mədəniyyətin təmsilçisi olmaq çox çətindir, amma mümkündür. Azərbaycanın yerli koloritindən sonra Amerika mühitində rəssama ilham verən nə olub. “Mənim üçün bu, adətən xarici bir təəssürratla bağlıdır, görüb yadımda qalan bir şeylə əlaqədardır. Gedirsən və görürsən ki, bir qız oturub, ya da günəş və onun yarartdığı kölgəni görürsən, sonra bunu təssüvüründə canlandırırsan və nəhayət yaradıcılıq prosesi başlayır. Bu prosesdə təbii ki, milli element olacaq. Mən Amerikada nə qədər yaşasam da, qanımla, canımla azərbaycanlı olaraq qalıram.”

Şahin Şıxəliyev saatlarla studiyada işləyir. Studiyanın bir hissəsini həyat yoldaşı Valeri ilə bölüşür. Valeri mozaika ustasıdır, Şahinə mozaika ilə işləməyi öyrədib, lakin sonra iki yaradıcı insan arasında böyük məhəbbət yaranıb. Evləniblər, övladları Səid dünyaya gəldikdən sonra Bakıya səfər ediblər. Valeri Bakı haqda gözəl təəssüratlarla qayıdıb. “Şahinin ailəsilə tanışlıqdan böyük təəssürat yaratdı. Çox gözəl münasibətlər yarada bildik. Şəhər özü də çox gözəldir. Bakını yaxşı gəzə bildik, amma Azərbaycanın başqa yerlərinə getməyə vaxt olmadı. Təəssüf edirəm, çünki Azərbaycanın gözəl təbiəti olduğunu eşitmişəm. Mən Şahinin dostları ilə görüşdüm. Bakının yaradıcı mühitini hiss etdim. Özüm mozaika ilə məşğul olduğuma görə mozaika ilə maraqlanırdım və Bakıda çox gözəl işlər gördüm.”

Şahin Şıxəliyev özünü tam mənasında xoşbəxt hiss edir. Rəssamlıq onun həyatının mənasıdır. Yaradıcılığın xeyrinə seçim etmək asan olmadı, amma özünün dediyi kimi bu seçim bir dəfə edilir.

Azərbaycanın BMT-də gənc səfiri Rza Əliyev:Qarabağ probleminin gənclər arasında müzakirəsi olduqca vacibdir

Posted August 15th, 2011 at 2:50 pm (UTC-5)
Leave a comment

Amerikanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndələri Rövşən Muradov və Rza Əliyev ABŞ-da görüşlərini davam etdirir. Onlar paytax Vaşinqtonda ABŞ Dövlət Departamenti, Konqres, qeyri-hökumət təşkilatları və araşdırma mərkəzlərində görüşlər keçirib, Konqresdə “Uşaqlarımıza verdiyimiz vədləri saxlayaq” mövzusuna həsr olunmuş konfransda iştirak ediblər. Azərbaycanın BMT-də gənc səfiri Rza Əliyev Amerikanın səsinin AzeriDiaspor bloqu üçün müsahibədə bildirib ki, onun Konqresdə prezentasiyası zamanı Azərbaycanda qaçqın uşaqlar haqda məlumatları böyük maraqla qarşılanıb. “Bəzi konqresmenlər Azərbaycanı yaxşı tanıyır, Azərbaycanla bağlı məlumata malikdir, lakin elələri də var ki, onların məlumatı daha azdır. Buna görə də Azərbaycanın mövqeyi, ölkənin rolunun vurğulanması çox mühümdür”-deyə o bildirib.
Rza Əliyev gənc səfir kimi bu yaxınlarda BMT-də Dağlıq Qarabağ münaqişəsi haqda prezentasiya ilə çıxış edəcək. Onun sözlərinə görə, Azərbaycanın mövqeyinin vurğulanması, Qarabağ problemi ilə məlumatların çatdırılması və dünyanın bir çox ölkəsindən gəlmiş gənclər arasında müzakirə olduqca vacibdir. Rza Əliyev BMT-nin Baş katibi Ban Ki Munla görüş keçirəcək və BMT-nin televiziyasında prezentasiya ilə çıxış edəcək. Başlıca mövzu onun sözlərilə, Qarabağ mövzusu olacaq.

Rövşən Muradov:Mən düşünürəm ki, Amerikanın Azərbaycanlı Gənclər Təşkilatı Azərbaycan və Amerika gəncləri arasında körpü rolunu oynaya biləcək

Posted August 10th, 2011 at 11:45 am (UTC-5)
Leave a comment

Amerikanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndələri bu günlər paytaxt Vaşinqtonda ABŞ Dövlət Departamenti, Konrqes, qeyri-hökumət təşkilatları və araşdırma mərkəzlərində görüşlər keçirir. Onlar ABŞ Konqresində “Uşaqlarımıza verdiyimiz vədləri saxlayaq” mövzusuna həsr olunmuş konfransda iştirak ediblər. Qrupun üzvləri Birləşmiş Ştatlar Konqresinə Azərbaycan haqda kitablar hədiyyə ediblər. Amerikanın Azərbaycanlı Gənclər Təşkilatı dünyanın iki ən böyük kitabxanaları olan Konqres və İsgəndəriyyə kitabxanaları ilə əməkdaşlıq edir. Amerikanın Azərbaycanlı Gənclər Təşkilatının üzvləri Rövşən Muradov və Rza Əliyev Amerikanın səsinin Azərbaycan xidmətinə müsahibədə Vaşinqtonda keçirilən görüşlər və yeni layihələr haqda məlumat veriblər.

Dilşad Əliyarlı: Rövşən bəy, Amerikanın səsinin studiyasına xoş gəlmisiniz. Bu günlər siz ABŞ Konqresinin kitabxanasına çox sayda kitab təqdim etmisiniz. Bu barədə daha ətraflı məlumat verə bilərdinizmi?

Rövşən Muradov: Çox sağ olun. Biz uzun müddətdir bu layihəni hazırlayırdıq. Bizim İsgəndəriyyə və Konqres kitabxanaları ilə əməkdaşlıq əlaqələrimiz var. Oraya səfər etdiyimiz zaman kitabxananı Azərbaycana aid kitablarla zənginləşdirmək təklifi irəli sümüşdülər. Biz Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsi, Rabitə və İnformasiya nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri təşkilatına müraciət etdik və onlar çox qısa bir zamanda bu kitabların toplanması və Konqres kitabxanasına təqdim edilməsini təşkil etdilər. Bizim üçün çox uğurlu bir addım idi ki, kitabların Konqres kitabxanasının kataloquna salınması üçün işlər başlayıb. Çox yaxın bir zamanda amerikalı və digər istifadəçilər bu kitablardan istifadə edə biləcəklər.

SUAL: Kitabların mövzusu haqda nə deyə bilərsiniz. Hansı kitablar gətirilib?

CAVAB: Kitablar Azərbaycan diasporu, Azərbaycan mədəniyyəti və turizmlə yanaşı, həmçinin Azərbaycanda fəal qadınlar, siyasət, mədəniyyət və incənətdə təmsil olunmuş qadınlar, Azərbaycanın informasiya sahəsində son uğurları haqqındadır.

SUAL: Rövşən bəy, sizin Vaşinqtonda ABŞ Dövlət Departamentində, Qarabağ Fondunda və başqa yerlərdə də görüşləriniz olub. Burada siz hansı layihələr üzərində işləyirsiniz? Dövlət Departamenti ilə bildiyimiz kimi maraqlı proqramlar üzərində işləyirsiniz.

CAVAB: Dövlət Departamentində Dövlət katibinin qadın məsələləri üzrə müavini və prezident Obamanın qadın məsələləri üzrə xüsusi nümayəndəsi səfir Melani Verver və ABŞ-ın müsəlman ölkələri ilə iş üzrə xüsusi koordinatoru Farah Panditlə görüşmüşük. Bu görüşlərin əsas məqsədi Azərbaycan gəncləri ilə aparıla biləcək əməkdaşlıq yollarını müzakirə etmək idi. Səfir Farah Panditlə oktyabr ayında Azərbaycan gənclərinin Amerikadakı forumu haqda fikir mübadiləsi apardıq. Mədəniyyətlərarası dialoq, Azərbaycan gənclərinin və ümumiyyətlə, türk dünyasında olan gənclərin bu işdə hansı rol oynaya biləcəyi və Azərbaycan gənclərinin dini ayrı-seçkiliyin aradan qaldırılmasına hansı şəkildə töhfə verə biləcəyi məsələlərini müzakirə etdik. Səfir Melani Ververlə görüşdə bütün dünyada indi ciddi miqyasda insan alveri probleminə qarşı aparılan kampaniyada Azərbaycan gənclərinin iştirakı və bu sahədə aparılan geniş əməkdaşlıq müzakirə edildi.

SUAL: Amerikanın Azərbaycanlı Gənclər Təşkilatı ilə Amerika gəncləri arsaında birbaşa əlaqə varmı? Təşkilat Amerika və Azərbaycan gəncləri arasında münasibətlərin genişləndirilməsi üçün hansı işləri görür və hansı işləri planlaşdırır.

CAVAB: Bəli, əlaqə var. Corc Meyson universitetində artıq geniş fəaliyyətlər aparılır. Fikrimcə, Azərbaycan gəncləri olaraq biz çalışmalıyıq ki, Amerika gəncləri ilə dostluq əlaqəri qura bilək. Bizim tariximiz, mədəniyyətimiz və dəyərlərimiz haqda onları məlumatlandıra bilək və onlarla qarşılıqlı fikir mübadiləsi aparmaq mümkün olsun. Çünki hər şey birgə əməkdaşlıq nəticəsində əldə oluna bilər. Mən düşünürəm ki, Amerikanın Azərbaycanlı Gənclər Təşkilatı Azərbaycan və Amerika gəncləri arasında körpü rolunu oynaya biləcək.

Boston polisi itkin düşmüş azərbaycanlı qızı axtarır

Posted August 9th, 2011 at 10:39 am (UTC-5)
Leave a comment

Boston şəhərində Azərbaycan vətəndaşı olan 23 yaşlı Evelin Vəlibəyova itkin düşüb. Şəhərin Kuinsi (Quincy) dairəsinin polisi iyulun 16-dan itkin düşmüş gənc qadının axtarışını elan edib.

Evelin Vəlibəyovanı sonuncu dəfə Kembric şəhərində çalışdığı restoranda görüblər. Polisin verdiyi məlumata görə, o, bazar ertəsi günü işlə əlaqədar səfərə çıxacağı üçün işə gələ bilməyəcəyi haqda onunla çalışan həmkarına telefonla mesaj göndərib. Polis Evelin Vəlibəyovanın evində axtarış aparıb və onun sənədlərindən başqa bəzi şəxsi əşyalarını özü ilə götürdüyünü aşkar edib. Lakin iyulun 16-dan sonra Evelin Vəlibəyovanın dostları və tanışlarının onun haqda məlumatları yoxdur.

Evelin Vəlibəyova 3 ilə yaxındır Massaçusets ştatının Boston şəhərində yaşayır. O, Bolqarıstanda Amerika universitetini bakalavr dərəcəsi ilə bitirib. Dostu Dankan Boydun sözlərinə görə, Evelin çox ciddi və çalışqan gənc qadındır. “O bir neçə dildə danışa bilir, olduqca müsbət keyfiyyətlərə malikdir, son zamanlar ciddi şəkildə biznes idarəçiyi sahəsində iş tapmaqla məşğul idi”-deyə Boyd Amerikanın səsinə bildirib.

Polisin məlumatına əsasən, Evelin Vəlibəyovanın bank hesablarında heç bir transaksiya keçirilməyib. Qunsi polis departamentindən Amerikanın səsinə verilən məlumata görə, Evelin Vəlibəyovanın hesablarında heç bir transaksiya aparılmayıb. Polis hadisə ilə bağlı şübhəli şəxs qismində heç kəsin sxlanmadığını bildirir. Evelin Vəlibəyovanın axtarışı davam edir.

Evelin Vəlibəyova haqqında məlumatı olanlar Boston şəhərinin Kuinsi polis idarəsi ilə bu nömrələr vasitəsilə əlaqə saxlaya bilər.
781-831-2352, 617-828-7866

Boston televiziyası Evelin Vəlibəyovanın itkin düşməsi ilə bağlı reportaj yayımlayıb.

ABŞ azərbaycanlılarının şəbəkəsi USAN-ın həmtəsisçisi Bədir Məmmədli Amerikanın xarici yardımı ilə bağlı məktub kampaniyasını şərh edir

Posted August 1st, 2011 at 3:14 pm (UTC-5)
Leave a comment

İyulun 27-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində 2012-ci il üçün Xarici Əlaqələrin Sanksiyalaşdırılması Aktı üzrə müzakirələr keçirilib. Alt komitə ABŞ Dövlət Departamentinin bir sıra proqramları, habelə xarici yardımları nəzərdə tutan bu qanun layihəsini müzakirə üçün Təxsisatlar komitəsinə təqdim edib. Avqustun 3-də komitə tam tərkibdə ABŞ-ın xarici yardımlarının həcmi ilə bağlı müzakirələrdən sonra sənədi səsverməyə qoyacaq.

Amerikada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları, Azərbayca-türk icmasının üzvləri bu sənəddə ABŞ-ın Ermənistana və Dağlıq Qarabağa yardımı ilə bağlı müddəalarına münasibətini bildirərək, məktub kampaniyası keçirib.

İyulun 27-də alt komitədə qəbul edilmiş sənəddə Ermənistana yardımın azaldılaraq 60 milyon dollardan 40 milyon dollara çatdırılması və Dağlıq Qarabağa birbaşa yardım deyil, tərəflər arasında etibarın yaradılması və münaqişənin sülh yolu ilə həllinə yönəlmiş layihələr üçün maliyyə ayrılması haqda qərar çıxarılıb.

Amerika azərbaycanlılarının Konqres üzvlərinə ünvanlandığı məktublarda deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin qurbanları üçün nəzərdə tutulmuş hər hansı bir yardım yerlərindən didərgin düşmüş azərbaycanlılara da şamil edilməli, Ermənistana verilən yardım isə xüsusi maraqlar deyil, ABŞ-ın xarici siyasət prioritetləri nəzərə alınaraq ayrılmalıdır.

ABŞ-da azərbaycanlıların şəbəkəsi USAN-nın həmtəsisçisi Bədir Məmmədli məktub kampaniyasının təsirli olduğu deyir. O bildirib ki, məsələ ilə bağlı ABŞ qanunvericilərinə minlərlə məktublar göndərilib, Amerika mətbuatında onlarla məqalə dərc edilib, USAN və ABŞ-da fəaliyyət göstərən digər diaspor təşkilatlarının nümayəndələri alt komitəyə yazılı şəkildə rəylər göndərib.

“Sözsüz ki, bir sıra faktorlarla yanaşı məktub kampaniyasının da təsiri az olmadı. Biz bunu konqresmenlərdən gələn cavablardan hiss edirik. Onlar bizə yazırdı ki, əgər belə bir məsələ qaldırılsa, sizin fikirlərinizi diqqət mərkəzində saxlayacayıq. Fəxrlə qeyd etmək istəyirəm ki, ABŞ azərbaycanlıları şəbəkəsinin bu işdə rolu az olmadı. Düzdür, burada başqa faktorlar da var. Məsələn, Amerikadakı bugünkü iqtisadi durumu qeyd etmək olar. Amma yenə də qeyd etmək istəyirəm ki, məktub kampaniyası, konqresmenlərlə getdikdə artan sıx əlaqələr buna öz təsirini göstərməyə bilməzdi”-deyə Bədir Məmmədli AzeriDiaspora saytı üçün bildirib.

Bədir Məmmədli ilə müsahibəni təqdim edirik.

Dilşad Əliyarlı:Konqres Amerika ictimaiyyətinin fikrini əks etdirir. ABŞ Konqresində Azərbaycanla bağlı məsələlərə diqqət hansı səviyyədədir? Azərbaycan icmasının üzvləri Konqresdə, xüsusilə də Azərbaycan üzrə İşçi Qrupla hansı əlaqələr yarada bilib?

Bədir Məmmədli: Biz ilk öncə çalışırıq ki, bu qrupda konqresmenlərin sayı artsın. Buna müəyyən mənada nail olmuşuq. Əgər son 5-6 ilə nəzərə salsaq görərik ki, İşçi Qrupun üzvlərinin sayı artıb və qrupa bir neçə yeni konqresmen daxil olub. Məhz bu İşçi Qrup sayəsində Konqresdə Azərbaycan haqqında daha çox məlumat var. Yəni, Azərbaycanın Amerika üçün artan rolu, Azərbaycanın təhlükəsizlik sahəsində atdığı addımlar məhz bu qrupun vasitəsilə Konqresin diqqətinə çatdırılır. Yenə də qeyd etmək istəyirəm ki, əgər son 10 ilə nəzər salsaq görərik ki, Konqresdə Azərbaycanla bağlı mühit tam başqadır.

Sual: Bədir bəy, diaspor üzvləri mütəmadi olaraq Konqresdə qanunvericilərlə görüşlər keçirirmi? Xüsusilə onların yaşadığı ştatlarda qanunvericilərlə görüşlər olurmu?

Cavab: Sözsüz ki, biz bunu edirik. Bəzən bu görüşlər rəsmi şəkildə keçirilir, bəzən də fərdi şəkildə olur. Məsələn, hər hansı bir soydaşımız yaşadığı dairədə öz konqresmeni ilə görüşür, iradlarını, fikirlərini ona bildirir. Eyni zamanda, bir təşkilat olaraq ABŞ azərbaycanlıları şəbəkəsinin direktorlar şurası müntəzəm olaraq konqresmenlərlə müxtəlif tədbirlərdə görüşür. Yəni şərt deyil ki, biz onlarla təkbətək görüş təşkil edək. Lakin biz Amerikada bəzi ictimai tədbirlərdən yararlanmağa çalışırıq. Məhz bu tədbirlərdə biz çalışırıq ki, konqresmenlərlə bir neçə dəqiqəliyə də söhbət edək. Biz onlara Azərbaycan haqqında məlumatlar çatdırırıq, azərbaycanlı seçicilər, Azərbaycan mənşəli amerikalıların rəylərinin nəzərə alınmasını onlardan xahiş edirik.

SUAL: Konqresmenlərin Azərbaycanla tanışlıq səviyyəsi nə dərəcədədir?

CAVAB: Bu sahədə böyük müsbət dəyişikliklər var. ABŞ qanunvericilərinin bir neçə illə müqayisədə indi Azərbaycan haqda daha çox məlumatı var. Məlumatdan əlavə, Amerika konqresmenlərinin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Məsələn, bu yaxınlarda Azərbaycan İşçi qrupunun rəhbəri konqresmen Bil Şuster və onunla bərabər başqa konqresmenlərin Azərbaycana səfərini qeyd edə bilərik. Təşkil etdiyimiz müxtəlif tədbirlərdə biz təkcə konqresmenlər deyil, onların ofislərində çalışan məsul işçilərdən dəfələrlə eşitmişik ki, onlar Azərbaycanla maraqlanırlar və fürsət düşdükdə Azərbaycana səfər edəcəklər.

SUAL: Bədir bəy, siz USAN-ın təsisçilərindən birisiniz. USAN öz işini hansı istiqamətlərdə aparır?

CAVAB: USAN-ın əsas fəaliyyəti ilk növbədə ABŞ-da yaşayan azərbaycanlıları, Azərbaycan mənşəli Amerika vətəndaşlarını maarifləndirmək, onları Amerikanın siyasi həyatına daha yaxından cəlb etmək və Azərbaycanın maraqlarının Amerikada çatdırılması üçün onların iştirakına kömək etməyə yönəlib. Bu da onun əsas fəlaiyyətlərindən biridir.

SUAL: Şəbəkə nə qədər insanı birləşdirir?

CAVAB: Dəqiq say haqda məndə indi məlumat yoxdur. Amma əgər qrupun elektron məktub siyahısına nəzər salsaq görərik ki, bu rəqəm on minlərlə ölçülür. Qrupa üzvlərin sayı hər il getdikcə artır. Təkcə azərbaycanlılar deyil, türkdilli icmanın üzvlərinin də sayı getdikcə artır.

SUAL: Bədir bəy, Azərbaycan icmasının üzvləri daha çox hansı ştatlarda yaşayır. Bu icma nə qədər böyükdür? Başqa icmalarda olduğu kimi Azərbaycan icmasının üzvləri arasında kompakt haradasa yaşayanlar varmı? Elə bir ştat varmı ki, orada azərbaycanlılar daha çoxdur?

CAVAB: Amerikada belə ştatlar və inzibati dairələr var. Bir sıra ştatları buna misal göstərmək olar. Azərbaycanlıların ən çox kompakt yaşadığı şəhərlər arasında Nyu-York və onun ətrafındakı qəsəbələri, Texas ştatında Hyuston şəhərini və Kaliforniya ştatında Los-Anceles şəhərini göstərmək olar. Bunlar azərbaycanlıların uzun müddətdir kompakt yaşadığı yerlər hesab edilir. Amma bu siyahıya getdikcə daha çox ştat və şəhər əlavə olunur. Məsələn, indi Bostonda azərbaycanlıların sayının artdığı haqda bizdə məlumatlar var. Şimali Karolina, Missisipi, Tennessi, İndiana və İllinoys kimi ştatları da göstərmək olar.

SUAL: Bu il Texas ştatında Azərbaycan icması rəsmi olaraq ştatın parlamenti tərəfindən tanındı. Bunun başqa ştatlarda da baş verəcəyini gözləmək olarmı?

CAVAB: Bəli, bunu gözləmək olar. Digər ştatlarda da Azərbaycan diasporunun tanınması üçün biz səylərimizi dayandırmırıq və çalışacağıq ki, azərbaycanlıların kompakt yaşadığı ştatlarda buna nail olaq.

SUAL:USAN Amerika və Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılması üçün hansı işləri görür?

CAVAB: Görüləsi işlər çoxdur. Bizim qarşıda böyük planlarımız var. Yəni bizim gördüyümüz və görüləsi işlərimiz var. Biz çox istəyirik ki, Azərbaycan və Amerika arasında münasibətlər daha möhkəm, daha mehriban olsun, getdikcə inkişaf etsin. Əsas məqsədimiz budur. Bu işlər içərisində Azərbaycanın strateji tərəfdaş kimi artan rolunun Amerika ictimaiyyəti, Konqres və Amerika mətbuatının nəzərinə çatdırılmasını qeyd etmək istəyirəm. Fəaliyyətimizin daha bir istiqaməti isə erməni lobbisinin təsirinin azadılmasından ibarətdir. Erməni lobbisinin Azərbaycana qarşı böhtan kampaniyasını zəiflətmək, onu neytrallaşdırmaqdır. Biz konqresmenlərlə görüşlərimizdə onların nəzərinə çatdırırıq ki, biz onlardan yardım istəmirik, sadəcə, Amerikanın strateji maraqlarını nəzərə alaraq, Azərbaycanın gördüyü işlərə qiymət verilməsini istəyirik.

Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri Radio Türküm radiosunun proqramında iştirak edib

Posted July 28th, 2011 at 9:06 am (UTC-5)
Leave a comment

Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri və Amerika Türkiyə Assosiasiyalar Birliyinin prezidenti Ergün Kırıkovalı iyulun 27-də Radyo Türküm proqramında iştirak ediblər. Bu haqda məlumatı Tomris Azəri verib.

Bir saat sürən proqramda Amerikada Azərbaycan-Türk diaspor təşkilatlarının iki lideri bu yaxınlarda Dünya Azərbaycanlılıarının 3-cü qurultayında iştirak etmək üçün Azərbaycana səfər və türk birliyinin əhəmiyyəti haqda danışıblar.

Proqram bu gün RadioTürküm radiosunda yenidən yayımlanacaq. Proqramı Amerikada Vaşinqton vaxtı ilə günorta saat 12-də, Bakıda axşam saat 9-da, Türkiyədə isə axşam saat 7-də aşağıdakı linkdə izləmək olar.


http://www.radyoturkum.com/

Bədir Məmmədli:”ABŞ işğal altında olan əraziyə yardım ayıran yeganə ölkədir”

Posted July 21st, 2011 at 3:18 pm (UTC-5)
Leave a comment


İyulun 20-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində 2012-ci il üçün Xarici Əlaqələrin Sanksiyalaşdırılması Aktı üzrə dinləmələr keçirilib.
Amerikada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları ABŞ Dövlət Departamentinin bir sıra proqramları, Sülh Korpusu və təhlükəsizlik sahəsində yardımın səviyyəsini müəyyən edən bu sənəddə Amerikanın Ermənistana və Dağlıq Qarabağa yardımı ilə bağlı müddəalara münasibətini bildirərək, məktub kampaniyası başlayıb. Konqres üzvlərinə ünvanlanan məktublarda deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin qurbanları üçün nəzərdə tutulmuş hər hansı bir yardım yerlərindən didərgin düşmüş azərbaycanlılara da şamil edilməli, Ermənistana verilən yardım isə xüsusi maraqlar deyil, ABŞ-ın xarici siyasət prioritetləri nəzərə alınaraq ayrılmalıdır.

ABŞ-da azərbaycanlıların şəbəkəsi USAN-nın üzvü Bədir Məmmədli deyir ki, məktub kampaniyasının əsas məqsədi Amerika qanunvericilərinin diqqətini məsələyə cəlb etməkdən ibarətdir. O bildirir ki, məktubda ABŞ qanunvericilərinin diqqətinə əsas iki məsələ çatdırılır. Bunlardan birincisi odur ki, yardım göstəriləndə Azərbaycan əhalisinin sayı, NATO və ABŞ-la əməkdaşlıq nəzərə alınmalıdır. “Digər məsələ isə ondan ibarətdir ki, biz Dağlıq Qarabağa yardıma öz etirazımızı bildirmişik və öz konqresmenlərimizdən xahiş etmişik ki, buna etirazlarını bildirsinlər. Başqa bir dövlətin işğalı altında olan əraziyə yardım ayırmaq, Azərbaycan dövləti ilə bunu razılaşdırmamaq qətiyyən yolverilməzdir. Qeyd etmək istəyirəm ki, Amerika Azərbaycanın işğal olunmuş torpaqlarına, yəni ermənilərin işğalı altında olan Qarabağa açıq şəkildə yardım göstərən yeganə ölkədir.”-deyə o bildirib.

Bədir Məmmədli ilə müsahibəni təqdim edirik

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>