Floridanın Hallandale Beach şəhərində oktyabrın 18-i Azərbaycanın Müstəqilliyi günü kimi qeyd edilir

Posted October 18th, 2012 at 3:30 pm (UTC-5)
Leave a comment

Florida ştatının cənubunda yerləşən Hallandale Beach şəhərində oktyabrın 18-i Azərbaycanın Müstəqilliyi günü elan edilib. Şəhərin meri Coy Kuper Hanandale Beach şəhərində yaşayan azərbyacanlılarla görüşündə oktyabrın 18-ni Azərbaycanın Müstəqilliyi günü elan edilməsi hadqa imzaladığı rəsmi sənədi açıqlayıb. Rəsmilər bu addımı Hallandale Beach şəhərində yaşayan təxminən 150 amerikalı azərbaycanlının müraciətini nəzərə alaraq və Azərbaycanın Sovet İttifaqından müstəqilliyini qazanmasının 21-ci ildönümü münasibətilə atıldığını bildirib.

Sənəddə Birləşmiş Ştatların Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini qeyd-şərtsiz dəstəklədiyini bildirilir. Burada Sovet İttifaqının dağılmasından sonra yaranmış tarixi şəraitdə Azərbaycan xalqının 20-ci əsrdə ikinci dəfə müstəqilliyini qazandığı qeyd edilir. Sənəddə bildirilir ki,

Mer Coy Kuper Hallandale Beach şəhərinin sakinlərini bu günü demokratiya, bərabər hüquqlar, söz, din və toplaşmaq azadlıqları ruhunda qeyd etməyə çağırıb.

Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət assosiasiyasının prezidenti Töhfə Eminova mer Coy Kuperin ofisində keçirilən görüşdə şəhərdə Azərbaycan-türk icmasının nümayəndələrindən ibarət 10 nəfərlik heyətin iştirak etdiyini deyib. Onun sözlərinə görə, mer Joy Kuper Azərbaycanın Müstəqilliyi gününün əlamətdar bir hadisə olduğunu qeyd edib.

“Joy Kuper bəyannaməni oxuduqca mən böyük fərəh hissi keçirməklə yanaşı, həm də kövrəlirdim. O, Azərbaycanın dövlət himninin musiqisinin Üzeyir Hacıbəyov tərəfindən bəstələnməsi, mətninin isə şair Əhməd Cavad tərəfindən yazılması kimi faktları, Azərbaycan bayrağı üzərində səkkizguşəli ulduza kimi detalları nəzərindən qaçırmamışdı. Bu onu göstərir ki, o, həqiqətən də Azərbaycan haqda məlumatlarla tanış olub. Biz merə və şəhər rəsmilərinə çox minnətdarıq”-deyə Töhfə Əminova Amerikanın səsinə bildirib.

Töhfə Əminovanın bildirdiyinə görə, bəyannamənin rəsmi açıqlanmasından sonra Hallandale Beach şəhərində yaşayan Azərbaycan-türk icmasının üzvləri “Türk evi”ndə Müstəqillik gününü qeyd ediblər.

Yerli “San Sentinel” qəzeti merin açıqladığı bəyannamə ilə bağlı məlumatında bildirib ki, Xəzər dənizi sahillərindən çox uzaqda olmasına baxmayaraq, Hallandale Beach şəhərində Azərbaycanın Müstəqillik günü qeyd edilir.

Hallandale Beach şəhəri Florida ştatının Bovard dairəsində yerləşir. Florida ştatında Mayami şəhəri, həmçinin Mayami Deyd kimi başqa inzibati dairələrə daxil olan şəhər və qəsəbələrdə yaşayan azərbaycanlıların icmaları mövcuddur.

2006-cı ildə Mayami şəhərində Azərbaycan-Amerika Mədəniyyət assosiasiyası yaradılmışdır. Təşkilat amerikalılara Azərbaycanın mədəniyyəti və tarixini tanıtmaq missiyasını yerinə yetirir.

İcma üzvlərinin səyləri nəticəsində Florida ştatında Azərbaycanın Müstəqilliyi günü, habelə may ayında Azərbaycanın Respublika günü münasibətilə şəhər bələdiyyələri və inzibati dairələrin rəsmiləri tərəfindən rəsmi sənədlər qəbul edilmişdir.

Rüstəm Cəbrayılov: Bir azərbaycanlı kimi çəkildiyim reklamın Tayms meydanında nümayişi mənim üçün böyük fəxrdir

Posted October 11th, 2012 at 10:25 am (UTC-5)
Leave a comment

Azərbaycanlı model Rüstəm Cəbrayılovun çəkildiyi reklam Nyu-Yorkun məşhur Tayms meydanında bilbordda yerləşdirilib.
Nyu-Yorkda yaşayan Rüstəm Cəbrayılov artıq bir neçə illdir professional model kimi dünyanın məşhur dizaynerləri ilə işləyir. Rüstəm Cəbrayılovun Amerikanın səsinə müsahibəsini təqdim edirik.

Dilşad Əliyarlı: Rüstəm bəy, reklamınızın Tayms meydanında yerləşdirilməsi münasibətilə sizi təbrik edirik. Siz belə populyar bir yerdə reklamı göstərilən ilk azərbaycanlısınız. Reklamı görmüsünüzmü?

Rüstəm Cəbrayılov: Xeyr, hələ görməmişəm. Bu gün məşqdən sonra gedib baxacam. Mənim başqa reklamım da var. “Century 21” şirkəti üçün. Bu, böyük şirkətdir, dünyada çox mağazaları var. Bu reklamda çəkildiym şəkilləri avtobusların üzərinə yerləşdiriblər. Mağazalarda da yerləşdiriblər. Şəkil jurnallarda da çıxıb. Onun Vogue jurnalında çıxmasını gözləyirəm.

Dilşad Əliyarlı: Times meydanındakı reklamda siz Lenox şirkəti üçün reklamda da çəkilmisiniz. Çəkiliş üçün dəvəti necə aldınız?

Rüstəm Cəbrayılov: Lenox şirkəti çini qablar istehsal edir, dünyanın hər yerində onun filialları var. Çəkiliş deyəndə, burada hər hansı bir iş üçün dəvət alanda əvvəl ilk növbədə seçim (casting) olur. Bu seçimdə yüzlərlə model iştirak edir. Bu modellər arasında bəyəndiklərini seçirlər. Bu reklamda mən tək olmamışam. Amma əsas rolda çıxış etmişəm. Çəkiliş yeddi modellə aparılırdı. Mən onlar arasında həm ən çox qonarar alan, həm də vaxt etibarilə çəkilişdə ən uzun müddət iştirak edən model olmuşam.

Dilşad Əliyarlı: Rüstəm bəy, neçə modelin arasından seçildiniz?

Rüstəm Cəbrayılov: Tam rəqəmi deyə bilmirəm. Amma mən gedəndə siyahıda 60-cı yerlərdə idim. Çünki bir gündə bir seçim olmur. Bir neçə dəfə seçimlər keçirilir. Mən bu reklamda üç ay bundan əvvəl çəkilmişdim. Həmin ay mənim üçün çox uğurlu bir ay oldu. Səkkiz layihə üzərində işləmişəm, bunların dördü böyük şirkətlərlə olub. Modellərin sayı isə olduqca çoxdur.

Dilşad Əliyarlı: Tayms meydanında reklamla yanaşı, siz həm də Amerikanın ən məşhur univermaq şəbəkələrindən biri olan Century 21 univermaqının kataloqunda çəkilmisiniz. Bu reklamlar özünüzün qeyd etdiyi kimi, Nyu-Yorkdakı avtobusların üzərində yerləşdirilib. Bu çəkilişlər haqda bir qədər məlumat verə bilərdinizmi?

Rüstəm Cəbrayılov:Century 21 şirkəti ilə çalışmaq bir çox modelin arzusudur. Mən orada çəkildim və indi mənim şəkillərim jurnalların demək olar ki 70 faizində dərc olunacaq. Yəqin elə Tayms meydanına da çıxarılacaq. Bu, hər bir modelin arzusudur. Çünki modellər istəyir ki, onların gördüyü iş insanlar tərəfindən bəyənilsin. Mən Century 21 şirkəti üçün çəkildikdən sonra indi bu fotolarla başqa seçimlərə gedə biləcəm. Bu, mənim gələcək işlərimə təsir göstərir. Burada da seçimlər olur. Sonra çəkiliş üçün dəvət olur. Bu, uzun bir prosesdir. Bu lahiyə üçün üç ay bundan əvvəl çəkilmişəm. Hər dəfə birgə işləyəndən sonra məndən razılıqlarını bildirirlər, təşəkkür edirlər.

Dilşad Əliyarlı: Bir model kimi iş təcrübəniz haqda nə deyə bilərsiniz. İşlədiyiniz adamlarla münasibətlərin necədir? Bu münasibətlər necə qurulur?

Rüstəm Cəbrayılov: Əvvəllər Giorgio Armani kimi dizaynerin kolleksiyaları üçün çəkilmiş bir modeli görəndə ona böyük şansı olan bir adam kimi baxırdın. Amma indi hər gün seçimlərə və çəkilişlərə gedirəm və həmin adamı artıq tanıyıram. İndi bir yerdə seçimlərə gedirik, ya da mənim artıq dostumdur. Elə olur ki, divar boyu yerləşdirilmiş böyük bir reklam görürəm, tanıyıram o modeli, mənim dostumdur, zəng edib onu reklamda gördüyümü deyirəm. Hər şey sadələşir. Tayms meydanında bilbord, ya da televiziyada reklam mənim üçün birinci dəfə olduğu üçün qeyri-adi görünür. Amma bir müddətdən sonra bunlar adiləşəcək. Mən Azərbaycanda uzun müddət çalışmışam. Reklamlarda, TV-də olmuşam. Indi burada bilbordlarda şəkillərim var. Bu, çox fərəhvericidir. Tayms meydanına 3-4 milyon insan gəlir. Bir azərbaycanlı kimi mənim üçün bu, böyük fəxrdir.

Dilşad Əliyarlı: Maykl Bastianın kolleksiyalarının nümayişi ilə yanaşı, məşhur amerikalı dizayner Kelvin Klaynın kolleksiyasının nümayiş etdirildiyi videoda çəkilmisiniz. Daha hansı dizaynerlərlə işləməyi planlaşdırırsınız? Bir də ən çox sevdiyiniz dizayner kimdir? Hansı dizaynerin geyimlərini nümayiş etdirmək istərdiniz?

Rüstəm Cəbrayılov: Mən iki dizaynerlə çox işləmək istərdim. Biri Ermenegildo Zegna, biri də Dior. Bu iki dizayner, bir də Tommi Hilfiger brendi ilə çalışmaq istəyirəm. Əgər bu şirkətlərlə çalışsam, mənə daha çox plyus olar. Çünki onların həm geniş reklamları var, həm nümayiş etdirdikləri fotolar mənim iş üslubuma uyğundur, bir də ki geyimlər çox xoşdur. Maykl Bastianın geyimlərinə söz ola bilməz. Onları nümayiş etdirmək fəxrdir. Amma bu brendlərlə də işləmək istəyərdim.

Dilşad Əliyarlı: Kişilərə geyimdə nə məsləhət görərdiniz? Model kimi həm eleqant, həm səliqəli, həm də modern görünmək üçün hansı geyimləri məsləhət görə bilərdiniz.

Rüstəm Cəbrayılov: Mən özümdən deyə bilərəm. Nyu-Yorkda yaşayıram, burada kim necə istəyir, kimə necə rahatdırsa elə də geyinir. Mən geyimin rahat olmasını xoşlayıram. Geyimin fərqi yoxdur mənim üçün, əgər rahatdırsa mən bu geyimdə şəhərə də çıxa bilərəm.

Azərbaycan mədəniyyəti Amerikada Türk festivallarında təmsil olunur

Posted October 3rd, 2012 at 1:32 pm (UTC-5)
Leave a comment

Sentyabrın 30-da Vaşinqtonda ənənəvi Türk festivalı keçirilib. 10-cu yubiley festivalını ABŞ paytaxtının, Virciniya və Merilend ştatlarının minlərlə sakini ziyarət edib.

Artıq bir neçə ildir ki, Türk festivalında Azərbaycan da stendlər və sərgilərlə təmsil olunur. Bu il də ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu Türk festivalında Azərbaycana həsr edilmiş sərgi ilə iştirak edib. Sərgini ziyarət edənlər Azərbaycanın mədəniyyəti və tarixinə dair kitablar və sənət nümunələri ilə tanış olublar.

Festivalın konsert proqramında isə ABŞ-da təhsil alan azərbaycanlı tələbələr İkram Cəlil və Şahin Ələkbərovun ifasında Azərbaycanın milli rəqsi təqdim edilib.

ABŞ-da fəaəliyyət göstərən diaspor təşkilatları Türk festivalının təşkilində və keçirilməsində artıq bir neçə ildir sponsor kimi iştirak edib. ABŞ azərbaycanlıların şəbəkəsi USAN və digər diaspor qrupları festivallara dəstək və yardım göstərib.

Türk festivalına dəstək bildirən böyük və kiçik biznes şirkətləri həm də burada reklam yerləşdirmək imkanı əldə edir. ABŞ-da yaşayan azərbaycanlılar da bu imkandan istifadə edərək, 10-cu Türk festivalında öz stendlərini nümayiş etdirib.

Amerikada yaşayan azərbaycanlı hüquqşünas İsmayıl Şaxtaxtinskinin hüquq-məsləhət şirkəti həm Türk festivalının sponsoru olub, həm də festivalda stendlə çıxış edib. Virciniya ştatında yaşayan azərbaycanlı daşınmaz əmlak agenti Ələsgər Fərhadovun da biznes stendi yerləşdirilmişdi.

Oktyabr ayında ABŞ-ın Texas ştatında keçiriləcək Türk festivalında da Azərbaycan geniş təmsil olunacaq. Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası şəhərdə ilk İpək Yolu festivalına sponsorluq edir. Festival Amerika və Avrasiyalıların Türkvaz Fondunun təşəbbüsü və dəstəyi ilə keçirilir.

Biznesmen və Yaxın Şərq üzrə ekspert Rob Subhani ABŞ Senatına seçkilərə qatılıb

Posted September 18th, 2012 at 9:35 am (UTC-5)
Leave a comment

Amerikada yaşayan azərbaycanlı biznesmen, Yaxın Şərq və Mərkəzi Asiya regionları üzrə ekspert Rob Subhani Merilend ştatından ABŞ Senatına üzv seçilmək üçün seçki kampaniyasına başlayıb.

Rob Subhani Merilend ştatının seçki komissiyasına 77 min imza toplayıb təqdim etdikdən sonra demokrat senator Ben Kardinin hazırda tutduğu yerə seçilmək üçün müstəqil namizəd kimi seçkiyə qatılıb.

Bundan öncə Rob Subhani 1996 və 2000-ci illərdə Respublikaçılar partiyasından ABŞ Senatına seçilmək üçün seçkilərdə iştirak etmişdi. Cənab Subhani bu dəfə seçkilərə müstəqil namizəd kimi qatılmasının səbəblərini mətbuata izah edib:”Mən müstəqil namizəd kimi seçkilərdə iştirak edirəm, çünki fikrimcə bizim siyasi sistem yararsız hala gəlib və hər iki siyasi partiya Amerika xalqının tənəzzül etməsinə imkan verib.”

Vaşinqtonda yerləşən Corc Taun universitetinin professoru olmuş Rob Subhani hazırda Xəzər Qrup Holdinq şirkətinin icraçı direktorudur.

Seçkilərdə müstəqil namizəd kimi cənab Subhani Senata seçilsə beş əsas prioritet məsələyə diqqət yetirəcəyini bildirib. Buraya Merilend ştatında istehsal edilən məhsulların ixracının artırılması, aşağı imkanlı məktəb şagirləri üçün təhsil imkanlarının genişləndirilməsi, ştatda yollar və körpülərin salınması, habelə Baltimor şəhərində müavinətlə evlərin inşası üçün fondların ayrılması kimi məsələlər daxildir.

Rob Subhani xərəng xəstəliyinə qarşı mübarizə proqramlarına dəstək verir. Seçki kampaniyası zamanı o, Cons Hopkins universiteti, habelə Merilend ştatının digər universitetlərində xərçəng xəstəliyinin müalicəsi məqsədilə araşdırmalar üçün 500 milyon dollar vəsaitin ayrılmasını təklif edir.

Rob Subhani biznesmen, təhlilçi və ekspert kimi karyerası boyu ictimai səhnədə fəal rol oynayıb. O, Vaşinqtonda Yaxın Şərq və Xəzər bölgəsi üzrə tanınmış ekspertlərdən biri hesab edilir. Rob Subhani ABŞ-da CNN, USA Today, Washington Post, Fox və MSNBC, habelə beynəlxalq media şirkətlərində təhlillərlə çıxış edir.

Capian Group Holding şirkətinin prezidenti kimi o, enerji, yeniləşən enerji mənbələri, infrastrukturun inkişafı və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən müxtəlif profilli beynəlxalq biznes şirkətləri qrupuna rəhbərlik edir. Cənab Subhani ABŞ-da yeni iş yerlərinin açılmasına imkan yaratmaq üçün Amerika məhsulları, xidmət növləri və texnologiyaların yeni bazarlara çıxarılması sahəsində ekspert kimi çıxış edir. O, iyirmi ildən artıqdır Amerika enerji şirkətlərinə qlobal enerji təhlükəsizliyi məsələləri üzrə məsləhətlər verir.

Doktor Subhani üç kitab müəəlifidir. Bunlardan biri ABŞ-da mühacirət, digər ikisi isə Yaxın Şərq mövzularında yazılıb.

Rob Subhani ABŞ-ın Kanzas ştatında anadan olub, Tehranda beynəlxalq məktəbdə təhsil alıb. Yaxın Şərqdə və Sovet İttifaqında yaşayan cənab Subhani üç dil bilir. O, ABŞ-ın Corc Taun universitetində siyasi iqtisad sahəsində doktorluq müdafiəsi edib.

Rob Subhani evlidir, iki övladı var.

Amerika azərbaycanlıları 11 sentyabr hadisələrini anır, terroru unutmamağa çağırır

Posted September 11th, 2012 at 4:06 pm (UTC-5)
Leave a comment

ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 2001-ci ildə Biriləşmiş Ştatlarda 11 sentyabr terror hücumlarının 11-ci ildönmünü qeyd edərək, hadisə qurbanlarının xatirəsini anır.

ABŞ azərbaycanlılarının şəbəkəsi USAN, Amerika-Azərbaycan Şurası və Amerika-Azərbaycan Cəmiyyətinin hadisələrin ildönümü münasibətilə verdiyi açıqlamalarda sentyabr hücumlarının Amerika tarixində ən dəhşətli hadisə olduğunu, Nyu-York, Vaşinqton və Pensilvaniyada hücumlarda 3 mindən çox insanın həyatını itirdiyini bildirir.

Diaspor təşkilatları eyni zamanda terrorizmi qınayaraq, Azərbaycanın 11 sentyabr hücumlarından sonra Birləşmiş Ştatlara qlobal terrorizmə qarşı mübarizədə dəstək verən ilk ölkələrdən biri olduğunu qeyd edib.

Azərbaycanın ABŞ-a terror hücumlarından sonra dərhal dəstək verməsinin təsadüfi olmadığını bildirən diaspor təşkilatları eyni zamanda, terrorun bütün formalarını qınayır və Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi nəticəsində çox sayda azərbaycanlının qətllərin qurbanı olduğunu vurğulayır.

Açıqlamalarda Azərbaycanın ABŞ-ın başçılığı ilə Əfqanıstanda və İraqda səylərə dəstək verən ilk ölkələr arasında olduğu, Kaliforniyanın San Diyeqo şəhərindən olan amerikalı azərbaycanlı, ABŞ-ın hərbi dənizçisi Murad Rəhimovun İraqda əməliyyatlar zamanı həyatını itirdiyi göstərilir.

Amerika azərbaycanlıları 11 sentyabr hücumları zamanı həyatını itirən insanların xatirəsini anaraq, terrorizmin bütün formalarını qınadığını bildirir və terrorizmin qarşısının alınmasına çağırır.

ABŞ-da fəaliyyət göstərən AZAD təşkilatı Ramil Səfərovun əfvi ilə bağlı vəziyyətlə əlaqədar Hillari Klintona məktub göndərib

Posted September 3rd, 2012 at 10:30 am (UTC-5)
Leave a comment

ABŞ-da fəaliyyət göstərən Azərbaycanlı Amerikalılar Demokratiya uğrunda (AZAD) təşkilatı Ramil Səfərovun ekstradisiyası ətrafında yaranmış vəziyyətlə bağlı Dövlət katibi Hillari Klintona açıq məktub göndərib. Təşkilatın sədri Elmar Şaxtaxtinskinin adından yazılmış məktubda ABŞ Dövlət Departamentinin Azərbaycan prezidentinin Ramil Səfərovun əfvi ilə bağlı dərin narahatlığını ifadə etdiyi bəyanatına münasibət bildirilib.

Məktubda deyilir ki, Dövlət Departamentinin Azərbaycanda insan hüquqları və demokratiyanın vəziyyəti ilə bağlı narahatlıqlar deyil, indiyə qədər ən ciddi bəyanatını rəsmi Bakının Ramil Səfərovun əfvi ilə əlaqədar açıqlaması erməni lobbisinin ABŞ xarici siyasətinə göstərdiyi təsirlə izah etməyə əsas verir.

Burada həmçinin başqa ölkədə məhkum olmuş xarici vətəndaşların ekstradisiyasının qeyri-adi bir praktika olmadığı deyilir və Türk hava yolları şirkətinin kassası qarşısında terror aktına görə Fransada məhkum olmuş Varujan Qarabediyanın Ermənistana ekstradiyası edilməsi və orada ölkə prezidenti tərəfindən qarşılandıqdan sonra polkovnik rütbəsi alması qeyd edilir.

Məktubda deyilir ki, ABŞ rəhbərliyinin Azərbaycan hökumətinə ən kəskin tənqidini demokratiya və insan haqları sahəsində vəziyyətlə bağlı deyil, Ramil Səfərovun məsələsilə əlaqədar ünvanlaması Dövlət Departamentinin Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan üçün həssas məsələlərə görə belə görünür daha çox narahatlıq keçirdiyini göstərir.

Məktub müəllifi ABŞ administrasiyasının Azərbaycanda seçki pozuntuları, dinc nümayişçilərə qarşı zorakı hücumlar, ölkədə həbslər, işgəncə halları, jurnalistlərin döyülməsi və öldürülməsi kimi məsələlərlə bağlı kəskin münasibət göstərməsini arzu edərək yazıb ki, ciddi reaksiya və təzyiq göstərilməsinə ehtiyacı olan məsələ Ermənistan-Azərbaycan münaqişəsi deyil, demokratiya və insan hüquqları məsələləridir. “Hazırda uzağı görməyən xarici siyasət kursu etnik erməni lobbisini müvəqqəti olaraq qane sala bilər, lakin bu, tamamilə yəqin ABŞ-ın Azərbaycanda və regionda maraqlarına xidmət etmir, ölkədə demokratik inkişafa zərər vurur, ABŞ-ın Azərbaycan xalqının gözündə nüfuzunu salır və Qarabağ probleminin həllini gələcəkdə daha da mürəkkəbləşdirir”-deyə məktub müəllifi fikrini tamamlayır.

Diaspor təşkilatı Ağ Evin Ramil Səfərovun ekstradisiyası ilə bağlı mövqeyinə etiraz edir

Posted September 1st, 2012 at 1:42 pm (UTC-5)
Leave a comment

ABŞ azərbaycanlılarının şəbəkəsi olan USAN təşkilatı Ağ Evin Ramil Səfərovun ekstradisiyası ilə bağlı mövqeyini qınayaraq, Amerika azərbaycanlılarını etirazını administrasiya nümayəndlərinin nəzərinə çatdırmağa çağırır.

Amerikada yaşayan azərbaycanlılara ünvanlıdığı müraciətdə USAN ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Tommi Vietorun avqustun 31-də açıqladığı bəyanatını qəbuledilməz adlandırıb.

Təşkilat zorakılığın bütün formalarını qınyaraq, müharibə və münaqişələrin sülh yolu ilə həllinə dəstəyini bildirməklə yanaşı, faktların da unuldulmamasına çağırır. Müraciətdə Ramil Səfərovun uşaq yaşlarında Ermənistan ordusu tərəfindən Azərbaycanın Qarabağ regionundan etnik təmizlənmə nəticəsində çıxarıldığı və bir qaçqın kimi zorakılıq, qətllər və təcavüzün bütün dəhşətlərinin canlı şahidi olduğu qeyd edilir.

USAN Ağ Evin 2001-ci il aprelin 23-də Fransada Orli şəhərində səkkiz nəfərin ölümülə nəticələnmiş hücuma görə məsuliyyət daşıyan Varujan Qarabediyanın Ermənistana ekstradisiya edilməsi və Ermənistan prezidenti tərəfindən qəhrəman kimi qarşılanmasına münasibət bildirməməsinin səbəbini sual edir.

Müraciətdə eyni zamanda Ağ Evin Xocalı faciəsinin ildönümü ilə əlaqədar bəyanat vermədiyi də qeyd edilir. USAN Amerika azərbaycanlılarına müraciətində ikili standartların əks təsiri olduğunu bildirir və Ağ Evi əsas diqqəti iqtisadiyyat kimi daxili problemlərə verməklə yanaşı, eyni zamanda Azərbaycan kimi müttəfiq ölkələri də narazı salmamağa çağırır.

Avqustun 31-də ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Tommi Vietor Ramil Səfərovun əfv edilməsi haqda bəyanat yayıb. Sənəddə prezident Barak Obamanın Azərbaycan prezidentinin Ramil Səfərovu əfv etməsi barədə qərarı ilə bağlı narahatlığı ifadə edilib və narazılıq bildirilib. Bəyanatda ABŞ hökumətinin Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsinə dair qərarı ilə bağlı Macarıstandan da izahat istədiyi bildirilir.

Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun avqustun 31-də Azərbaycana ekstradisiya və Azərbyacan prezidenti İlham Əliyev tərəfindən əfv edilməsindən sonra ABŞ Dövlət Departamenti də mətbuat üçün açıqlama verib.

Dövlət Deapartamentinin mətbuatla əlaqələr üzrə ofisinin nümayəndəsi Patrik Ventrel tərəfindən açıqlanan sənəddə Birləşmiş Ştatların Macarıstandan ekstradisiya edilərək Azərbaycana qayıdan Ramil Səfərovun əfv edilməsindən sonra narahatlıq hissi keçirdiyi bildirir. Sənəddə deyilir ki, ABŞ bu addımla bağlı Azərbaycana öz narahatlığını çatdırıb və hökumətdən izahat istəyib. Dövlət Departamenti Macarıstan tərəfdən də Ramil Səfərovun Azərbaycana ekstradisiya ilə bağlı detalları öyrənmək istədiyini bəyan edib.

Ramil Səfərov avqustun 31-də Macarıstandan Azərbaycana ekstradisiya edildikdən sonra Azərbaycan prezidenti İlham Əliyev tərəfindən əfv edilib.

ABŞ senatoru Xocalı faciəsinin tanınması səylərinə dəstək verib

Posted August 7th, 2012 at 11:49 am (UTC-5)
1 comment

ABŞ-ın Şimali Karolina ştatını təmsil edən senator Key Heyqan Amerikada fəaliyyət göstərən diaspor təşkilatlarının Xocalı qırğınının tanınması ilə bağlı məktub kampaniyasına dəstəyini bildirib.

Azərbaycan və türk diaspor təşkilatlarının üzvlərinə ünvanladığı məktubda senator Xocalı faciəsinin Konqres səviyyəsində soyqırım kimi tanınması ilə bağlı məsələnin onun diqqətinə çatdırılmasına görə razılığını ifadə edib.

“1992-ci ildə fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğını baş verib. Bu, kütləvi qırğın həm də Xocalı soyqırımı adlandırılır”-deyə senator qeyd edib.

Senator Hoqan ABŞ hökumətinin mülki vətəndşalara qarşı kütləvi qətliamların qarşısının alınması ilə bağlı kursunun müəyyən edilməsinin vacibliyni vurğulayıb. O, 2010-cu ildə soyqırım və mülki vətəndaşların kütləvi şəkildə qətlinin qarşısının alınmasının ABŞ-ın milli maraqlarında olduğuna dair Konrqesin 71 saylı qətnaməsinin ABŞ Senatına təqdim edildiyini bildirib. Eyni ildə dekabr ayında Senatda qəbul edilmiş qətnamə bu məqsədlərə nail olmaq üçün Obama administrasiyasını fəaliyyət göstərməyə çağırır.

Senator Heyqan bildirir ki, Senatda Xocalı qətliamının tanınmasına və Ermənistanı bu faciəyə, habelə Dağlıq Qarabağ müharibəsi dövrü digər zorakılıq aktlarına görə məsuliyyəti üzərinə götürməsinə çağıran xüsusi bir qanunvericilik layihəsi olmasa da, Senatın qəbul etdiyi 71 saylı qətnamə soyqırım və kütləvi qırğınların qınanması və əvvəllər kütləvi şəkildə qətlə yetirilmiş insanların xatirəsinin anılması kimi bir borcun olduğunu xatırlatmaq istiqamətində mühüm bir addımdır.

Demokrat senator Key Heyqan 12 ildir ABŞ Senatında Şimali Karolina ştatını təmsil edir.

Xocalıda və Srebrenitsada baş vermiş kütləvi qırğınların tanınması ilə bağlı məktub kampaniyası ABŞ-da və Kanadada fəaliyyət göstərən Amerika-Azərbaycan Şurası və Pax Turcica institutunun təşəbbüsü, habelə Amerika-Azərbaycan Cəmiyyəti, Türk-Amerika Assosiasiyalar Birliyi və Türk-Amerika Assosiasiyalar Federasiyasının dəstəyi ilə keçirilib.

Azərbaycanlı rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” sərgisi Florida ştatında nümayiş etdirilib

Posted July 22nd, 2012 at 3:14 pm (UTC-5)
Leave a comment

Florida ştatının Mayami şəhərində Azərbaycanlı rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” sərgisi nümayiş etdirilib.

Ağdamın işğalının 19-cu ildönümünə həsr edilmiş tədbir çərçivəsində keçirilmiş sərgidə ABŞ-da yaşayan Azərbaycan icmasının üzvləri və yerli rəsmi idarələrin nümayəndələri iştirak edib.

“Könlüm keçir Qarabağdan” sərgisi ilk dəfə olaraq ABŞ-ın Qarabağ Fondunun dəstəyi ilə paytaxt Vaşinqtonda göstərilib. Qarabağ Fondundan təklif alan rəssam sərgi üçün yeni şəkillər çəkmək qərarına gəlib və sərginin adını Səməd Vurğunun ölməz “Azərbaycan” şerinin misralarından götürüb.

Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi nəticəsində hazırda Ağdama gedə bilməyən Yavər Rzayev doğma torpağa xəyallarında və rəsmləri vasitəsilə səfər etdiyini deyir.

“Xəyalımda bir saniyənin içində uçdum Qarabağın üzərindən. Səməd Vurğunun hələ 5 yaşından əzbərlədiyim Azərbaycan şerindən parçanı düşündüm.

Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan,
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.

Bu misralarla xəyalım getdi Qarabağa. Uşaqlıq illəri məktəbimin pəncərəsindən gördüyüm Şahbulaq dağı, evimizdən piyada üç dəqiqəyə getdiyimiz Natəvan xanımın imarəti, Pənah xanın məqbərəsi, hamısı bir-bir xəyalımda canlandı. Qarabağı Cıdır düzü, Əsgəran qalası olmadan təsəvvür etmək mümkün deyil. Eskizlər üzərində işlədim və Qarabağ Fonduna da bildirdim ki, sərgi yeni əsərlərdən ibarət olacaq. Mövzu da Qarabağ mövzusudur.”

Əslən Ağdam şəhərindən olan Yavər Rzayev 2000-ci ildən ABŞ-da yaşayır. Onun rəsm əsərlərindən ibarət sərgiləri Amerikanın bir sıra şəhərlərində nümayiş etdirilib.

Yavər Rzayev Amerikada rəssam, dizayner, memar kimi fəaliyyət göstərir. Yaşadığı Delaver ştatının Rehoboth Biç şəhərinin sakinləri Yavər Rzayevin tikdiyi və dizayn etdiyi evləri yaxşı tanıyır. Ştatın və şəhərin qəzetlərində dəfələrlə Azərbaycanlı rəssam haqda məqalələr dərc olunub.

Amerikada yaşayan azərbaycanlı rəssamın sərgisi ABŞ və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi işinə daha bir töhfədir.

Yavər Rzayevin Vaşinqtonda “Könlüm keçir Qarabağdan” sərgisində Amerikanın səsinə müsahibəsini aşağıdakı videoda izləyə bilərsiniz.

Nadia Şərifi: Azərbaycanı milli geyimlərlə tanıdıram

Posted July 12th, 2012 at 2:42 pm (UTC-5)
Leave a comment

 

 

May ayında Nyu-Yorkda BMT-nin Baş katibi Ban Ki Munun xanımının dəstəyi ilə Çin səfirliyində dünya xalqlarının milli geyimlərinin şousu keçirilib. Təxminən 30 ölkənin iştirak etdiyi şouda nümayiş etdirilən Azərbaycan milli geyimləri ziyarətçilərinin xüsusi rəğbətini qazanmışdır.

Azərbaycan milli geyimlərinin nümayiş etdirilməsi Nyu-Yorkda yaşayan Nadia Şərifinin səyləri nəticəsində mümkün olmuşdur. Artıq bir neçə ildir Nyu-York şəhərinin ən prestijli univermaqlarından biri olan Neiman Marcus ticarət evində menecer işləyən Nadia xanım Azərbaycan milli geyimlərinin tikilişi ilə məşğul olur. Yaratdığı milli geyimlərin heç biri o birinə bənzəmir. Nadia xanım üçün bu biznes deyil, yaradıcı işdir, özü də deyir ki, bunu Azərbaycanı tanıtmaq üçün edir. Nadiya Şərifi Azərbaycan icmasının fəal üzvüdür, Azərbaycan Nyu-York Assosiyasında (ANA) çalışır. Nadiya Şərifi ilə söhbəti təqdim edirik.

Dilşad Əliyarlı: Nadiya xanım sərgiyə geyimlər haradan gətirilmişdi, onların hamısını siz hazırlamışdınızmı?

Nadia Şərifi: Özüm tikmişəm. Mən üç il bundan əvvəl ilk paltarı tikdim, mən özüm dərzi deyiləm. Bunu Azərbaycan üçün etmişəm. Bu, həmişə mənim qəlbimdədir.

Dilşad Əliyarlı: Nadiya xanım parçalar və sapları haradan alırsınız. Bunların tikilişi çox mürəkkəbdir.

Nadia Şərifi: Mən əvvəl özüm üçün bir paltar tikdim. Amma sonra hamının xoşu gəldi. “Soydaş” ansamblı ilə danışdım, onlar da bəyəndilər və dedilər ki, bir-iki paltar da tik. Mən razılaşdım. Parçaları tapmaq çox çətindir. Parçanın və sapların hərəsini bir yerdən almışam. Hindistanda tanışlarım var, onlara zəng etmişəm ki, materailları, üstü daşlı parçaları mənə oradan gətirsinlər.

Dilşad Əliyarlı: Nadia xanım bir donun, bir milli geyimin tikilişi təxminən nə qədər vaxt aparır?

Nadia Şərifi: Təxminən üç ay, dörd ay. Çünki bütün iş əllə görülür, maşın bu tikişləri götürmür, iynə sına bilər. Ona görə də gördüyünüz daşların hamısını əllə qoymuşam parçanın üzərinə.

Dilşad Əliyarlı: Nadiya xanım parçalar və sapları haradan alırsınız. Bunların tikilişi çox mürəkkəbdir.

Nadia Şərifi: Mən əvvəl özüm üçün bir paltar tikdim. Amma sonra hamının xoşu gəldi. “Soydaş” ansamblı ilə danışdım, onlar da bəyəndilər və dedilər ki, bir-iki paltar da tik. Mən razılaşdım. Parçaları tapmaq çox çətindir. Parçanın və sapların hərəsini bir yerdən almışam. Hindistanda tanışlarım var, onlara zəng etmişəm ki, materailları, üstü daşlı parçaları mənə oradan gətirsinlər.

Dilşad Əliyarlı: Nadia xanım bir donun, bir milli geyimin tikilişi təxminən nə qədər vaxt aparır?

Nadia Şərifi: Təxminən üç ay, dörd ay. Çünki bütün iş əllə görülür, maşın bu tikişləri götürmür, iynə sına bilər. Ona görə də gördüyünüz daşların hamısını əllə qoymuşam parçanın üzərinə.

Dilşad Əliyarlı: Nadiya xanım bir də soruşmaq istəyirəm ki, geyimlərin dizaynı və modelini haradan alırsınız. Geyimləri şəkillər əsasındamı hazırlayırsınız?

Nadia Şərifi: Hamısını özüm dizayn etmişəm. Öz fikrimə əsasən etmişəm, heç bir yerə də baxmamışam, çünki donlara baxsanız biro birinə bənzəmir. Heç birisini kopya etmişəm. Hər bir donun özünəməxsus cəhətləri var. Donların rəngləri, modeli və kəsimi bir-birinə oxşamır. Ona görə ki, hər biri mənim öz dizaynımdır. Heç yerə də də baxmıram. İnternetdə də görə bilərsiniz ki, donlar arasında eynisini tapa bilməzsiniz.

Dilşad Əliyarlı: Milli geyimlərə hər zaman maraq olub. Bu işi biznesə çevirməyi düşünürsünüzmü? Sizə biznes təklifləri ilə müraciət edənlər olubmu?

Nadia Şərifi: Moda şousunda mənə çox sayda müraciət oldu, onlar üçün dizyan etməyi təklif etdilər. Amma mən hazırladığım kolleksiyaya qiymət qoya bilmərəm. Mən bu donları satmaq istəmirəm və bu işə biznes kimi baxmıram. Bu işdən pul qazanmaq ağlımdan keçmir. Fikirləşirəm ki, belə olsa geyimlərin dəyəri aşağı düşər. Bu geyimlərin mənim üçün daşıdığı məna çox böyükdür. Bu, bizim milli geyimimizdir. Bu geyimlərin bazara çıxarılmasını istəmirəm. Onlar eksklüzivdir, bizim özümüz üçündür. Mən istəyirəm ki, hər yerə gedəndə bu geyimlərlə Azərbaycan mədəniyyətini göstərim. Bir dəfə geyimləri işə apardım iş yerimə. Onlar əslində Azərbaycanın harada olduğunu bilmirdilər. Mən milli kostyumlarımız vasitəsilə Azərbaycan haqda məlumat verirəm, onlar mənə Azərbaycan dili, tarixi, geyimləri haqda suallar verirlər. Mənim məqsədim budur. Bu kostyumlardan pul qazanmaq mənim məqsədim deyil.

Dilşad Əliyarlı: Nadiya xanım bir sualım budur ki, milli kostyumları harada saxlayırsınız. Müasir geyimdən fərqli olaraq bu donlar yəqin ki çox yer tutur.

Nadia Şərifi: Evdə saxlayıram. Onlar mənim üçün çox əzizdirlər. Bunlar adi geyimlər deyil. Onlar mənimlə danışır. Bu donla mənim üçün çox əzizidir və mən onları yanımda saxlayıram. Bir tədbir olsa, məndən onları istəsələr, aparıb verərəm, amma yanımda saxlayıram.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>